Yeganə Hacıyeva: "Türkiyədə keçirilən danışıqlar gələcək sülhün təməlidir"
“Türkiyədə keçirilən danışıqlar həmişə konkret və ölçülə bilən nəticələrlə yadda qalır”
Bu sözləri Yenicag.az-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyeva bildirib.

Y. Hacıyeva dünyada baş verən müharibələrdə danışıqlar prosesində Türkiyənin rolu və Türkiyədə keçirilən müzakirələrin reallığa keçmə ehtimalı haqqında nümunələr sadalayıb:
“Son dörd ilin diplomatik mənzərəsinə baxdıqda aydın görünür ki, Rusiya–Ukrayna münaqişəsinin tənzimlənməsi istiqamətində müxtəlif platformalarda ABŞ, Aİ və digər Avropa paytaxtlarından beynəlxalq təşkilatların vasitəçiliyinə qədər çoxsaylı təşəbbüslər olsa da, real nəticə doğuran yeganə format Türkiyənin ev sahibliyi etdiyi danışıqlar olmuşdur. Türkiyə platformasının fərqləndirici xüsusiyyəti onun balanslı və çoxtərəfli diplomatik yanaşması olmaqla paralel, Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə olunan təşəbbüslər üzərindən irəliləməsi faktı idi. Türkiyə nə tam şəkildə Qərb blokunun sərt sanksiya siyasətinə qoşulmuş, nə də Rusiya ilə münasibətlərini konfrontasiya müstəvisinə keçirmişdir. Bu isə rəsmi Ankaraya hər iki tərəflə birbaşa və etibarlı dialoq aparmaq imkanı vermişdir. Halbuki digər platformalarda, xüsusilə Qərb mərkəzli təşəbbüslərdə tərəflərdən biri danışıqları qərəzli hesab edir, nəticədə proses ya dalana dirənir, ya da formal xarakter daşıyırdı”.
Politoloq qeyd edib ki, Türkiyədə keçirilən danışıqlar bəzən sülhlə nəticələnsə də, bəzi hallarda effektiv alınmayıb:
“Bir çox hallarda bu təşəbbüslər ya siyasi bəyanatlar səviyyəsində qalmış, ya da tərəflərin maksimalist mövqeləri səbəbindən real danışıqlara çevrilə bilməmişdir. Həmçinin bəzi vasitəçilərin prosesdə tərəfsiz görünməməsi danışıqların legitimliyinə xələl gətirmişdir. Bu isə müqayisədə Türkiyə modelinin üstünlüyünü daha da qabarıq göstərir. Türkiyədə keçirilən danışıqlar konkret və ölçülə bilən nəticələrlə yadda qalmışdır. Məsələn, ən bariz nümunə kimi Qara dəniz taxıl təşəbbüsünü göstərmək olar. Bu razılaşma təkcə Ukraynanın iqtisadi nəfəs almasına imkan yaratmadı, həm də qlobal ərzaq təhlükəsizliyi baxımından kritik rol oynadı. Digər platformalarda isə bu miqyasda praktiki nəticə verən razılaşmalar əldə olunmayıb. Bu fakt Türkiyə formatının effektivliyini yalnız regional deyil, qlobal kontekstdə faydalı etmişdir”.
Y. Hacıyeva Türkiyənin regionda böyük güc hesab edildiyi üçün danışıqlar prosesində sözünün keçərli olduğunu və bunun da effektivliyi artırdığını bildirib:
“Qeyd edim ki, Türkiyənin geosiyasi mövqeyi və institusional imkanları bu prosesi dəstəkləyən əsas faktorlardandır. NATO üzvü olmaqla yanaşı, Rusiya ilə enerji, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlığı davam etdirməsi Ankaraya unikal vasitəçilik statusu qazandırıb. Bu status digər aktorlarda ya ümumiyyətlə mövcud deyil, ya da ciddi şəkildə məhduddur. Nəticədə Türkiyə həm etimad quruculuğu, həm də texniki razılaşmaların həyata keçirilməsi baxımından daha effektiv platforma təqdim edir. Nəticə etibarilə demək olar ki, son dörd ilin təcrübəsi Türkiyənin vasitəçilik formatının Ukrayna üçün ən faydalı və nəticəyönümlü platforma olduğunu göstərir. Bu, yalnız əldə edilmiş razılaşmalarla deyil, həm də tərəflər arasında dialoqun davamlılığını təmin etmə qabiliyyəti ilə ölçülür”.
Rusiya və Ukrayna münaqişəsinə toxunan politoloq hazırkı mərhələdə bu müharibənin artıq qlobal güclər müharibəsinə çevrildiyini diqqətə çatdırıb:
“Qeyd edim ki, Rusiya–Ukrayna müharibəsi artıq təkcə iki dövlət arasında klassik hərbi qarşıdurma deyil; qlobal güclər arasında qarşıdurma, rəqabət, enerji təhlükəsizliyi və ən əsası, yeni dünya nizamı uğrunda mübarizənin bir hissəsinə çevrilmişdir. Belə mürəkkəb münaqişələrdə isə sırf hərbi üstünlük deyil, etibarlı və işlək diplomatik kanallar həlledici rol oynayır. Məhz bu nöqtədə Türkiyə formatının davam etdirilməsi strateji əhəmiyyət qazanır. Çünki alternativ platformaların əksəriyyəti ya siyasi bloklaşmanın təsiri altındadır, ya da tərəflərdən biri üçün qəbuledilməz görünür.
Bu isə danışıqları formal prosesə çevirir və real nəticə ehtimalını minimuma endirir. Türkiyə isə mövcud balans siyasəti sayəsində həm Moskva, həm də Kiyev üçün “itkisiz dialoq məkanı” kimi çıxış edə bilir. Bu amil gələcəkdə atəşkəs, humanitar razılaşmalar və hətta mərhələli sülh planlarının müzakirəsi üçün yeganə praktik zəmin olaraq qalır.
Digər mühüm məqam isə ondan ibarətdir ki, Türkiyə platforması artıq öz effektivliyini praktik nəticələrlə sübut edib. Bu, danışıqların davamlılığı üçün psixoloji və siyasi kapital yaradır. Tərəflər uğurlu presedentə əsaslanaraq yeni razılaşmalara daha açıq yanaşa bilir. Bundan əlavə, qlobal aktorların mövqelərindəki sərtləşmə də Türkiyə formatını daha aktual edir.”
Yeganə Hacıyeva həmçinin xəbərdarlıq edib ki, Türkiyə formatının zəifləməsi sülh ehtimalını yox edə bilər:
“Qərb–Rusiya münasibətlərində dərinləşən qarşıdurma fonunda Türkiyə kimi neytral və ya yarı-neytral vasitəçilərin rolu artır.Türkiyənin həm regional güc, həm də beynəlxalq sistemdə müstəqil oyunçu kimi mövqeyi ona bu boşluğu doldurmaq imkanı verir. Bu isə o deməkdir ki, əgər bu danışıqlar kanalı zəifləsə və ya sıradan çıxsa, onu eyni effektivliklə əvəz edəcək alternativ mexanizm faktiki olaraq mövcud deyil. Nəticə etibarilə, Türkiyədə formalaşmış danışıqlar platforması təkcə keçmiş uğurlu təşəbbüslərin nəticəsi deyil, həm də gələcək sülh arxitekturasının potensial təməlidir.
Bu formatın davam etdirilməsi yalnız diplomatik seçim deyil, eyni zamanda münaqişənin idarəolunan çərçivədə saxlanılması və mərhələli həllə doğru yönləndirilməsi üçün zəruri şərt kimi çıxış edir. Qeyd edim ki, mövcud geosiyasi reallıqlar fonunda münaqişənin gələcək həlli perspektivləri də böyük ölçüdə məhz bu formatın davam etdirilib-etdirilməsindən asılı olacaq.”
Nurlan Cəfəri













