2 milyon sələm verən Tağı Əhmədovun hakim oğlu haqqında İTTİHAMLAR
Xəbər verildiyi kimi “Bakı Metropoliteni”nin sabiq rəisi Tağı Əhmədovun 2 milyon manat pulunu sələmə verərək qazanc əldə etməkdə adı hallanır. T.Əhmədovun mərmər biznesi ilə məşğul olan şəxslərə faizlə pul verdiyi iddia olunur.
Qazaxıstandan Azərbaycana mərmər gətirilməsi ilə məşğul olan Səadət Xəlilov, Sahil Abuşov və Qulu Muxtarov hazırda dələduzluqda ittiham olunurlar və onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Zərərçəkmiş şəxs isə Tağı Əhmədovun yaxın dostu, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevdir.
Qeyd edək ki, növbəti məhkəmə prosesi bu gün saat 17.00-a təyin edilib.
Moderator.az-ın əməkdaşı bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində olub. Prosesdən öncə təqsirləndirilən şəxs Səadət Xəlilovun oğlu Vüsal Xəlilov Tağı Əhmədov və oğlu Nizami rayon Məhkəməsinin hakimi Rauf Əhmədov haqqında sensasion açıqlamalarda bulunub. V. Xəlilov bildirib ki, 2 milyon manatın 200 min manatdan çoxunu sələm şəklində qaytarıblar və hər dəfə də sələmi Tağı Əhmədovun hakim işləyən oğluna verib. Bu azmış kimi Rauf Əhmədov istintaq və məhkəmənin gedişinə təsir etmək gücündə olduğunu da təqsirləndirilən şəxsin oğlu ilə görüşlərində dilə gətirib.