Bəhruz Məhərrəmov: “Solovyov beynəlxalq hüququ efir naminə qurban verir"
“Solovyovun Ermənistanın revanşist ideologiyasını və saxta tarix tezislərini tirajlaması strateji sənədlərin ruhuna ziddir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
Deputat rusiyalı teleaparıcı Vladimir Solovyovun Gəncəsər monastırını “erməni məbədi” kimi təqdim etməsinə və Nikol Paşinyanın “Qarabağ heç vaxt bizim olmayıb” etirafına rəğmən, bölgənin keçmişinə dair manipulyasiya cəhdlərinə sərt reaksiya verib:
“Rusiya Federasiyasının dövlət yayım platforması olan “Rossiya 1” kanalında Vladimir Solovyov tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı səsləndirilən iddialar sadəcə subyektiv rəy deyil, beynəlxalq hüququn norma və prinsiplərinə qarşı yönəlmiş hüquqi nihilizm aktıdır. Məlumdur ki, 22 fevral 2022-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin 1-ci və 18-ci bəndlərinə əsasən, tərəflər bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət göstərməli, habelə nifrət və separatizmi qızışdıran fəaliyyətlərin qarşısını almalıdırlar. Solovyovun dövlət resursundan istifadə edərək Ermənistanın revanşist ideologiyasını və saxta tarix tezislərini tirajlaması bu strateji sənədin ruhuna və hüquqi mahiyyətinə birbaşa ziddir.
Eyni zamanda, Gəncəsər monastırı üzərindən aparılan manipulyasiyalar, Azərbaycanın Alban dövrünə aid xristian irsinin “mədəni mənimsənilmə” cəhdidir. Bu, UNESCO-nun 1972-ci il “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının prinsiplərinə zidd olmaqla yanaşı, Rusiyanın dövlət yayım resursundan istifadə etməklə Azərbaycanın daxili işlərinə və suveren hüquqlarına müdaxilə cəhdidir. Habelə, BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə əsasən, dövlətlər digər dövlətin ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və ya güc tətbiq etməkdən çəkinməlidir”.
B. Məhərrəmov rəsmi Moskvanın bu tip şəxslərin dövlət kanalında çıxışına yol verməməli olduğunu və Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesini zədələyən bu cür hallara qarşı tədbir görülməsinin vacibliyini vurğulayıb:
“Solovyovun Azərbaycan torpaqlarını “mübahisəli” və ya “yad” elementlər kimi təqdim etməsi hüquqi müstəvidə “separatizmə təşviq” və “informasiya təcavüzü” elementlərini ehtiva edir. Azərbaycan tərəfi olaraq biz bu cür çıxışları sadəcə bir media nümayəndəsinin şəxsi fikri kimi deyil, Rusiya mediasının dövlət nəzarətində olduğunu nəzərə alaraq, rəsmi Moskvadan “non-interference”(daxili işlərə qarışmama) prinsipinə riayət etməyi tələb etmək hüququna malikik. Müttəfiqlik Bəyannaməsinin şərtlərini görməzdən gələn və beynəlxalq hüququn təməl prinsiplərini “efir naminə” qurban verən Solovyov və onun himayədarları bilməlidirlər ki, bu hərəkətlər regional təhlükəsizlik arxitekturasına qarşı törədilmiş hüquqi təxribatdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış reallıqdır və heç bir media manipulyasiyası bu hüquqi statusu sarsıda bilməz”.
Nurlan Cəfəri













