!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

7.5 milyardlıq sərvətimiz necə ələ keçirildi? – Gülənin Azərbaycanı işğalı

!Reklam – Yazi

1431586745451Bəzən böyük bir kampaniyanın əslində, üfürülmüş bir şar olduğunu görmək illər alır.

Məsələn, Gülən Şəbəkəsi illərlə bu təbliğatı apardı: “Gülən rusların zülmü altındakı Azərbaycana insanları göndərdi. Onların sayəsində bu dövlət qurtuldu”.

Necə də inanmayasan? Bu gün Azərbaycanın bir çox böyük iş adamı bunların içərisindədir. TUSKON-nun Azərbaycandakı partnyorları olan TUSİAB və “İpəkyolu”nda yüzlərlə iş adamları birləşib. Azərbaycanın ən karlı proyektləri onlara verilir. Milyonlarla dollara hökm edirlər. İnşaat, mebel, ağır-yüngül sənaye, restoran, reklam və biznesin ağlınıza gələn və gəlməyən bütün sektorlarında öndədirlər. Danışarkən, elə əda ilə danışırlar ki, sanki 90-cı illərdə batan Azərbaycana sərmayə qoyaraq, ayağa qaldırıblar və bu gün ölkəmizdə bizdən daha böyük haqqa sahibdirlər. Azərbaycanlı ortaqları – məmurların sayəsində ölkəmizdə bizdən daha böyük söz sahibi olan Ənvər Özərən, Yavuz Keleş, Mustafa Saatçı, Bahri Topuz, Ahmet Sanıc və TUSİAB-ın Azərbaycan versiyası olan “İpəkyolu”nun sədri Rəşid Çulaqov və təşkilatdakı əsas Camaat imamı Sərraf Nəzərov və başqalarının 90-cı illərdə hansı sərmayəsi var idi? Yüksək pafosla “90-cı illərdə Azərbaycana gəldik” deyən bu və digər şəxslər ölkəmizə hansı sərmayəni gətirmişdi? Dövlət üçün bunu araşdırmaq çətin deyil. TUSİAB-ın ilk İdarə Heyəti üzvləri olan Avni Gözütok, Mustafa Özalp, Faruk Güllüoğlu, Hilmi Öney, Eşref Gülerçin, Cemil Kahveci, Mustafa Pelit, Yusuf Kenan Eşki, Mehmet Akkaya neçə min sərmayə qoymuşdular ölkəyə? O sərmayənin qaynağı nə idi? Bu gün öz açıqlamalarına görə, Azərbaycanda toplam sərmayələri 7.5 milyard dollar olan TUSİAB-a bağlı şirkətlər bu pulun neçə faizini xaricdən gətirib, ölkəmizə yatırıblar? Araşdırılsa görüləcək ki, Gülənin missionerləri Azərbaycana ayaq basanda yamaqlı şalvarlarla gəlmişdilər. Yamaqlı şalvar geymək heç də ayıb deyil. Ancaq Bakıya gəldiklərində ev tutmağa gücləri olmayan, bizim Türkə olan sevgimizlə burada ayaqda dayanan, güclənən insanların bizə minnət qoymağa da haqqı yoxdur. Bunu biz deyil. Özlərinin ilk missionerlərindən olan Faruk Arslan açıqlayır. “İlk mühacirlər” kitabında yazır ki, “Zaman” qəzetinin o zamankı baş direktoru İlhan İşbilen (ötən il AKP-dən istefa edən millət vəkili) avtobusla Bakıya gəldi və 8 aprel 1991-ci ildə baş nazir Həsən Həsənovla görüşdü və baş nazirin təlimatı ilə “Zaman” üçün büro, həm də qəzetin Azərbaycan nümayəndəsi Yılmaz Poladın yaşaması üçün Bakı Dövlət Universitetinin yanında üç otaqlı ev verildi: “Bu ev hələ də “Zaman”ın xidmətindədir və qarşılığında heç bir şey ödənilmədi”. Bəli, biz hər zaman türk adı ilə qapımıza gələnə qucağımızı açdıq. Biz yüz ildə keçsə, bizim üçün düşmənə güllə atan türk əsgərini unutmadıq, bağrımızda saxladıq. Sovetin zülmü belə o əsgərləri unutdura bilmədi. Nə yazıq ki, 90-cı illərdə o türk həsrəti ilə sərhədləri yıxanda sizin kimilər də aradan sivişib gəldiniz və bu gün bizə meydan oxuyursunuz. Qarabağda da çox türk şəhidimiz oldu. Ancaq onlar sıfır sərmayə ilə gəlib, bizim pulumuzla güclənib, bizə meydan oxumağa deyil, türk torpağı uğrunda şəhid ya da qazi olmağa gəlmişdilər. Necə ki, arzularına çatdılar. Məkanları behişt olsun… Ancaq siz insanları Allahla aldatmağa dəvət etdiniz. Təqiyyəni tənqid edib, “tədbir”ə üstünlük verdiniz. Yenicə müstəqilliyə qovuşmuş bir ölkənin var olan sərvətlərini ustalıqla ələ keçirib, sonra bizim pulumuz və insanımızla üzərimizə gəlirsiniz.

***

“Ulusal” Kanala verdiyim reportajda bildirmişdim ki, Gülən Şəbəkəsi Azərbaycandakı önəmli isimlərini ölkədən çıxarmaq istəyir. 6-7 şəxsi çıxararaq, 2018-ci ildə ölkəyə qaytarmaq niyyətində olduqlarını bildirmişdim. Məqsəd illərlə yetişdirdikləri bu şəxsləri qorumaq və yetişdirməkdir. İlk sırada isə Prezident Aparatının sabiq şöbə müdiri Elnur Aslanovun adı gəlir. Onu hər zaman lider və prezidentliyə potensial namizəd olaraq görən Camaat burada bir müddət unutdurulmasında maraqlıdır. Artıq Elnur Aslanovun yaxın kadrlarının ölkədən çıxarılmasına start verilib. Potensialına inandıqları gənclərin xarici ölkələrə getməsinə şərait yaradılıb. Bunlardan biri Qafqaz Universitetinin prorektoru Sənnur Əliyevdir.

Sənnur Əliyev kimdir? S.Əliyev Hacəttəpə Universitetində oxuyub və o dönəm Ankara üzrə Camaatın azərbaycanlı tələbələr üzrə imamı olub. Bu gün də Sənnur Əliyev Əhməd Sanıc, Ənvər Özərən və Məsut Kurnazdan sonra “Qafqaz”da önəmli mövqeyə sahibdir. Eyni zamanda Gülənin Türkiyə vətəndaşı olan imamları üçün o, universiteti əmanət edə biləcəkləri azsaylı şəxslərdən biridir. Baxmayaraq ki, hətta azərbaycanlı fətullahçıların belə ona simpatiyası yox dərəcəsindədir. Adı yeyinti məsələlərində hallanan Sənnur Əliyev artıq Polşadadır. Bu ölkədə “təhsil”ini artıran S.Əliyev yalnız deyil. Elnur Aslanovun xaricdəki şəbəkəsinin bir çox üzvləri də Polşada fəaliyyət göstərməkdədir. Xaricə gedənlərdən biri də Rövşən İbrahimovdur. Aslanovu Bakı gecələrində yalnız qoymayan Fərhad Məmmədovun rəhbərlik etdiyi Strateji Araşdırmalar Mərkəzinin sabiq şöbə müdiridir.

Haşiyə. “Terrorun GÜLƏN üzü” kitabının 196-cı səhifəsində bu şəxs barədə yazılan bir məqamı diqqətinizə çatdırmaq istəyirəm: Rethink İnstitutu və SAM Amerikada Gülənist təşkilatlardan biri kimi tanınan Türk Amerikan Alyansının saytına nəzər yetirərkən, Rethink İnstitutuna rast gəldim. Vaşinqtonda yerləşən bu institut ABŞ-Türkiyə, ABŞ-Avrasiya mövzuları üzrə araşdırmalar aparan düşüncə quruluşudur. Gülənist “think thank” quruluşu ola Rethink İnstitutu Türkiyə məsələsində də Camaatın mövqeyindən çıxış edir. Gülənin dəstəklədiyi institutda SAM-ın sabiq şöbə müdiri Rövşən Ibrahimovun yazısına rast gəlmək çox da maraqlı olmadı. Çünki Gülənin qurduğu Qafqaz Universitetinin sabiq prorektoru olan Rövşən İbrahimov Elnur Aslanov tərəfindən SAM-a gətirilib və mühüm strateji mərkəzin xarici siyasətin təhlili şöbəsinə rəhbər təyin olunmuşdu. Qeyd edim ki, Rövşən İbrahimov bu gün oradan uzaqlaşdırılsa belə SAM daxilində ciddi ağırlığa sahibdir. Lakin Azərbaycan dövlətinin mühüm dövlət quruluşunun əməkdaşının (yazı dərc olunarkən, SAM-da şöbə müdiri vəzifəsindəydi) Rethink kimi Gülənin ABŞ-dakı institutunun internet səhifəsində yazı yazmasına necə münasibət göstərər, o qaranlıqdır.

***

Yuxarıda bir məqama diqqət çəkdik. Gülən Şəbəkəsi Azərbaycana nə gətirdi? O suala öz yazıları ilə cavab verdik. Bəlli oldu ki, gələrkən əlləri ətəklərindən uzun gəliblər. Bəs bu illər ərzində nə apardılar? İmtahanlarla istedadlı gənclərimizi seçib, onlar arasından özlərinə müridlər yetişdirdilər. Gülənin dediyi kimi, 25 il ərzində bu ölkənin beyni onlar tərəfindən istər “Çağ Öyrətim” (Yeni versiyası: “İstək”), istər “Araz” Kursları (Yeni versiyası “Güvən” Nəşriyyatının ədəbiyyatından istifadə edən Hazırlıq Mərkəzləri), istərsə də ABŞ-ın SOCAR və digər dövlət şirkətləri üçün mürid yetişdirən beyin mərkəzi olan Qafqaz Universiteti gəncliyimizi oğurladılar. Bu gün görünüşcə bizə bənzəyən, ancaq azərbaycançılıq ideyasından uzaq, “Hocaəfəndi” üçün ölməyə hazır olan minlərlə gəncimiz var. Budur 25 il ərzində Gülənin Azərbaycana “qazandırdıqları”. Bu illər ərzində beynimizlə bərabər ciblərimiz də boşaldıldı. Yüksək təhsil haqqı ilə yanaşı “Azərsu” kimi böyük dövlət şirkətlərinin proyektlərini halal olmayan yollardan ələ keçirən Camaat illərdən bəri Azərbaycana özlərindən olmayan və ya onlara xərac verməyən heç bir iş adamını buraxmadı. Bu gün də eyni proses davam edir. Bu gün də TUSİAB və “İpəkyolu” biznes sektorunda hegemonluğunu davam etdirir. Bu gün də TUSİAB-a bağlı “Aktiv Reklam” Azərbaycan dövlətinin böyük proyektlərində tendersiz-filansız qələbə çalmaqdadır. Bu gün “Rollup.az” kimi internet şirkətləri üzərindən Camaatın azərbaycanlı müridləri “qaz vurub-qazan doldurmaqdadır”.

Təbii ki, Vergilər Nazirliyində Vergilər Nazirliyinin Tədris Mərkəzinin Vergi metodologiyası kafedrasının müdiri Şaiq İsfəndiyar oğlu Xəlilov kimi bir “imam” olduqdan sonra nə problem yaşayacaqlar ki?.. Unutmayaq ki, TUSİAB-ın arxasında həm də Türkiyənin Azərbaycandakı səfiri Alpər Coşqun var. Bunu özü, həm də Türkiyə Prezidenti Ərdoğanın Paralelə qarşı savaşının ildönümündə açıqlayıb: “Biz hər zaman TUSİAB-ın (oxu: Gülənin) arxasındayıq”.

***

Azərbaycanın milyonlarına sahib çıxan bu şəbəkə “Zaman” qəzeti, “Dialoq Avrasiya” jurnalı və digər media quruluşları ilə mövcudiyyətlərini qorumaqdadırlar. Milyonlarla sərvəti qorumaq üçün təkcə ABŞ mediası ilə deyil, onlara problem yaradan hər hansı məmura buradakı media bağlantıları ilə də zərbə vurmaqdan çəkinmirlər. Nəticədə qazanan Gülən olur. Bu səbəbdən də onların dəvətlərinə aldanan məmurlar sonra istəsələr belə, o tordan xilas ola bilmirlər. Xilas ola bilmədikləri kimi, Azərbaycan Prezidenti İlham Əliyevin bu kimi ünsürlərə qarşı mübarizəsinə də zərbə vururlar. Onun üçün də barmaq qanqren olubsa, onun bütün vücuda yayılmasının qarşısını almaq üçün zamanında kəsmək lazımdır. Əks halda Türkiyədə yaşananların Azərbaycanda baş verməsi heç də uzaq deyil…

Aqil Әləsgər
Yenicag.az Analitik İnternet Qəzetinin baş redaktoru xüsusi olaraq,
AzNews.az üçün

www.yenicag.az

2329
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv