Dünyanın bir çox ölkəsində hələ də uğurla davam etdirilən “Milyonçu” telelayihəsi həm də orada yaşanan kuryoz hadisələrlə yadda qalıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, layihənin Almaniya versiyasına qatılan Jan Stroh adlı iştirakçı bütün sualların cavabını taparaq, böyük mükafatı qazanıb.
Ancaq Strohu bu mükafata aparan yolun maraqlı tarixçəsi var. Düz 20 il gözlədikdən sonra həyatdakı ən böyük məqsədinə çatan Stohun uğur hekayəsini təqdim edirik:
Hüquqşunas olan Jan Stroh 35 yaşındadır və Almaniyanın Hamburg şəhərində yaşayır. Almaniyada “Wer wird Millionar” adı ilə yayımlanan “Kim milyonçu olmaq istəyir?” verilişində iştirak etmək üçün dəfələrlə müraciət etsə də, hər dəfə rədd cavabı alıb.
Ancaq o, yorulmadan cəhdlərini davam etdirib və “ən sadiq yarışmaçı” adını qazandıqdan 20 il sonra nəhayət, verilişə çağırılıb. Stroh bu yarışmada qalib olmaq üçün öz üzərində çox çalışıb. Bəs verilişə necə hazırlaşıb? Stroh oyuna buraxılmazdan əvvəl 15 il ərzində verilişin köhnə çəkilişlərini bir-bir izləyib.
Bu, təxminən 1407 veriliş edir. Beləliklə, həm yarışmanın formatını anlayıb, həm də sualların mahiyyətini qavrayıb. Verilişin bütün köhnə çəkilişlərini izləməklə yanaşı, evinin yuxarı mərtəbəsində yarışma studiyası qurub və verilən sualları dəfələrlə cavablandırıb.
Hətta studiyasında suallardan sonra gələn səs və alqış effektlərini də hazırlayıb. Lakin Strohun ən böyük qorxusu aparıcı Herr Jauchun qarşısında oturarkən, həyəcandan özünü itirmək ehtimalı olub.
Stroh bu qorxunu dəf etmək üçün aparıcının evində yaşadığını özünə aşılayaraq, həyəcanını boğa bilib. Bununla da, yarışda 500 avroluq sualı cavablandırdıqdan sonra bir qədər rahatlanıb. Bütün gücünü sərf edən Stroh, nəhayət, istədiyi yerə qədər gəlib və 1 milyon avroluq sualı açdırıb.
Həlledici sual isə belə olub: “Qrimm qardaşlarının hansı nağılı “Biri varmış, biri yoxmuş” sözləri ilə başlamır?” Stroh suala verdiyi “Şanslı Hans” cavabı ilə böyük mükafatın sahibi olub.
Qeyd edək ki, Almaniyada yayımlanan yarışmada Strohun iştirak etdiyi veriliş 6 milyon insan tərəfindən maraqla izlənib. Stroh böyük mükafatı qazandıqdan sonra hüquqşunas peşəsindən imtina etmədiyini və əldə etdiyi böyük pullarla qarderobunu yeniləyəcəyini, Avstraliyaya tətilə gedəcəyini və xeyriyyəçiliklə məşğul olacağını açıqlayıb.
Firuzə Alimova
www.yenicag.az