“Bakı şəhərində taksi fəaliyyəti ilə əsasən, özəl sektor məşğul olur”.
Yenicag.az “APA-Economics”ə istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.
Onun sözlərinə görə, taksi fəaliyyətində şəffaflıq təmin olunub: “Belə ki, taksi fəaliyyəti üçün fərqlənmə nişanı almaq istəyən hüquqi və fiziki şəxslər müraciət etdikdən 5-10 dəqiqə ərzində fərqlənmə nişanı ilə təmin olunurlar. Hazırda şəhərdə 79 taksi dayanacaq məntəqəsinin yeri müəyyən edilib və 150-nin təşkili üzrə işlər aparılır”.
Baş direktor vurğulayıb ki, Bakı şəhərinin dünyanın cəlbedici turizm mərkəzlərindən birinə çevrilməsini, çoxsaylı turist axınını və şəhər barədə ilk təsəvvürün məhz hava limanından yaranmasını nəzərə alaraq, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında xarici qonaqlara, ölkə vətəndaşlarına göstərilən taksi xidmətinin keyfiyyətinin artırılması məqsədilə, “Airporttaxi” konsepsiyası hazırlanıb, hava limanında xidmət edən taksilərə və onların sürücülərinə dair xüsusi tələblər müəyyən edilib: “Hazırda bu istiqamətdə “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə birlikdə işlər görülür”.
www.yenicag.az