Türkiyənin 7 qadın rektorundan biri olan əslən azərbaycanlı Aygün Attar Oksford Universitetinin Liderlər Zirvəsinin “Sokrat” mükafatına layiq görüldü
2007-ci ilin noyabr ayının əvvəlləri idi. Quzey Kıprısın qəhramanı və qurucu cümhurbaşqanı, rəhmətlik Rauf Denktaşın dəvəti ilə Yavru Vətəndəydik. Yaxın Doğu Universitetində bir konfransda tanıdım bu xanımı…
O zaman Dumlupınar Universiteti Tarix Araşdırma Mərkəzi başqanı idi…
Çox alovlu çıxış etdi…
Erməni yalanlarını populist sözlərlə deyil, sənədlərlə yalanlamağa üstünlük verirdi…
Qafqazlarda erməni terroruna aid sənədləri bir-bir masaya yatırır, Qarabağda baş verənlərdən o qədər duyğulu danışırdı ki…
Moderator belə vaxtın keçdiyindən xəbərsiz idi…
Azərbaycan, Türkiyə və Rusiyada arxiv sənədlərini araşdırdığından, Türk-Eməni münasibətlərindən o qədər ötkəm danışırdı ki…
Bütün zal susmuşdu…
Nəhayət, məruzəçi çıxışını bitirdi və Universitetin zalını dolduran müəllim və tələbə kollektivi xanım məruzəçini ayaqda alqışladılar…
Jurnalist marağı ilə yanımdakı insandan soruşdum ki, “Bu xanım kimdir”?
Mən soyadı və səlis türkcəsi ilə Türkiyə türkündən seçilməyən bu xanıçın Azərbaycan türkü olduğunu eşitmək ayrı bir qürur mənbəyi idi…
Bir az öncəyə qədər “Şükür ki, Türkiyədə erməni məsələsini bu qədər dərin bilən professorlar var” hissi bir anda “Halal olsun, Azərbaycan qızı” ilə əvəzlənmişdi…
Konfransdan sonra tanış olduq…
İllərlə Azərbaycandan ayrı qalsa da, Qubadlı ləhcəsini heç unutmamışdı…
Çox səmimi həmsöhbət idi…
O qədər insanın arasında iki azərbaycanlının da onu dinləməsi ayrı həyəcan vermişdi xanım araşdırmaçıya…
Türkiyə-Azərbaycan-Ermənistan münasibətlərindən danışarkən, “çox gecikirik” deyə, heyfislənirdi…
Hələ ortada protokollar-filan olmadan, bu xanım gələcək illərdə yaşanacaqlardan danışır, ermənilərin səlib yürüşünə qarşı bizlərin bu qədər fəaliyyətsiz olmağımızdan narahatlığını dilə gətirirdi…
Zaman bu xanımı haqlı çıxardı…
Bəli, söhbət Aygün Attardan gedir…
O Aygün Attar ki, bu gün doğulduğu Qubadlı işğal altındadır…
O Aygün Attar ki, zamanında Azərbaycan Milli Elmlər Akademiyasınında lazımı dəyəri görmədi…
İqrar Əliyevlərin at oynatdığı Azərbaycan Elm Mərkəzlərində Aygün Attarlara yer yox idi, çünki…
Türkiyədə də keçdiyi yol hamar olmadı Aygün xanımın…
Bu gün Türkiyə dövlət olaraq, sinəsini irəli verib, ermənilərə “gəlin tarixi tarixçilərə buraxaq” deyə bilirsə, bu həm də Aygün Attarın gecə-gündüz demədən, rus-fars-türk arxivlərində uzun illər apardığı araşdırmaların sayəsindədir…
Türk tarix elminə çox ciddi əsərlər qazandıran Aygün Attar erməni lobbisi ilə üz-üzə qaldı…
Bir tərəfdə əli qanlı bir örgüt, bir tərəfdə isə varlığından, fəaliyyətlərindən öz ölkəsinin belə xəbəri olmayan Aygün Attar…
Lakin Aygün xanım geri çəkilmədi.
Hər zaman savaşdı…
Ermənilərlə mücadilə etdi…
Erməni sevgisini qəlbinə qazıyan və bir Azərbaycan Türkünün Türkiyədə yüksəlməsini istəməyənlərlə mübarizə apardı…
Dəfələrlə haqqı tapdandı….
Dəfələrlə onun olan açıq ədalətsizliklə başqasına verildi…
Yel qayadan nə apara bilər ki?
Aygün Attar öz duruşunu pozmadı…
Və sonucda Türkiyənin 7 qadın rektorundan biri kimi adını tarixə yazdırdı…
Bununla da yetinmədi…
Rektoru olduğu Giresun Universitetinin adını dünyanın ən yaxşı universitetlərinin sırasına yazdırdı…
Oksford Universitetinin “Sokrat” mükafatını aldı Aygün Attar…
Bəli, Azərbaycanın fəxri Oksford Universitetinin Liderlər Zirvəsində “Sokrat” mükafatına layiq görüldü…
Türkiyəyə iki nüfuzlu ödülü birdən qazandırdı, Aygün xanım…
Tanıdığım Aygün Attarın bununla yetinməyəcəyini bilirəm…
Uğurlarınızın davamını gözləyirik, Aygün xanım!..
Aqil ƏLƏSGƏR
www.yenicag.az