Xəbər verdiyimiz kimi, tanınmış alim və ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor İsmayıl Əli oğlu İbrahimov vəfat edib.
Azərbaycan hökuməti başda prezident İlham Əliyev olmaqla nekroloq imzalayıblar.
Nekroloqda deyilir:
“İsmayıl İbrahimov 1915-ci il dekabr ayının 31-də Azərbaycanın Ordubad şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1930–1935-ci illərdə Bakı şəhərində Sənaye Politexnik Texnikumunun mexanika fakültəsində oxumuş, 1935–1941-ci illərdə isə Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsində ali təhsil almışdır.
1941-ci ildə Azərbaycan Baş Energetika İdarəsində əmək fəaliyyətinə böyük mühəndis olaraq başlayan İsmayıl İbrahimov elə həmin il ordu sıralarına çağırılaraq 1942-ci ilədək Budyonnı adına Hərbi-Elektrotexniki Rabitə Akademiyasında təhsil almışdır. O, döyüşən ordu sıralarına göndərilmiş və cəbhədə bacarıqlı hərbi mütəxəssis kimi fərqlənərək batalyon komandirliyinə qədər yüksəlmişdir.
İsmayıl İbrahimov İkinci Dünya müharibəsindən qayıtdıqdan sonra 1946–1988-ci illərdə Azərbaycan Sənaye İnstitutunda baş laborant, assistent, baş müəllim, dosent, professor və kafedra müdiri işləmişdir. O, 1960–1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun rektoru vəzifəsini tutmuşdur. 1970-ci ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilən İsmayıl İbrahimov 1978-ci ildə yenidən Azərbaycan Neft və Kimya İnstitutunun rektoru təyin olunmuş və 1988-ci ilədək həmin vəzifədə çalışmışdır. O, 1997-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır.
İsmayıl İbrahimov 1952-ci ildə texniki elmlər üzrə namizədlik, 1964-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmiş, 1968-ci ildə isə professor adını almışdır. O, elə həmin ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Akademik İsmayıl İbrahimov uzun illər ərzində səmərəli elmi fəaliyyəti sayəsində Azərbaycanda kibernetika, idarəetmə sistemləri, avtomatlaşdırma və informasiya texnologiyalarının inkişafında mühüm xidmətlər göstərmişdir. Alim özünün çoxillik elmi yaradıcılığı ilə ölkədə neftayırma, neft-kimya emal qurğu və proseslərinin kompleks avtomatlaşdırılması üzrə sxemlərin işlənib hazırlanaraq sənayedə tətbiqi işinə töhfələr vermişdir. Bu tədqiqatlar istehsalatın səmərəliliyinin yüksəldilməsi üçün lazımi zəmin yaratmışdır. İsmayıl İbrahimov 140-dan artıq elmi əsərin, o cümlədən 20-dək monoqrafiyanın, elmi-metodiki vəsait və dərsliklərin müəllifi idi. Alimin rəhbərliyi altında 40-dan çox fəlsəfə və elmlər doktorları hazırlanmışdır. O, bir sıra mötəbər beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları ilə ölkə elmini layiqincə təmsil etmişdir.
İsmayıl İbrahimov elmi yaradıcılığını pedaqoji fəaliyyəti ilə ahəngdar şəkildə əlaqələndirmişdir. Alim respublikada və onun hüdudlarından kənarda tanınan mötəbər bir ali təhsil ocağına rəhbərlik etdiyi illər ərzində neftçi kadrların yetişdirilməsi və Azərbaycanın “neft akademiyası” kimi şöhrətinin artırılmasında böyük xidmətlər göstərmişdir.
İsmayıl İbrahimovun ictimai fəaliyyəti də zəngin və təqdirə layiqdir. O, bir neçə çağırış Azərbaycan və SSRİ Ali Sovetinin deputatı seçilmiş, uzun müddət Azərbaycan Uşaq Fondunun İdarə Heyətinin sədri olmuşdur. Alimin fədakar əməyi yüksək qiymətləndirilmişdir. O, müxtəlif orden və medallar almış, müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən olan “Şərəf” ordeninə layiq görülmüşdür.
Tanınmış ictimai xadim, alim və pedaqoq İsmayıl Əli oğlu İbrahimovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Akif Əlizadə
Mikayıl Cabbarov
Arif Mehdiyev
Arif Paşayev
İsa Həbibbəyli
Tofiq Nağıyev
İbrahim Quliyev
Rasim Əliquliyev
Telman Əliyev
Maqsud Əliyev
Çingiz Qacar
Mustafa Babanlı”.
www.yenicag.az