!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Gülənin necə böyük bir təhlükə olduğunun mən fərqindəyəm, dövlət məmurları isə…”

!Reklam – Yazi

885771_858754437493479_3031789998413151673_o

“Terrorun GÜLƏN üzü” kitabının müəllifi Aqil Ələsgərin PİA.AZ-a müsahibəsi

Terrorun GÜLƏN üzü. Araşdırmaçı yazar, Yenicag.az Analitik İnternet Qəzetinin baş redaktoru Aqil Ələsgərin Fətullah Gülən Camaatı ilə bağlı kitabı belə adlanır. Çox maraqlıdır. Hələ Türkiyədə Gülənlə bağlı əməliyyatlar başlamadan illər öncə bu mövzuda silsilə araşdırmalar yazan Aqil Ələsgər son dönəmlərdə yenidən gündəmdədir. PİA.AZ olaraq, kitab müəllifi ilə danışdıq.

– Aqil bəy, kitabınızın nəşri ilə bağlı sizi təbrik edirəm.  Ilk sualım da elə kitabınızın adıyla bağlı olacaq.  “Terrorun gülən üzü”. Bildiyimiz qədər Gülən camaatı bu günə qədər terrorda ittiham olunmayıb?

– Təbrikinizə görə, təşəkkür edirəm. Sualınıza gəldikdə isə səhviniz var. Hazırda Gülən Türkiyədə Paralel Dövlət Terror Örgütü qurmaq və idarə etmək suçu ilə mühakimə olunmaqdadır. Bilirsiniz, burada ən böyük yanlış terror örgütlərinə bir prizmadan yanaşmaqdır. Yəni, insanların nəzərində ənənəvi terror örgütü forması var və bu müqayisə predmetidir. Terror örgütü mütləq bir dağda-mağarada yaşamalı, bomba partlatmalı, baş kəsməlidir. Xeyr. Opus Deidən çox terror fəaliyyəti həyata keçirən təşkilat yoxdur. Vatikanın ən sirli ölümlərində bu təşkilatın barmağı var. Ancaq onlar da Gülən kimi məktəb açır, televiziya-qəzet sektorunda öndə gedirlər. Eyni zamanda “dövlət terroru” deyə bir ifadə var. “Gülənin silahlı gücü yoxdur” deyirlər. Bəs həbs olunan yüksək çinli polislər kimdir? Gülənin ən böyük bacarığı ondadır ki, o, terror örgütünü dövlətin içərisinə elə yeridib ki, bunları çözmək illər tələb edir.

– Kitabınız Türkiyədə nəşr olunub. Yaxın zamanda türk dilində də nəşri gözlənilir. Türkiyədə bu kitabın nəşrinə maraqlı olan qüvvələr var?

– Bəli, mən maraqlıyam. Bu yetməzmi? Hesab edirəm ki, Gülən Örgütü Türkiyədə yetərincə qavranılmayıb. Bu təhlükənin sferasını hələ də anlamaqda çətinlik çəkənlər var. Bu gün Türkiyədə Gülənə qarşı çıxanların yüzdə doxsanı sırf Ərdoğan dediyi üçün əleyhinə gedir, təhlükənin fərqində belə deyillər. Halbuki bu bir dövlətin təhlükəsizliyini təhdid edən ünsürdür. Prezidentin, baş nazirin yataq otağına qədər girən bir örgütdən bəhs edirik. Bunun dinlə-imanla əlaqəsi yoxdur.

– Siz 2000-ci ilil əvvələrində Gülənçilərlə bağlı araşdırmalar aparmısınız. Bir müddət sonra bu araşdırmalırınızı dayandırmısınız. Türkiyədə Ərdoğan Gülənə müharibə etdikdən sonra yenidın araşdırmalarınıza başladınız.  Araşdırmalarınız arasında fasilə nədən yaranmışdı?

– Mən Gülənlə bağlı 2007-ci ildən etibarən araşdırmalara başlamışam və hər zaman da eyni mövqedə olmuşam. Sadəcə olaraq, mən iki ilə yaxın öncə səhhətimlə əlaqədar, sonra isə başqa sahədə çalışmaq niyyətimdən dolayı ümumiyyətlə, mediada olmamışam. Yəni, Gülən əleyhinə yazılara ara verməkdən söhbət gedə bilməz, sadəcə mətbuatdan kənarlaşmaq niyyətindəydim. Ancaq mətbuata yoluxan bir daha xilas ola bilmədiyi üçün yenidən Yenicag.az-ın passiv fəaliyyətini aktivləşdirdim. Bu ittiham tez-tez vurğulanır ki, Ərdoğan deyəndən sonra siz Güləni vurmağa başladınız. Mənim isə bütün bunlara cavabım budur ki, biz Gülənin əleyhinə yazmağa başlayanda, onun ən böyük ortağı Ərdoğan idi. Yəni, biz Ərdoğanın tərəfinə keçmədik, hörmətli prezident bu adamın fəaliyyətlərini gördükdən sonra haqlı tərəfə keçdi. Bizim o dövrdə də araşdırmalarımız ciddi rezonans doğurmuşdu. Hətta Səid Nursinin tələbələrindən bir neçəsi şəxsən mənim əleyhimə rədiyyə yazaraq, Güləni tərifləmişdi. Hansı ki, həmin şəxs ölmədən öncə Gülənə qarşı bizim irəli sürdüyümüz ittihamları təkrarladı. Son dönəmdə də biz baxdıq ki, həm Türkiyədə, həm Azərbaycanda bu sahəni bilən çox az kəsim var. Hər kəs bu məsələdə söz dedikdə, aləm bir-birinə qarışır və qurunun oduna yaş da yanır. O acıdan prossesə müdaxilə etdik. Çünki biz onların beş addım sonrasını hesablaya bilirik.

– Bəziləri hesab edir ki, sizin gülənçilərə qarşı yazılarınlz kampaniya xarakterlidir. Gülənçilərə qarşı yazdıqlarınız doğurdanmı siyasi sifarişdi?

– Baxın, fətullahçıların məni calamadıqları bir örgüt, dövlət qurumu qalmayıb. PKK-dan Əl-Qaidəyə, Ergenekona, nə bilim masonlara qədər haqqımda ittihamlar irəli sürüblər. Halbuki bizim dərdimiz Türkiyənin başına açılan oyunlar Azərbaycanda təkrarlanmaması, fəaliyyəti qaranlıq olan bir xocanın dövləti ələ keçirməsinin qarşısının alınmasıdır. Mən ilahiyyatçıyam. Ancaq heç bir dini cərəyanın hegemon olmasını istəmirəm. Çünki sekulyarizm ortadan qalxdığı zaman bu və ya digər məzhəbin hegemoniyası başlayır. Bu da demokratik toplumlarda partlayışa gətirib çıxarır. Mən görürəm ki, dövlətim, xalqım və gələcəyimiz olan gənclik təhlükə içindədir, bunun qarşısını almaq üçün sifarişmi gözləməliyəm? Deməli, bizim bir dostumuz danışır ki, mühüm dövlət qurumlarından birində bir nəfər haqqında diskussiya aparılır. Diskussiyanın mövzusu bir xeyirxah iş görən şəxsin bunu hansı niyyətlə görməsi olub. Masada oturanların biri adamı Rusiyaya, digəri Türkiyəyə, o biri Avropaya, başqası da ABŞ-a xidmət etməkdə suçlayıb. Ən son biri qayıdıb ki, nə üçün bu insanın vətəninə, dövlətinə bağlı olduğunu düşünmürsünüz? Yəni, ən böyük bəlamız budur ki, hansısa bir məsələdə müstəqil mövqeyini ortaya qoyanda mütləq bunun arxasında bir iz axtarılır. Mən açıq deyirəm. Bu məsələdə mən digərlərindən, hətta bir sıra nazirlərinizdən də daha həssasam. Çünki bunun necə böyük bir təhlükə olduğunun fərqindəyəm.

– Gülənçilər Azırbaycanda nə qədər güclüdür.  Yəni siz doğurdan hesab edirsiniz ki,  gülənçilərə qarşı mübarizə Azərbaycan dövləti üçün milli təhlükəsizlik məsələsidir.

– Bəli. Dövlət tez bir zamanda bağırsaqlarını bu bəladan təmizləməsə, kapilyar damarlarına qədər ələ keçiriləcək. Heç nə demirəm. Bir hazırlıq kurslarını bağlamaq istədilər, Türkiyə nə hala gəldi? Bunların maraqlarına toxunduğun anda o müti dayanan adamların əsl siması ortaya çıxır. Bir toxunun maraqlarına. Görün o zaman haqlıyam yoxsa haqsızam. Bunların güclənməsində ən böyük pay sahibi olan Ərdoğanın yataq otağına girmək hansı dini kitabda yazılıb? Gizli dinləmələr, test suallarını oğurlayaraq, öz adamlarını önə çıxarmaq, şantaj, xərac hansı dinin kitabında var? Hesab edirəm ki, Gülən mövzusunda dövlətin diqqətli olmasında fayda var.

– Gülən məktəblərini niyə təhlükə hesab edirsiniz? Axı bu məktəblərdə biz də olduğundan qat-qat keyfiyyətli təhsil verirlər.

– Baxın bu da şişirilmiş mifdir. Gülən də sıfırdan, hər istəyənin daxil ola biləcəyi bir məktəb qursunlar, görək yenə həmin iddiada buluna biləcəklərmi? Zatən sən məktəbə min şagird arasından ən savadlılarını imtahanla seçirsən. Qalır onları yönləndirmək. Cəsarətləri çatırsa, liseyə qəbul imtahanını ləğv etsinlər. Edə bilməzlər. Üstəlik, mən olimpiadalarda medal qazanan həmyerlilərimin uğurlarına kölgə salmaq istəməzdim. Çünki sonucda onlar mənim vətənimin övladlarıdır. Lakin o olimpiadalar hansı dövlətlərdən və hansı məktəblər arasında keçirilir? Gedin, araşdırın. Əksəriyyəti Afrika, üçüncü dünya ölkələri arasında keçirilir ki, zatən bizim uşaqlar onları “yeyərlər”.

– Belə söyləntilır var ki, gülənçilırin Azərbaycandakı siyasi-ictimai gücləri zəiflədilsə də,  iqtisadi güclərini tam olaraq qoruyurlar.  Bu barədə nə deyə bilərsiniz?

– Gülənçilərin heç bir yerdə mövqeləri zəifləməyib. Bu onların taktikasıdır. Hər zaman ağlayıb, məzlum rolunu oynayırlar. Əsla belə deyil. Bu gün həm gənclər sektorundakı güclərini qoruyurlar, həm də iqtisadi sektorda. Eyni zamanda təhsil sektorunda da “Çağ” adını dəyişdirib, “İstək” və “Güvən” adı ilə davam edirlər. Əslində, Gülən Azərbaycanda keçən il yaşananlardan güclənərək çıxdı. Çünki dünənə qədər onların gücünə simpatiya duyub, ondan istifadə etmək istəyənlər də ətraflarında vardı. Ancaq Elnur Aslanovun simvolik “vurulması” ilə kimin dost, kimin mürid, kimin də qarındaş olduğunu müəyyənləşdirdilər və içəridə ciddi təmizlik aparıldı.

– Gülənin mason olduğuna dair Türkiyədə yazılar yazıldı. Bu barədə nə deyə bilərsiniz?

– Vallah kitabı türkcə çap etməyimizin bir məqsədi də oradakıların bu barədə həqiqətləri öyrənmələri ilə bağlıdır. Baxın mən hələ 2007-ci ildə yazmışam. Kitabın 82 səhifəsinə baxın. Orada yazmışam: “Biz Fətullah Gülənin müsəlmandan daha çox mason ola biləcəyini yenə də onun davranışlarına və tərəfdarlarının sözlərinə istinadən söyləyirik. İraq-ABŞ savaşı zamanı könlünün ikincinin yanında olduğunu söyləyən Gülən Mesopotamiyada qırılan minlərlə günahsız insan üçün səsini çıxarmır. Ancaq bir yəhudiyə güldən ağır söz deyiləndə, üzə çıxır və etirazını bildirir, göz yaşını saxlaya bilmir. Üstəlik, Həcc ziyarətində olarkən özlərinin eşşək kimi davranmalarını göz yaşları ilə anladır. Ergün Poyrazın ifadəsi ilə desək, heç bir müsəlman özünü eşşəyə bənzətməz. Ancaq Tövratda eşşəkə mədhiyyələr qoşulub, bu heyvanla bağlı müxtəlif hadisələr nəql olunur(Məsələn bax: Çıxış, 35;20). Yenə də Tövratı araşdıranda «rica edirəm» ifadələrinə rast gələcəksiniz. Gülənin əsərlərini də oxuyanlar buna bənzər xeyli detalla rastlaşacaqlar. Elə masonluğun mərtəbələri ilə Fətullah Gülənin insanları sıralayarkən tətbiq etdiyi yöntəm çox bənzərdir”. Üstəlik, baxın, Gülən üçün islami lider deyilir. İslami liderin yaşamı bu dinə uyğun olmalıdır. İslamın ən çox təbliğ etdiyi islami həyat evlilikdir. Gülən peyğəmbərimizin ən çox təşviq etdiyi sünnəti qəbul etməyib, bir də adama islami lider deyilir. Adam həbsdə deyil, bir şey deyil, nə üçün ən önəmli halaldan imtina edib? Evlilik kimlərə yasaq? Kardinallara. Keşişlərə. Gülən kardinaldır, yoxsa keşiş ki, xristian ənənəsinə üstünlük verib?

Bu məsələyə də toxunmusunuzmu?

Həm də çox geniş və ətraflı.

Türkcə nə zaman çıxacaq?

İnşallah yaxın günlərdə bəlli olacaq. Çünki hazırda tərcümə işi yekunlaşmaq üzrədir.

Başqa dillərə də tərcüməsi olacaqmı?

Açığı Rusiyadakı dostlarımız rus dilinə tərcüməsini istəyirlər. Çünki Rusiya Güləni ekstremist siyahısına salsa da, Gülənin xüsusilə azərbaycanlı emissarları orada ciddi aktivlik göstərirlər. İnşallah bu barədə düşünəcəyik.

Gülşən ŞƏRİF

www.yenicag.az

863
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv