GAP sədri İlqar Məmmədovu yıxıb-sürüdü : “Get psixoloqa müraciət et!”
“Hakim partiyanı dəstəkləyirik, amma birləşməyəcəyik. İlqar Məmmədov psixoloqa müraciət etsin!”
Bu sözləri Yenicag.az-a açıqlamasında Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu bildirib.
Partiya sədri Respublikaçı Alternativ Partiyasının (ReAl) keçmiş sədri İlqar Məmmədovun iddialarına cavab verib. O, rəhbərlik etdiyi təşkilatın Yeni Azərbaycan Partiyasına (YAP) birləşəcəyi barədə xəbərlərin tamamilə yalan olduğunu vurğulayıb:
“Dünən mən qəti şəkildə bu birləşmə informasiyasının yalan olduğunu, belə bir müraciətin edilmədiyini və rəhbəri olduğum partiyanın belə bir addım atmadığını qeyd etdim. Yeni Azərbaycan Partiyasına və ölkədəki milli dövlətçilik dəyərlərini rəhbər tutan bütün siyasi partiyalara hörmətimizi ifadə edirik. Onların arasında bizim üçün dost, qardaş və müttəfiq hesab etdiyimiz partiyalar var. Onlardan biri də doğma partiyamız olan, müstəqil Azərbaycanın ən çətin günlərində yaranmış və ölkəni parçalanmaqdan, dağılmaqdan, müstəqilliyini itirməkdən qurtarmış Yeni Azərbaycan Partiyasıdır. Onun sədrinə də sayğımız və dərin hörmətimiz sonsuzdur. Biz YAP-ı özümüzə strateji müttəfiq bilirik. 2024-cü il seçkilərində də GAP hazırkı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı, YAP sədri İlham Əliyevi müdafiə etmişdi. Bu, bizim qurultayımızın qərarı idi. Biz Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti tam dəstəkləyirik.”
Gələcək Azərbaycan Partiyasının sədri YAP-la birləşmək iddialarını qətiyyətlə təkzib edib:
“Bu gün partiyamız öz siyasi xətti üzrə fəaliyyətini davam etdirir, hər hansı birləşməyə ehtiyac yoxdur. Məsələn, qardaş Türkiyədə MHP uzun illərdir AKP-nin siyasi xəttini müdafiə edir və strateji müttəfiqlik münasibətlərinə malikdirlər. Lakin ideoloji fərqlər olduğu üçün bu partiyaların birləşməsi heç vaxt müzakirə mövzusu olmayıb. Azərbaycanda da bu cür siyasi mədəniyyəti formalaşdırmaq lazımdır. Əgər müxalifətdən hər hansı bir partiya iqtidarın siyasətini dəstəkləyirsə, bu, onun mütləq iqtidar partiyasına birləşəcəyi mənasına gəlmir. Sağlam münasibətlərdə doğru olan addımlar müdafiə olunmalıdır.”
A. Şakiroğlu bu iddiaları ortaya atan İlqar Məmmədovu sərt tənqid edib:
“Azərbaycanda müəyyən gündəm və şou yaratmaq istəyənlər məsələləri təhrif edir, saxta məlumatlar əsasında ictimai rəy formalaşdırmağa çalışırlar. Mən bu hərəkətləri qeyri-ciddi hesab edirəm. Məlumat o zaman ciddi qəbul olunur ki, onun real əsası olsun. Bu iddialar isə ağ yalandır.”
Nurlan Cəfəri













