2015-ci ilin dövlət büdcəsi müzakirə olunacaq
2015-ci il üçün dövlət büdcəsinin gəlirləri 19,438 milyard manat səviyyəsində proqnozlaşdırılıb ki, bu da ÜDM-in 32,5 faizini təşkil edir. Dövlət büdcəsinin xərcləri isə 21,1 milyard manat (35,3 faiz) həcmində olacaq. Bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, Aqrar siyasət, Sosial siyasət, Təhlükəsizlik və müdafiə, Təbii Ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında 2015-ci il üzrə dövlət və icmal büdcələri layihələrinin müzakirəsi zamanı bildirib.
2015-ci ildə dövlət büdcəsinin kəsiri 1,7 milyard manat həcmində proqnozlaşdırılır.
Nazirin qeyd etdiyi kimi, dövlət büdcəsinin parametrləri neftin bir barelinin qiymətinin 90 dollar olması nəzərə alınaraq formalaşdırılıb.
Büdcə gəlirləri 2014-cü ilin gözlənilən göstəriciləri ilə müqayisədə 5,7 faiz artacaq, 2013-cü ilin faktiki göstəriciləri ilə müqayisədə isə 0,3 faiz azalacaq. Dövlət büdcəsinin xərcləri 2014-cü illə müqayisədə [gözləntilər nəzərə alınmaqla] 5,2 faiz, 2013-cü illə müqayisədə isə 10,2 faiz artacaq.
Gələn il ümumi büdcə daxilolmalarında neft sektorunun payının 2014-cü ildə gözlənilən 66 faizə nisbətdə 65,3 faizədək azalacağı gözlənilir. 2013-cü ildə isə bu göstərici 73,1 faiz təşkil edib.
Gəlirlərin strukturunda Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7,112 milyard manat səviyyəsində gözlənilir (2014-cü ilin gözlənilən göstəriciləri ilə müqayisədə 0,1 faizlik artım), Dövlət Gömrük Komitəsi – 1,59 milyard manat (5,3 faiz artım), Dövlət Neft Fondu – 10,388 milyard manat (11,3 faiz), dövlət əmlakının icarəsi – 7 milyon manat (40 faiz), büdcə təşkilatlarının büdcədənkənar gəlirləri – 300 milyon manat, digər gəlirlərdən isə 41 milyon manat təşkil edəcək.
Büdcə xərcləri strukturunda hərbi xərclərə 1 778,5 milyon manat (artım 8,6 faiz) yönəldilməsi planlaşdırılır. Kapital qoyuluşları 10,7 faiz artaraq 6 930 milyon manata çatacaq, sənaye və tikinti sahəsinə xərclər 10,7 faiz artaraq 6 951,6 milyon manat, təhsil – 3,5 faiz artaraq 1 711,2 milyon manat, səhiyyə – 7,2 faiz artaraq 777,7 milyon manat təşkil edəcək. Sosial müdafiə və sosial təminat üzrə xərclərin 1,5 faiz – 2 040,5 milyon manatadək, elmə 3 faiz – 142,5 milyon manatadək, prokurorluq, məhkəmə və hüquq-mühafizə orqanlarına xərclərin isə 1,1 faiz – 1 227,1 milyon manat azaldılması planlaşdırılır.
S.Şərifovun bildirdiyi kim, 2015-ci ilin icmal büdcəsinin gəlirləri 20 716,8 milyon manat, xərcləri 25 911 milyon manat, kəsiri isə 5 194,1 milyon manat (ÜDM-in xüsusi çəkisinin 8,7 faizi) səviyyəsində proqnozlaşdırılır.
İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova çıxışında bildirib ki, gələn il inflyasiyanın aşağı səviyyədə – 2,3 faiz – qalacağı gözlənilir.(trend)