52 ilin sənətkarı 1 otaqda yaşayır: “Müğənni yarımmilyonluq maşın sürür, mən isə...”
“Azərbaycanda hansı aktyorun villası var? Mən 52 ildir bu sənətdəyəm, bir otağın içində yaşayıram”.
Bunu Yenicag.az-a açıqlamasında tanınmış aktyor, Əməkdar artist Rəhman Rəhmanov deyib.
O, “Niyə aktyorlar müğənnilər kimi bahalı həyat yaşaya bilmir?” sualını cavablandırıb:
“Aktyorun maaşdan başqa da qazancı var: seriala, filmə çəkilir, konsert, toy aparıcılığı edir… Amma bahalı həyat yaşaya bilmir. Sağlıqlarına qismət olsun, müğənnilərin hər bir şəraiti, pulu var. Əsas qazanc yerləri də toylardır. Sonra konsertlərdə, bayram şənliklərində, şou-proqramlarda çıxış edib, qonorar əldə edirlər. Təkcə Azərbaycanda deyil, bütün dünyada müğənnilərin yaşam səviyyəsi aktyorlardan yüksəkdir. Amma gəlin görək Azərbaycanda hansı aktyorun villası var?
Mən 52 ildir bu sənətdəyəm, bir otağın içində yaşayıram. O da nəmişli, rütubət içində. Qazancım da ancaq gündəlik xərclərimə yetir, artırıb başqa şərait yarada bilmirəm. Müğənni var ki, avtomobilinin yarımmilyon qiyməti var. Amma mənim maşınımın qiyməti 10 min civarındadır. Aktyor neyləsə də, bahalı həyat yaşaya bilməz. Müğənnilərə də Allah cansağlığı versin, kimin nəyi var, özünə qismət, gözüm yoxdur. Hərə özünə görə qazanır”.
Cəvahir













