!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

SOCAR Gülən Şəbəkəsinin Azərbaycandan getməsində niyə maraqlı deyil? – I Yazı

!Reklam – Yazi

f_rov

Rövnəq Abdullayev Afrikadakı Gülən məktəblərini niyə mebellə təmin edib?

Ənvər Özərənin “sağ qolu” Məsud Kurnazın “dövlətə qarşı üsyan etməsinin qarşını aldığı” dövlət məmurları kimlərdir?

İllər öncə Fətullah Gülən Şəbəkəsi (FGŞ) ilə bağlı şübhələr dilə gətirilərkən, qarşı tərəf son dərəcə professional şəkildə özünü gizlədərək, bunun “türk məktəblərinə basqı” kimi dəyərləndirilməsinə çalışırdı. Lakin Türkiyənin birinci şəxsinin bu şəbəkəni “Paralel Terror Örgütü” elan etməsi ilə, “təkkə düşdü, kəl göründü…

Camaatın 17 dekabr 2014-cü ildən sonra Türkiyədə ölüm-qalım savaşı verib, bu zamana qədər İslamın düşmənləri olanlarla birləşərək, onların xaricdəki fəaliyyətinə son illərə qədər dəstək verən mühafizəkar Türk iqtidarını devirmək istəmələri Şəbəkənin təhlükəli üzünü ortaya çıxardı.

Hər cür şantaj mexanizmindən istifadəni halal sayan və nəinki rəqiblərini, potensial rəqiblərini belə hədəf seçən bir Şəbəkənin əslində dini camaat pərdəsi altında xarici xüsusi xidmət orqanları ilə əlbir çalışan qrup olduğu bütün parametrləri ilə bilindi. Yəni, Fətullah Gülən Şəbəkəsinə qarşı aparılan mübarizəyə əslində bir dini camaatla mübarizə kimi yanaşmaq düzgün deyil, çünki mövzu dövlətin təhlükəsizliyinin qorunmasıdır…

“Türk məktəbləri” yalanı

Öncəliklə, qeyd etmək lazımdır ki, burada “Türk məktəbləri” yarlığı Azərbaycandakı türk sevgisini istismar etməyə yönəlmiş addımdan başqa bir şey deyil. Çünki amerikan pasportlu ingilis dili müəllimlərinin çalışdığı bu müəssisələrdə türk dili seçmə dil qrupuna daxildir. 160 ölkədə fəaliyyət göstərən bu “türk məktəbləri”ndə əsas dil ingilis dilidir və həftədə hər sinifə ən az 24 saat ingilis dili tədris edilir. Ümumilikdə F. Gülənin bütün ölkələrdəki məktəblərində mindən çox ABŞ pasportlu «ingilis dili müəllimi» işləyir. Yəni, ABŞ-ın himayəsində qurulan bu məktəblər Türkiyəni heç vaxt təmsil etmədilər, lakin Türkiyəni ABŞ-ın 51-ci ştatı, özlərini Amerikanın qubernatoru kimi görən Türkiyənin Ərdoğandan öncəki baş nazirləri sırf amerikan marağı naminə bu məktəbləri müdafiə etdilər. Bunu “Kürəsəl barışa” doğru kitabında və bu məktəblərin tanıtım videosunda Fətullah Gülən də bir daha təsdiqləyir. O, bir daha təsdiq edir ki, bu məktəblər qloballaşmanın bir parçasıdır və ABŞ icazə verməsə, heç bir yerdə açıla bilməzdi(Mənbə: tr.fgulen.com/content/view/7877/15/).

Məsələn, Qazaxstandakı fətullahçı məktəblərdə də 60-a yaxın amerikalı və diplomatik statusa malik ingilis dili müəllimi fəaliyyət göstərir.

Yəni, adı “türk məktəbləri” olsa da, bu məktəblər ingilis dili və mədəniyyətini daha çox təmsil etməkdədir. Bunun da kökündə MKİ (CIA) ilə fətullahçıların əməkdaşlığı yatmaqdadır. Belə ki, ABŞ-ın, eləcə də digər ölkələrin ən çox istifadə etdikləri şpionaj metodlarından biri də  «Nüfuz Cəsusluğu»-dur.

«Təzyiq agentləri» və  «İstiqamətləndirici agentlər» nüfuz cəsusluğu metodunun əsas elementleridir. Bunlar üç əsas qrupa bölünürlər. Peşəkarlar, pulla ələ alınması mümkün olan ziyalılar və həvəskarlar. Birinci qrupa aid olanlar müxtəlif qeyri hökumət təşkilatları xətti ilə xaricdə xüsusi təlim alırlar. İkinci qrupdakılardan isə lazım olan vaxtlarda birinci qrupa daxil olanların vasitəçiliyi ilə istifadə olunur. Üçüncü qrupa aid olanlardan isə çox vaxt özlərinin də xəbəri olmadan media və.s vasitələrlə təsir edərək istifadə olunur. Belə böyük bir şəbəkənin qurulması və istifadə olunması üçün şübhəsiz böyük vaxt və vəsait tələb olunur. Üstəlik belə nəhəng bir şəbəkənin idarə olunması çox çətindir. Amma yüyəni bir şeyxin və ya dini icma liderinin əlində olan minlərlə müridin idarə olunması və istiqamətləndirilməsi qədər asan ikinci bir iş ola bilməz. Fətullahçılar bu işdə əvəzolunmazdırlar. Onları CIA üçün cazibədar qılan da məhz bu xüsusiyyətləridir. Belə ki, fətullahçı icmada möhkəm nizam intizam və iyerarxiya mövcuddur. Hər bir şəhərdə 5-7 müridin qaldığı «işıq evləri» və bu müridlərə başçılıq edən ev imamları mövcuddur. Ev imamları səmt imamlarına, onlar bölgə imamlarına, onlar şəhər imamlarına, onlar ölkə imamlarına, onlar qitə imamlarına, onlar da Fətullah Gülənə bağlıdırlar. Əmr və göstərişlər bu iyearxik nizamla aşağılara, ən sıravi müridə, onların sözü ilə desək «şagird»-ə qədər ötürülür. Əmr və göstərişlərin tərəddüdsüz yerinə yetirilməsinin zəmanəti isə insanların saf və səmimi dini hisslərinin yalan uydurularaq ələ alınmasıdır. Bu yalanın ən böyüyü isə budur: Fətullah Gülən verdiyi hər qərarı Məhəmməd peyğəmbərin (s) əmri ilə və onunla məsləhətləşərək verir. Peyğəmbər isə bu əmri Allahdan alır. Beyinləri yalanlarla doldurulmuş, zombiləşdirilmiş zavallı sürüsünü artıq hara sürsən, ora gedəcəklər.  Zombi professor da ola bilər, baqqal da…

Fətullah Gülən Şəbəkəsi sadəcə CIA-ya xidmət etmir…

Fətullah Gülən bu gün Pensilvaniyada, CIA-nın nəzarətində olan ərazidə yaşadığı üçün Camaatın daha çox CIAmaat olduğu bildirilir. Paul Henze, Graham Fuller, Lois Freeh, Henri Barkey, Carey Cavanaugh kimi məşhur CIA agentləri ilə Fətullah Gülənin şəxsi dostluğu da nəzərdən yayınmamalıdır.  Bunlardan Henri Barkey ermənipərəst mövqeyi ilə tanınmışdır və qatı türk əleyhdarıdır.

Lakin Camaatın sadəcə CIA ilə əməkdaşlıq etmədiyi həqiqətdir. CIA ilə yanaşı Böyük Britaniyanın MI5 və MI6, İsrailin MOSSAD kimi xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Şəbəkə varlıqlarını davam etdirmək üçün fəaliyyət göstərdikləri ölkələrin hüquq-mühafizə orqanları ilə də zamanla əməkdaşlıq edib və onların da daxilinə sızmağı ilə tanınır.

Türkiyədə Fətullah Gülən Şəbəkəsinə qarşı açılmış istintaq materillarında deyilir: “CİA nəzdində bütün fətullahçılar “walk-in” adlandırılan cəsus kateqoriyasındadırlar. Yəni özləri könüllü cəsusluq xidməti təklif etmişdir.  Amma fətullahçı güruh sadəcə ABŞ və CİA ilə kifayətlənməyiblər. Bunun paralelində Vatikan, Fənər Yunan Patrikxanası, Musəvi xaxambaşısı və.s ölkələrin gizli servisləri tərəfindən də istifadə olunur və fəaliyyət göstərdikləri ölkələrdə əldə etdikləri mühüm məlumatları bu servislərə ötürürlər. İngiltərədə Lord Rotherham tərəfindən “İngiltərəyə Müstəsna Xidmətlərə Görə” mükafatı alır, “Leaders Club”, “Editorial Office”, “Booruker” kimi QHT-lərlə sıx işbirliyi içində fəaliyyət göstərirlər. Eyni zamanda Almaniyada, bu ölkənin xarici xüsusi xidmət orqanı olan BND tərəfindən dəstəklənən “Dost Yolu Dərnəyi”, “Y.Burq A.Ş”, “Türk Alman Araşdırmaçılar Birliyi” kimi təşkilatlar da qurmuşdurlar. Fətullahçılar sadəcə CİA ilə deyil “doubel agent” olaraq onlara kömək edən hər bir servislə əməkdaşlıq edirlər. İngiltərədə xarici vətəndaşlarla iş aparan MI5 və xaricdə xüsusi xidmət orqanı MI6-nın uzaq şərq departamenti CIFE və orta şərq departamenti MEIC-lə də sıx əməkdaşlıq içində olduqları təsbit edilmişdir”.

İslam Kərimov Fətullah Gülən məktəblərini niyə bağladı?

Azərbaycandan öncə “türk məktəbləri”ni bağlayan Özbəkistan oldu. 16 fevral 1999-cu ildə Özbəkistan prezidenti İslam Kərimova qarşı tərtib edilmiş uğursuz sui-qəsd cəhdi fətullahçıların Özbəkistandakı fəaliyyətinə son qoyulmasına səbəb oldu. İ. Kərimovun maşınının keçəcəyi yola bomba qoyulmuşdu, bomba partlamışdı, amma İ. Kərimov sui-qəsddən sağ qurtulmuşdu. İstintaq tezliklə müəyyən etdi ki, sui-qəsd fətullahçılara məxsus “Uluqbəy İnternational School”-da planlaşdırılmış və buradan idarə olunmuşdu.  Bu hadisədən sonra fətullahçıların Özbəkistandakı 18 məktəbi və yüngül yeyinti sənayesi sahəsində fəaliyyət göstərən “Üfüq” adlı şirkətləri bağlanmışdı. Məhz fətullahçıların Özbəkistandan təmizlənməsi səbəbindən son bir neçə ildə fətullahçıların tərtib etdikləri sui-qəsdlərdən qurtulan Rəcəb Tayyib Ərdoğan 11 avqust seçimlərində Qazaxıstan, Türkmənistan və Azərbaycandan fərqli olaraq, Özbəkistanda seçimləri qazandı.

 

Bəs Azərbaycandakı tərəddüdün qaynağı nədir?

f_rov2Gülən Şəbəkəsinə qarşı bu qədər fakt varkən, bunları bu zamana qədər rəsmi müdafiə edən Türkiyənin bu qrupu terror listəsinə aldığı halda Azərbaycanda nə baş verir? Doğrudur, ölkə prezidenti İlham Əliyevin qətiyyətli addımı sayəsində Gülən Şəbəkəsinə Azərbaycanda ciddi zərbə vuruldu. Özbəkistandan sonra məktəbləri bağlanan ikinci türk cümhuriyyəti olan ölkəmizdə şəbəkənin bir sıra önəmli adamları zərərsizləşdirildi. Gülən Camaatının Azərbaycanda yetişdirdiyi gənc nəsilin lideri olan Elnur Aslanov “siyasi xadimlik”dən məhrum edilərək, “təqaüd”ə göndərildi. Lakin Azərbaycanda gizli bir dirəniş davam edir. Sanki yenidən köhnə günlərinə dönəcəklərmiş kimi Fətullah Gülən Şəbəkəsinin önəmli isimləri Azərbaycandan getmək istəmir. Hətta turist vizası ilə iki aydan bir giriş-çıxış edərək, ölkədə qalmaqda davam edirlər. Niyə? Nəyi gözləyirlər? Onlara kim hansı vədi verib?

 

Məsud Kurnaz Azərbaycanda nə iş görür?

f_rov3Bu Şəbəkənin fəaliyyətini illərdən bəri izləyən biri olaraq, qeyd etməliyəm ki, bu camaat heç zaman əlində olanı sakit şəkildə verib, geri çəkilməyi xoşlamır. Bəlkə geri çəkilmiş kimi görünür, amma geri addım atmamaq üçün bütün yollardan istifadə edir. İndi də dövlətin birbaşa iradəsi ilə “Çağ Öyrətim İşlətmələri” MMM-in birləşdiyi “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyi, yəni ARDNŞ bu litseyləri bağlamışdır. Lakin liseylərlə bağlı qərardan vaz keçilməsi, başqa adla bu liseylərin fəaliyyətinə icazə verilməsi və ya başqa bir yol axtarılır.

Madam ki, liseylər bağlanılıb, ARDNŞ-lə müqavilə bağlayaraq, faktiki olaraq, özünü ləğv edən “Çağ” Öyrətim İşlətmələri Şirkəti Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsud Kurnazın Azərbaycanda işi nədən ibarətdir? “Çağ Öyrətim” bağlansa da, Azərbaycan o qədərmi kadr potensialı zəif ölkədir ki, bu qurumun Ümumtəhsil Müəssisələri Baş İdarəsinin rəisi vəzifəsini üçün Məsud Kurnaz Azərbaycanda saxlanılır?!

Bəzi dairələrdə “minlərlə şagird və valideyninin önünü biz kəsirik” deyərək, özünü Əliyev hakimiyyətinə qarşı yeni müxalifət lideri statusunda görən Məsud Kurnaza Azərbaycanda dəstək verən sadəcə ARDNŞ prezidentinin Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovdur? Təhsil Nazirliyinə “əba altından sopa” göstərərək, müxtəlif yollarla liseylərin taleyi ilə bağlı dəyişikliyə nail olmaq istəyənlər hansı dövlətin adamıdırlar? Bu günlərdə niyə Xalik Məmmədov və digərləri Təhsil Nazirliyinin yetkililəri ilə tez-tez bir araya gəliblər? Yoxsa ARDNŞ məktəbləri bağladığına peşman olub? Məktəbləri bağladıqları halda Rövnəq Abdullayev və Xalik Məmmədov Məsud Kurnazın getməsində niyə maraqlı deyillər? Məsud Kurnazın “kurnazcasına” İçərişəhərdə və “Gənclik”də görüşlər keçirib, qüvvələri dağılmamağa çağırışlarının arxasında nə dayanır? Məktəblərin açılmasından əlləri tamamilə üzüldükdə nə baş verəcək ki? 

Göründüyü kimi suallar çoxdur. Hətta sualları artıraraq, Rövnəq Abdullayevdən Fətullah Gülən Şəbəkəsinin Afrikadakı məktəblərinin mebellərini nə üçün SOCAR-ın aldığını da soruşmaq olar. Yanlış oxumadınız! Fətullah Gülən Şəbəkəsinin Cənubi Afrika Respublikasında və digər bir sıra Afrika ölkəsindəki məktəblərinin bütün mebel ehtiyacını SOCAR qarşılayıb. Səbəb? Bəlli deyil.

Başqa sual. Camaatla bağlı hazırlanan hesabatlarda deyilir ki, Gülən Şəbəkəsinə ən çox pul gedən ölkələr arasında Azərbaycan lider yerlərdən birini tutur. Bu pullar arasında Rövnəq Abdullayevin, Xalik Məmmədovun və Qorxmaz Hüseynovun da pulları varmı? Camaat bu məmurların dövlətdən oğurladıqları çirkli pulları sildiyi üçünmü vazkeçilməzdir?

Apardığım araşdırma zamanı bəlli oldu ki, bağlanan liseylərin Camaata Bakıda lazım olanları müxtəlif adlar altında Qafqaz Universitetinə və SOCAR üçün iş görən firmalara işə düzəldilərək, Azərbaycanda qalmaları təmin olunmaqdadır. Xüsusilə, Qafqaz Universiteti bu məsələdə ciddi işlər görməkdədir. “Araz” kursları və liseylərdə çalışan müəyyən şəxslər yeni ştatlar yaradılaraq, sanki ehtiyac varmış kimi onlarla fətullahçı universitə-Son Qalaya toplanır. Səbəb isə o şəxslərin Azərbaycanda qalmalarını təmin etməkdir. Bununla yanaşı SOCAR-ın bütün xidmət sahələri Fətullah Gülən Şəbəkəsinə verilərək, onlar üçün yeni qazanc yerləri təşkil edilir ki, bütün bunları Xalik Məmmədov Rövnəq Abdullayevdən xəbərsiz necə edir?

Bakıda qalanların Azərbaycandakı vəzifəsi isə gənclər arasında şəbəkənin fəaliyyətini gücləndirmək və təbliği gözə çarpmadan davam etdirməkdir. Eyni ilə Gülənin 1996-cı ildə dediyi kimi: “Dayanmış kimi davranıb, asta-asta öz fəaliyyətlərinizi davam etdirin. Dövlətin qılçıq damarlarına sızın. Hakim, prokuror olun”. Hüquq-mühafizə orqanlarına və digər dövlət sektorlarına sızmaq üçün çalışan Camaatı hələ də müdafiə etmək nəyin qarşılığını ödəməkdir?

Dərsdən sonra dərs nə üçün lazımdır?

Gülən məktəblərində dərsdən sonra dərs adət halını almışdır. Bütün dünyada bu taktikadan istifadə edilir.  Gülən məktəbləri bu qədər savadlı-bilikli gənclər yetişdirirsə, axşam dərsləri nə üçündür? 90 dəqiqə gənclərə yetmirmi ki, dərsdən sonra da gənclər universitetin yataqxanasında saxlanılıb, əlavə dərslər keçirilir? Liseylər bağlanandan sonra universitetə işə alınan “lobarant”ların əsl vəzifəsi burada meydana çıxır. Məqsəd ingilis dilini ya da riyaziyyatı, nə bilim kimyanın molekullarını öyrətmək deyil, “Hizmət”ə seçiləcək gənclərin müəyyənləşdirilməsidir.

SOCAR-ın liseyləri bağladığı halda Qafqaz Universitetində heç bir dəyişikliyə getməməsi nə ilə bağlıdır? Ahmet Sanıc, Bahri Topuz və ya Universitetin məşhur Natiq Paşası olmazsa, bu universitet batarmı? Bunların qorunmasında Qafqaz Universitetinin Paşasının yerlisi Qorxmaz Hüseynovun və Ahmet Sanıcın yaxın dostu Xalik Məmmədovun rolu nə qədərdir? Rövnəq Abdullayevin bu şəbəkənin oyunlarına ortaq olmasından həqiqətən xəbəri varmı? SOCAR kimi mühüm dövlət obyektinin başındakı bu şəxsin öz müavininin Fətullah Gülən Şəbəkəsi ilə bu qədər qarmaşıq ilişkilər içində olmasından xəbəri yoxdurmu? Xəbəri varsa, o zaman niyə Xalik Məmmədovun qarşısını kəsmir? Xəbəri yoxdursa, o zaman Rövnəq Abdullayevi futbolla baş-başa buraxmağın vaxtı gəlmişdir. Onsuz da futbolda bəxtimiz gətirməmişdir, Rövnəq Abdullayevin orada olması ilə dövlət bir şey itirməz.

SOCAR Qafqaz Universitetinin hansı məzunlarını işə götürür?

Maraqlıdır ki, SOCAR-ın Fətullah Gülən Şəbəkəsi ilə əlaqələrində Böyük Britaniya mühüm rol oynayır. SOCAR-ın BB-dəki nümayəndəliyinin maliyyə yardımı ilə İngiltərədə oxuyanlarların əksəriyyəti Qafqaz Universitetindən gedənlərdir. Və onlar diplom alar-almaz SOCAR-da avtomatik işə alınırlar. Xalik Məmmədovun yürütdüyü kadr siyasəti nəticəsində SOCAR-ın maliyyəsi ilə xaricə göndərilən hər 10 tələbədən 8-i Qafqaz Universiteti ilə əlaqəlidir ya da bağlanan liseylərin məzunlarıdır. Bütün bu olanlara diqqət etdikdə Böyük Britaniya adı xüsusilə diqqət çəkməkdədir.

Gülən və Əli Kərimlinin dostunun SOCAR ilə əməkdaşlığı…

 Gülən şəbəkəsi və SOCAR işbirliyində İngiltərə çox ön plana çıxmaqdadır. Belə ki, əksər tələbələrin göndərildiyi Böyük Britaniya həm də ABŞ-dan sonra Camaata ən böyük dəstək verən ölkədir. Nə qədər qəribədir ki, İngiltərənin Lordlar Kamerasında “Fətullah Gülən” konfransı təşkil edən “Baron” ləqəbli Lord Əhməd 2005-ci ildə AXCP sədri Əli Kərimlini Londonda dəvət edən şəxsdir. Hazırda İngiltərədə Gülənin ən böyük dəstəkçisi olan Lord Əhmədlə SOCAR-ın Böyük Britaniya nümayəndəliyi arasında ciddi əlaqələr mövcuddur. Belə ki, 22 noyabr 2012-ci ildə keçirilən Birləşmiş Krallığın Lordlar Palatasında ARDNŞ prezidenti Rövnəq Abdullayevin iştirakı ilə keçirilən ARDNŞ-nin inkişaf strategiyasının təqdimatına qatılan lordlar arasında Lord Əhməd də var idi. Nə qədər də gözəl üçbucaq alınır? Gülən üçün Lordlar Kamerasını alan, AXCP sədrini qonaq edən şəxslə SOCAR rəhbərliyinin iş birliyi… Madam heç bir əlaqələri yoxdur, həmin görüşə qatılanların siyahısını bir açıqlasınlar və xalq da bilsin ki, SOCAR-ın tədbirinə qatılan 50 lord kimlərdən ibarət olub…

Və ya Rövnəq Abdullayevin həvəslə şəkil çəkdirib, socar.az-da görüşdüyünü bildirdiyi Lord Kilkluneyin (Kilclooney) İngiltərədə Fətullah Gülən Şəbəkəsi ilə ciddi əlaqələrinin olduğunu və hər addımının “Zaman” üçün xəbər əhəmiyyəti daşıdığını bilirmi? Mən əminəm ki, Rövnəq Abdullayevin bütün bunlardan xəbəri belə yoxdur. “Xaricdə Azərbaycan üçün tələbə oxuduruq” adı altında Qafqaz Universitetinin seçilmiş tələbələrini dövlət hesabına oxumağa göndərən Xalik Məmmədov və İngiltərədəki SOCAR-ın nümayəndəliyi ona elə təqdimat veriblər ki, R.Abdullayev bəlkə də II Yelizavetanın xalası nəvəsi ilə görüşdüyünü zənn edir. Bilmir ki, Lord Kilclooney Camaata bağlı “Dialogue Society” ilə ciddi əlaqələri var. Əslində, Rövnəq Abdullayevin bilmədikləri sadəcə bunlar deyil…

Bu səbəbdən də adamlarının Gülən Camaatını bu qədər müdafiə etməsinə ən yaxşı halda seyirçi qalmaz, bağlanan liseylərin başqa yollarla fəaliyyətini davam etdirməsi üçün Təhsil Nazirliyinə minnətçi düşməzdi…

 

Liseylərə yatırılan milyonlar nə zaman sahiblərinə qaytarılacaq?

 

Yaxşı olmazdımı, SOCAR rəhbərliyi Gülənin məktəblərinin taleyini, Məsud Kurnazı, Ənvər Özərəni və Ahmet Sanıcı ölkədə saxlamağın yollarını düşünmək əvəzinə öncədən bu məktəblərə təhsil haqqı yatıran valideynlərin gününə ağlasın. O pulların geri qaytarılması üçün müvafiq addımlar atsın. Müvafiq addımlar heç də dövlətin büdcəsini Gülən məktəbləri yolunda dağıtmaq deyil. Rövnəq Abdullayev təsir mexanizmlərindən istifadə edərək, bu pulları geri qaytarmağa nail ola bilər. Əks halda o pulların aqibəti məchuldur. Çünki əksəriyyəti imkanlı ailələrdən ibarət pul yatıranlar adlarının Gülən şəbəkəsi ilə əlaqədə hallanmaması üçün ucadan səslərini də çıxara bilmirlər. Onlarla görüşən Məsud Kurnaz və digər vəzifəlilər isə hər dəfə bir bəhanə onların başlarının altına “yastıq” qoyurlar.

Əslində isə o pullar çoxdan “Bank Asya” və amerikan banklarına yatırılmışdır. Belə ki, bu il “Bank Asya”nın batmaması üçün valideynlərdən pullar öncədən toplanaraq, o banka qoyuldu. Çünki əks haldaTürk Hava Yollarının bu bankdakı hesabları bağlandığı üçün iflas edəcəkdi. Ərdoğana dirəniş üçün bütün pullar bu banka yatırıldı və bank bu pulu xaricdəki pul oyunlarında istifadə etməyə başladı. Maraqlıdır ki, bu, camaatın etdiyi ilk iş deyil. Hər zaman kassadakı pulla amerikan borsasına yatırılıb və  o puldan gələn depozit gəlirləri ilə qoyulan pullar ikiyə qatlanırdı. Və bununla da universitet və liseylərin məsrəfləri qarşılanırdı. Eyni zamanda iş adamlarından alınan zəkatlar da onların işinə yarayırdı.

Artıq lisey olmadığı üçün ödənilən pullar geri ödənməlidir. İctimai arenada tanınanların övladlarının pullarını anında ödəyən liseylər hələ də əksəriyyətin pulunu geri qaytarmaqda tərəddüd edir. Çünki xaricdəki pulu geri çəkə bilmir, buradan da əvvəlki dəstək yoxdur. Eynilə Türkiyənin bir çox vilayətində eyni durum yaşanmaqdadır. Dərshanələrin pulları Bank Asyaya yatırıldığından indi müəllimlərin maaşları verilə bilmir. Artıq bir çox şəhərlərdə müəllimlərin maaşları dörd aydır ki, verilmir. Yuxarıda qeyd etdiyim kimi maaşlar tələbələrdən yığılan illik ödənişlərlə deyil, yerli orta səviyyəli iş adamlarından alınan “himmət” paraları ilə ödəndiyindən, bu maliyyə kanalı kəsildiyindən maddi sıxıntılar başlayıb.

Bütün bunların fövqündə Gülən Şəbəkəsi Azərbaycandan vaz keçirmi? Əsla! Buradan getmək istəyənləri isə Xalik Məmmədov və qrupu Azərbaycanda saxlamaq üçün çalışırlar. Faktiki olaraq, Azərbaycan Dövlət Neft Şirkətinin nəzarətində olan Qafqaz Universitetinin toplanma düşərgəsi olmasına şərait yaradırlar. Onların Əhməd Sanıc, Məsud Kurnaz və Ənvər Özərən başçılığında birlikdə hərəkət etmələri bu gün Xalik Məmmədovun əsəridir.

Son əvəzi

Birinci yazının sonunda qeyd etməliyəm ki, dövlət içində dövlət qurub, rəsmi qərarların əleyhinə öz bildiyini oxumaq bu şəbəkənin xarakterində var. Bu səbəbdən də dövlətə silahlı terror təşkilatlarından daha qorxunc zərərlər vermək imkanına malikdirlər. Hədəfə getmək üçün şantaj, sui-qəsd və digər bütün yolları halal bilən bir şəbəkə ilə üz-üzəyik. Bu elə bir şəbəkədir ki, bir-iki üzvünü vəzifədən atmaqla, liseyləri bağlamaqla əsla sıradan çıxarmaq mümkün deyil. Hücrə evləri prinsipləri ilə işləyən bu şəbəkə lazım gələndə öz-özünü ləğv edib, dərinliklərə çəkilib, zamanı gəldiyində oyana bilmə refleksinə sahibdirlər.

Bu səbəbdən də, Azərbaycan bu şəbəkə ilə mübarizəyə 0:3 hesabı ilə geridən başlamışdır və hələ yolun başlanğıcındadır. Gənclər sektoru, dövlət içində dövlət olmağa çalışanlar, Rusiyadakı milyarderlər ittifaqı ilə əlaqəsi olanların bu camaata yardımı, gənc fətullahçıların toplantı yerləri və yeni planlarını II yazıda oxuyacaqsınız.

Aqil ƏLƏSGƏR

“Yeni Çağ” (yenicag.az) qəzetinin baş redaktoru

www.yenicag.az

1402
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv