11 il ərzində 10 kişiyə ərə getdi
Çoxərlilikdə günahlandırılan amerikalı qadın məhkəmə qarşısına çıxarılacaq. ANS PRESS-in məlumatına görə, Nyu-York ştatının Manxettena şəhərinin sakini Liana Barrientos 10 kişiyə ərə gedib və bir dəfə də olsun boşanmayıb.
39 yaşlı qadın 11 il müddətində 10 kişi ilə nikaha girib. Hazırda Liana nikah haqqında şəhadətnamə alarkən yalan məlumat verməkdə və saxta nikah şəhadətnamələri əldə etməkdə ittiham edilir. Hər maddəyə görə onu 4 il azadlıqdan məhrum etmə cəzası gözləyir.
Liana Barrientos 2010-cu ildə növbəti əri ilə nikaha girərkən VVAQ əməkdaşlarında şübhə yaradıb. Qadın bu kişinin ilk və sonuncu, hətta yeganə əri olduğunu iddia etsə də, polis onun adına verilmiş daha 9 nikah şəhadətnaməsini tapıb üzə çıxarıb. Hətta bu nikahların 6-sı 2002-ci ilin 6 ayı ərzində rəsmiləşdirilib. Çoxərli qadının birinci nikahı 1999-cu ildə qeydiyyata alınıb.
Polis bu qədər kişinin qadına nə üçün lazım olduğunu və əgər lazım idisə belə niyə hamısı ilə rəsmi nikaha girdiyini bilmir. Ehtimal edilir ki, Liana nikah fırıldağı ilə öz çoxsaylı ərlərinə Amerika vətəndaşlığı almağa kömək edib. Əlbəttə ki, pul qarşılığında…