"Bu, ölkəmizin qlobal miqyasda artan nüfuzunu bir daha təsdiq edir" - ŞƏRHLƏR
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla sosial, siyasi, iqtisadi və hərbi sahələrdə strateji əməkdaşlıq quraraq, beynəlxalq nüfuzunu davamlı olaraq artırır.
Ölkəmiz, qlobal və regional miqyasda mühüm rol oynayan beynəlxalq təşkilatlarla əməkdaşlıqda fəal iştirak edir və beynəlxalq münasibətlərdəki məsələlərin həllində əhəmiyyətli söz sahibi olur. Prezident İlham Əliyevin Kopenhagenə səfəri isə Azərbaycanın beynəlxalq münasibətlərdəki mövqeyini daha da möhkəmləndirərək, ölkəmizin dünya siyasətindəki rolunun gücləndirilməsi üçün mühüm bir addım atıldığını göstərir.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkə qlobal miqyasda, xüsusilə Çin, Mərkəzi Asiya və Avropada etibarlı tərəfdaş kimi böyük nüfuz qazanıb.
Bu fikirləri Yenicag.az-a açıqlamasında deputat Hikmət Babaoğlu səsləndirib.
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq əməkdaşlıqda mühüm mövqeyə məhz Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində yüksəlib:
“Azərbaycan strateji mövqeyindəki çatışmazlıqları okeanlara çıxış imkanının olmamasını qlobal layihələr vasitəsilə üstünlüyə çevirib. Bu layihələr həm Qərbin, həm Şərqin, həm Şimalın, həm də Cənubun diqqət mərkəzindədir. Üstəlik, Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı bir tərəfdaş kimi tanınır və həm klassik enerji resursları, həm də yaşıl enerji resurslarını Avropa və digər tərəfdaş ölkələr üçün əlçatan və etibarlı enerji mənbəyinə çevirməyi bacarmışdır. Bu, ölkəmizin qlobal miqyasda artan nüfuzunu və strateji əhəmiyyətini bir daha təsdiq edir”.
Millət vəkili əlavə edib ki, Azərbaycan beynəlxalq münasibətlərdə güclü olduğu halda belə, zəiflər üzərində hegemonluq qurmağa çalışmır:
“Ermənistan otuz il Azərbaycan torpaqlarını işğal altında saxladı, amma Azərbaycan heç vaxt Ermənistanın bir qarış torpağını belə işğal etmədi. Bu, ölkəmizin ədalətə və beynəlxalq hüquqa verdiyi önəmin göstəricisidir”.
Hikmət Babaoğlunun sözlərinə görə, Avropanın hazırda qarşılaşdığı enerji və təhlükəsizlik böhranı fonunda Azərbaycanın rolu daha da artıb:
“Hazırda Avropa müxtəlif təhlükəsizlik problemləri ilə üzləşir. Bu problemlər həm enerji sahəsində, həm də hərbi-siyasi müstəvidə ciddi təhdidlər yaradır. Belə bir şəraitdə, Macarıstanın baş nazirinin Kopenhagendə səsləndirdiyi fikir Azərbaycanın Avropa ilə münasibətlərindəki ümumi yanaşmanı tam olaraq ifadə edir – Azərbaycan Avropa İttifaqının qızıl ehtiyatıdır”.
Politoloq Azər Hüseynov da Yenicag.az-a açıqlamasında bildirib ki, Prezidenti İlham Əliyevin Kopenhagendə keçirdiyi görüşlər Azərbaycanın praqmatik və ardıcıl xarici siyasət kursunun növbəti təzahürüdür.
Onun fikrincə, Azərbaycanın hədəfi yalnız regional sabitliyin təmin edilməsi və qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması ilə məhdudlaşmır:
“Prezident İlham Əliyevin Kopenhagendə keçirdiyi görüşlər bir daha göstərdi ki, ölkəmizin xarici siyasi prioritetləri təsadüfi qərarlarla deyil, praqmatik yanaşmalar üzərində formalaşdırılıb. Azərbaycanın hədəfi təkcə regional sabitliyin təmin edilməsi və qonşu ölkələrlə münasibətlərin normallaşdırılması deyil, eyni zamanda beynəlxalq iqtisadi sistemə daha dərin şəkildə inteqrasiya olunmaq, enerji, nəqliyyat və infrastruktur sahələrində mühüm oyunçuya çevrilməkdir. Bu isə Azərbaycanın həm Avropa, həm də daha geniş beynəlxalq arenada strateji mövqeyini gücləndirir, ölkənin söz sahibinə çevrilməsinə şərait yaradır. Belə bir siyasət Azərbaycanın yalnız enerji ixracatçısı kimi deyil, həm də diplomatik fəallığı, sülh təşəbbüsləri və beynəlxalq əməkdaşlıq platformalarında aktiv iştirakı ilə seçilən bir dövlət kimi mövqeyini möhkəmləndirir”.
Politoloq vurğulayıb ki, Azərbaycan artıq yalnız enerji ixracatçısı kimi deyil, həm də diplomatik fəallığı, sülh təşəbbüsləri və beynəlxalq əməkdaşlıq platformalarında aktiv iştirakı ilə fərqlənən dövlət statusunu möhkəmləndirir:
“Kopenhagen görüşləri Azərbaycanın regional gücdən beynəlxalq miqyaslı aktora çevrilmək istiqamətində atdığı ardıcıl addımların bariz nümunəsidir”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.
Məsimə Məmmədova