Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ötən gün keçirilən hərracda 23 dövlət əmlakı özəlləşdirilib.
Yenicag.az xəbər verir ki, özəlləşdirilən əmlaklardan 4-ü kiçik dövlət müəssisəsi, 18-i istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i isə yarım tikilidir.
Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsi və 12 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 3 kiçik dövlət müəssisəsi, 6 istifadəsiz qeyri yaşayış sahəsi, 1 yarım tikili özəlləşdirilib. Özəlləşdirilən kiçik dövlət müəssisələri müvafiq olaraq Bakının Xətai rayonunda, regionlardan isə Gəncə, Sumqayıt şəhərlərində və Kürdəmir rayonunda yerləşir.
Bu dəfəki hərrac da rəqabətli şəkildə keçib. Paytaxtın Nəsimi rayonunda yerləşən ümumi faydalı sahəsi 115 kv.m-ə yaxın olan qeyri yaşayış sahəsinin ilkin start qiyməti 55 min manat olsa da bu obyekt 93 min manata özəlləşdirilib. Hərracda özəlləşdirilən istifadəsiz qeyri-yaşayış sahələri arasında ən yüksək satış qiyməti də elə bu əmlakda qeydə alınıb. Hərracda ən yüksək qiymətə özəlləşdirilən kiçik dövlət müəssisəsi isə Sumqayıt şəhərində yerləşən 133 saylı yanacaqdoldurma məntəqəsi olub. Həmin əmlakın ümumi faydalı sahəsi 24,5 kv.m, torpaq sahəsi isə 1000 kv.m-ə yaxındır.
Hərracda xidmət sahəsində əlverişli olan kiçik dövlət müəssisəsi də özəlləşdirilib. Gəncə şəhərində yerləşən 27 saylı yanacaqdoldurma məntəqəsi bu kateqoriyaya aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Həmin əmlakın ümumi faydalı sahəsi 50 kv.m-ə yaxın torpaq sahəsi isə 1000 kv.m-dən çoxdur.
Paytaxtla yanaşı, regionlarda da özəlləşdirilən kiçik dövlət müəssisəsi orta və kiçik sahibkarlığın inkişafına imkan verə biləcək əmlaklardır. Paytaxtın Xətai rayonunda yerləşən 400 saylı mağaza, Kürdəmirdə olan Yardımçı təsərrüfat bu kateqoriyaya aid olmaqla sahibləri üçün gələcəkdə yaxşı qazanc gətirə bilər. Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır.
Hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 12-si paytaxtda, 6-sı isə regionda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektinin 4-ü Suraxanıda, 2-si Sabunçuda, qalanları isə müvafiq olaraq Nəsimi, Nizami, Nərimanov, Binəqədi, Qaradağ, Səbail rayonlarında yerləşir. Bölgədə özəlləşdirilən qeyri-yaşayış sahəsi isə Sumqayıt, Lənkəran şəhərlərində, Şirvan, Samux, Quba, Xaçmaz rayonlarında yerləşir. Özəlləşdirilən əmlakların sahəsi 10 kv.m ilə 200 kv.m arasında dəyişir.
Daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Bakının Binəqədi rayonunda yerləşən sahəsi 10 kv.m olan qeyri-yaşayış sahəsidir. Hərracda bir yarım tiklidə özəlləşdirilib. Bu sahəsi 500 kv.m olan Gədəbəydə yerləşən Məişət evinin yarımçıq tikilisidir.
Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac sentyabrın 26-da keçiriləcək.
www.yenicag.az