276 neftçiyə şəxsiyyət vəsiqəsi verildi
Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə paytaxtın Qaradağ, Pirallah, həmçinin, Şabran, Sabirabad, Qobustan və Hacıqabul rayonlarının ayrı-ayrı qəsəbə və kəndlərində yaşayan, əksəriyyətinin şəxsiyyət vəsiqəsinin etibarlıq müddəti bitmiş vətəndaşlar, o cümlədən həddi-buluğa çatmış gənclər, xüsusi diqqət və qayğıya ehtiyacı olan qoca, əlil və xəstə vətəndaşlar yeni sənədlərlə təmin ediliblər.
Yenicag.az anspress-ə istinadən xəbər verir ki, paytaxtın Pirallahı rayonu ərazisində, sahildən 40 kilometr aralıda yerləşən Neft Daşlarında da oxşar tədbir keçirilib. Bu zaman 276 neftçiyə yeni şəxsiyyət vəsiqələri təqdim olunub.
Keçirilmiş səyyar xidmətlər nəticəsində sözügedən rayonların ümumilikdə 1355 sakininə yeni vəsiqələr verilib, 47 nəfərin isə müvafiq sənədləri qəbul olunub.
Mütəmadi şəkildə təşkil olunan belə tədbirlər davam etdirilir.