Dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 19 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.
Yenicag.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov komitənin 2019-cu ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında deyib.
Sədr müavini bildirib ki, 2019-cu ilin ilk 6 ayı ərzində dini icmaların dövlət qeydiyyatına alınması prosesi davam etdirilərək ümumi sayı 940-a çatıb. İcmalardan 907-i İslam, 33-ü qeyri-islam təmayüllüdür. Hesabat dövründə ümumilikdə 32 dini icma (31-i İslam, 1-i qeyri-islam təmayüllü) dövlət qeydiyyatına alınıb.
G.İsmayılov vurğulayıb ki, komitə tərəfindən hesabat dövründə radikal, qeyri-ənənəvi və milli kimliyimizə zidd təbliğat aparan dini təriqətlərin təlimlərini yaymaq, tərəfdarlarını artırmaq, dini fəaliyyət sahəsində cərəyan edən proseslərə təsir etmək məqsədilə dini ədəbiyyatın ölkəyə idxalına, çapına və yayılmasına xüsusi önəm verdiklərini nəzərə alaraq, bu istiqamətdə qabaqlayıcı tədbirlər həyata keçirilib:
“Ölkədə dini ayrı-seçkilik və qarşıdurma meyillərinin yayılmasına rəvac verilməməsi, dini dözümlülük mühitinə mənfi təsir göstərə biləcək ədavəti, nifrəti, ekstremizmi və radikallığı təbliğ edən dini təyinatlı ədəbiyyatın xaricdən ölkəyə gətirilməsi və nəşrinin qarşısının alınması məqsədilə müvafiq işlər görülüb və ümumilikdə idxalla bağlı 2019-cu ilin yanvar-iyun ayları ərzində Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında 1452 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 19 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Ölkədə nəşr olunmaq məqsədilə təqdim edilmiş 104 adda dini ədəbiyyata baxılaraq, onlardan 6-sının çapı məqsədəuyğun sayılmayıb”.
www.yenicag.az