“Azərbaycanın 44 gündə etdiyini dünya illərdir bacarmır!” - Siyasi şərhçi
“Müharibə örnəyini Azərbaycandan götürmək üçün liderlərin zəka problemi var”
Bu fikirləri Yenicag.az-a açıqlamasında “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.
Siyasi şərhçi dünyada baş verən müharibələrdə Azərbaycanın hərbi taktikasına böyük ehtiyac olduğunu diqqətə çatdırıb:
“Azərbaycanın apardığı 44 günlük müharibə, daha sonra həyata keçirdiyi antiterror tədbirləri və Qarabağda separatizmin kökünün kəsilməsi istiqamətində atılan addımlar dünya ölkələri üçün örnək olmalıdır. Biz müharibədə yalnız hərbi hədəflərə zərbələr endirirdik. Azərbaycan erməni millətindən olan mülki şəxslərə qarşı heç bir aqressiya göstərmədi. Biz yalnız öz torpaqlarımızı işğaldan azad etmək uğrunda döyüşdük və hədəfimizə nail olduqdan sonra dayandıq. Azərbaycanın hərbi gücü imkan verirdi ki, İrəvana qədər gedək, Qərbi Azərbaycanı da erməni işğalından azad edək, amma biz bunu etmədik. Müharibəni BMT tərəfindən tanınan rəsmi sərhədlərimiz çərçivəsində gerçəkləşdirdik”.
Mübariz Göyüşlü qeyd edib ki, hazırda müharibə aparan dövlətlər Azərbaycanın hərbi strategiyasından dərs almalıdırlar:
“Azərbaycanın tətbiq etdiyi taktika, ordusunun qəhrəmanlığı və digər strateji məsələlər hazırda hərbi tarixçilər tərəfindən dərindən araşdırılır; bu proses hələ uzun müddət davam edəcək. Biz ətrafımızda gedən digər müharibələri də görürük. Rusiyanın Ukraynaya təcavüzü, ABŞ-İran gərginliyi və s. Bu münaqişələrdə müharibənin necə amansız aparıldığının, mülki əhalinin necə böyük ziyan gördüyünün və infrastrukturun məhv edildiyinin şahidi oluruq. Düşünürəm ki, dünyada müharibələri başladan liderlərin siyasi və hərbi zəkası, eləcə də humanizm hissi kifayət qədər deyil. Onların hərbi texnikaları çox güclü olsa da, hərbi zəkaları və strateji düşünmə qabiliyyətləri kifayət qədər aşağıdır”.
Nurlan Cəfəri













