Prezident İlham Əliyevin Fərman və Sərəncamları bütün həssas qruplara, o cümlədən 20 Yanvar hadisələri zamanı Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının ailələrinə və həmin hadisələrlə əlaqədar əlilliyi olanlara dövlət qayğısının əhəmiyyətli şəkildə artırılmasına imkan verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, bunu nazirlikdə 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri, aidiyyəti ictimai birliklərin nümayəndələri ilə görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.
Nazir müavini bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların pensiya və müavinətlərinin, şəhid ailələri üçün Prezidentin aylıq təqaüdlərinin artırılması sahəsində atılan mühüm addımları qeyd edib. Nazirlikdə ictimai iştırakçığın təmin olunmasına xüsusi önəm verildiyini qeyd edən A.Kərimov həssas qrupların sosial təminatının gücləndirilməsi məqsədilə normativ hüquqi aktların hazırlanmasında qeyri-hökumət təşkilatlarının da iştirakının təmin ediliyini deyib.
Görüş iştirakçıları əlilliyi olan şəxslərə və şəhid ailələrinə Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğıdan razılıqla bəhs edib, dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər. Onlar dövlət tərəfindən 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin də mənzillə, eləcə də bu hadisələrlə əlaqədar əlilliyi olan şəxslərin minik avtomobilləri ilə təmin olunduqlarını, sosial müavinət və təqaüdlərinin, pensiyalarının mütəmadi olaraq artırıldığını bildiriblər. Digər tərəfdən qanunvericilikdə onlar üçün nəzərdə tutulan güzəşt və imtiyazlardan bəhs ediblər.
Görüşdə əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi ilə bağlı təkliflər də səsləndirilib.
www.yenicag.az