200 nəfər işlə təmin olunacaq
“Azerbaijan Fibro Cement” Məhdud Məsuliyyətli Cəmiyyətinə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “Azerbaijan Fibro Cement” MMC “Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə müraciət etmişdi. Bununla da Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 4 olub.
“Azerbaijan Fibro Cement” MMC sənaye parkının ərazisində lifli sement (fibro-sement) lövhələri istehsal edəcək. Layihə çərçivəsində ildə 6 mln. m2 fasad üçün düz lövhələr və dam örtükləri istehsal edən zavod da inşa ediləcək. Ən müasir avadanlıqlarla və innovativ texnologiyalarla təchiz ediləcək zavodda 150-200 nəfərin işlə təmin olunması nəzərdə tutulur. İstehsal olunacaq məhsulların daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici ölkələrə ixracı da planlaşdırılır. Yeni yaradılan müəssisənin layihələndirilməsi, müasir avadanlıqlarla və qabaqcıl texnologiyalarla təchiz olunması Avropanın bu sahədə aparıcı şirkətlərindən olan Avstriyanın “MFL” şirkəti tərəfindən təmin ediləcək.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən azad olunurlar.
(anspress.com)