50 manatla dolanan ailə yardım istəyir
“Nazir Səlim Müslümova da müraciət etmişəm, cavab gəlməyib”.
Bu sözləri şikayətçi Vüsalə Qəhrəmanova müraciətində qeyd edib.
Bir müddət öncə övladının müalicəsi üçün saytımıza müraciət edən ana indi də öz durumu ilə əlaqədar kömək istəyir.
V.Qəhrəmanova qedy edir ki, illərdir balaca qızı ilə birlikdə çətin vəziyyətdə yaşayır. 3 ildir aldığı 50 manat alimentlə yaşamaq məcburiyyətində olan ana əlavə gəlir yerinin olmadığını deyir:
“Atamın evində yaşamaq məcburiyyətindəyəm. Atam taksi sürücüsü işləyir. Qazancı isə ailənin yeməyinə güclə çatır. Evim yoxdur, sosial yardım da almıram. Çox çətin vəziyyətdə yaşayıram, özüm də xəstəyəm. İmkanlı şəxslərdən mənə və qızıma kömək etmələrini istəyirəm. Çox xahiş edirəm mənə kömək edin. Hər dəfə mətbuat vasitəsilə kömək istəməyə də utanıram. Normal işim, aylıq gəlirim və yaşamağa evim olsa, heç kəsə əl açmaq məcburiyyətində qalmaram”.
Çətin vəziyyətdə olan ana qeyd edir ki, sosial müavinət almaq üçün dəfələrlə müraciət edib:
“Neçə dəfə nazir Səlim Müslümova müraciət etmişəm. Ancaq hələ də cavab gəlməyib. İşləmək üçün müraciət etdiyim başqa yerlərdə də rüşvət istəyirlər”.
Qeyd edək ki, V.Qəhrəmanova bir müddət öncə də qızının müalicəsi üçün saytımıza müraciət etmişdi. Onun bu müraciətindən sonra qızının əməliyyatı üçün lazım olan vəsait yığıldı və o xeyirxah insanların köməyi sayəsində sağlamlığına qovuşdu. Əlaqə nömrəsi: (070 614 61 05)