Uşaqlarda şirniyyat asılılığını valideynlər yaradır: "Yeməyini ye, konfet verəcəyəm" - VİDEO
Uşaqların şirniyyata meyli çox vaxt valideynlərin erkən yaşlardan verdiyi vərdişlər və şirniyyatı mükafat kimi təqdim etməsi ilə bağlıdır. Ekspertlər bildirir ki, bu, uşaqlarda sağlamlıq problemlərinə yol aça bilər.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında qida eksperti İlkin Şirinov bildirib ki, uşaqlarda şirniyyat asılılığının yaranmasının kökündə üç əsas amil dayanır erkən qidalanma vərdişləri, şirniyyatla düzgün olmayan münasibət və valideynlərin şirniyyatı mükafat vasitəsinə çevirməsi.
Onun sözlərinə görə, valideynlərin tez-tez işlətdiyi “yeməyini ye, sənə konfet verəcəyəm” kimi ifadələr uşaqlarda şirniyyata qarşı aludəçilik yaradır:
“Bu yanaşma uşağın beynində belə bir mexanizm formalaşdırır ki, əsas mükafat şirniyyatdır. Nəticədə şirniyyat yemək adi ehtiyacdan asılılığa çevrilir”.
İlkin Şirinov valideynlərə alternativlər təklif etməyi tövsiyə edir:
“Şirniyyatı tam qadağan etmək düzgün deyil, bu, psixoloji problemlər yarada bilər. Amma meyvə quruları, təzə meyvələr, çərəzlər kimi sağlam alternativlərdən istifadə etmək mümkündür”.
Qida eksperti əlavə edib ki, səhər yeməyini yeməyən uşaqlara enerji bərpası üçün pul verib “şirin bir şey al” demək də şirniyyatı əsas qida mənbəyi kimi təqdim edir:
“Bu düşüncə uşaqda formalaşır ki, şirniyyat həm səhər yeməyini, həm də enerjini əvəz edə bilər. Nəticədə təbii asılılıq yaranır və sonradan bunun fəsadlarından qaçmaq çətin olur”.
Ətraflı videomaterialda:
Samir Məcid












