Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub.
Yenicag.az xəbər verir ki, son oyunda “Zirə” ilə “Qarabağ” üz-üzə gəliblər.
Komandalar Zirə İdman Kompleksinin stadionunda qarşılaşıblar. Premyer Liqada iştirak etdiyi 2015-ci ildən bəri “Qarabağ” üzərində qələbə üzü görməyən qəsəbə təmsilçisinin həsrəti 30-cu görüşdə də davam edib.
Matçın taleyini son dəqiqələrdə vurulan avtoqol həll edib. Qismət Alıyevin 87-ci dəqiqədə topu öz qapısından keçirməsi sayəsində “Qarabağ” səfərdə 1:0 hesablı qələbə qazanıb.
Bu nəticədən sonra xallarının sayını 61-ə çatdıran “Qarabağ” liderliyini möhkəmlədib. “Zirə” isə 32 xalla dördüncü pillədə qərarlaşıb.
Turun əvvəlki oyunlarında “Kəpəz” “Şamaxı”nı (3:2), “Qəbələ” “Sumqayıt”ı (2:1), “Neftçi” “Səbail”i (3:0) öz meydanında, “Turan Tovuz” isə “Sabah”ı (2:0) səfərdə məğlub edib.
Qeyd edək ki, Premyer Liqada XXIV turun oyunları fevralın 24-27-si aralığında keçiriləcək.
www.yenicag.az