78 illik usandıran QANLI SAVAŞ – Qlobal güclərin marağına xidmət edən HƏMAS

media-hightechnic-468x90

“Livan xalqı “Hizbullah”dan, fələstinlilər isə HƏMAS-dan yorulub, bezib”.

Bu fikirləri Yenicag.az-la söhbətində Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, iranşünas Sədrəddin Soltan bildirib.media-img-20250328-wa0002

İsrailin son günlər Qəzza zolağında yenidən aktivləşməsini və “Hizbullah”ın gələcək taleyini şərh edən ekspert Yaxın Şərqdə baş verən proseslərin gedişatına aydınlıq gətirib:

“İsrailin həm Livanda “Hizbullah”a zərbələr endirməsi, həm Suriyada bufer zonada möhkəmlənməsi, eləcə də Fələstinin Qəzza zolağında əməliyyatları intensivləşdirməsi İranın regionda başladığı prosesin göstəricisi kimi dəyərləndirilə bilər. Çünki Tehran hakimiyyətinə qarşı ABŞ-nin elan etdiyi danışıqlar məsələsi, eləcə də Tehrana qarşı ABŞ prezidenti Donald Trampın xəbərdarlıqları İranın Qəzza zolağı, Livan, Suriya ilə yanaşı, həm də Yəməndə husilərin simasında aktivləşməsinə səbəb olub”.

Onun sözlərinə görə, Suriyada Tartus və Latakiyada təxminən yarım ay öncə Bəşər Əsəd hakimiyyətindən qalma generalın mövcud hakimiyyətə qarşı qiyam qaldırması və onun yatırılması da İran hakimiyyətinin özünü göstərməsidir:

“Hələ fevralda ABŞ Prezidenti bəyan etmişdi ki, HƏMAS əsirləri qısa müddətə azad etməyəcəyi təqdirdə onlara qarşı irimiqyaslı əməliyyatlar başlayacaq. Həmin vaxt HƏMAS girovların tamamını azad etməyib, bir qismini sərbəst buraxdı. İndi isə yenidən girovların qaytarılması məsələsində problem yaranıb və HƏMAS sərbəst buraxdığı israilli girovlardan özünü təbliğ üçün istifadə edir. Onları danışdırır, onlardan özlərinə sərf edən formada müxtəlif etiraflar alırdı, bunu da İsrail qəbul etmədiyi üçün onlara xəbərdarlıq etmişdi ki, girovları azad edərkən bu addımları atmasınlar. Ehtimal edirəm ki, HƏMAS tərəflər arasında əldə edilmiş atəşkəs və girovların qaytarılması ilə bağlı razılaşmaları pozduğuna görə İsrail hakimiyyəti HƏMAS-ın silahlı qanadı ilə bağlı məsələni birdəfəlik həll etməyi qarşısına hədəf qoyur”.

“Eləcə də “Hizbullah”la bağlı məsələ də bu qəbildəndir. Bütün bunların hamısı guya “Hizbullah”ın guya zəifləmədiyini, sıradan çıxmadığını, HƏMAS-ın guya bir ideya olduğunu və bu ideyanın sıradan çıxmadığını sübut etmək üçün atılan addımlardır. İsrail hakimiyyəti də bu məsələni birdəfəlik həll etməyə çalışır. “Hizbullah” da İsraillə əldə edilmiş razılaşmalara görə atəşkəsi pozduğu görünür. Suriyanın müxtəlif istiqamətlərində hərbi toqquşmalar yaradıb silahlı basqınlar etməklə özünün varlığını göstərmək istəyir”, – deyə o, əlavə edib.

Ekspert hesab edir ki, bütün bu baş verənlər, əslində, İranın varlığını göstərmək istəməsidir:

“Bütün bunlar, əslində, nə HƏMAS, nə “Hizbullah”, nə də husilərin varlığı deyil, regionda birbaşa İranın varlığını göstərməsidir. İran özünün regionda güc olduğunu və hələ də bu istiqamətdə fəaliyyət göstərməyə qadir olduğunu nümayiş etdirir”.

Siyasi şərhçi həmçinin diqqətə çatdırıb ki, Livan xalqı da artıq “Hizbullah”ın varlığından bezib:

“Qeyd etmək yerinə düşərdi ki, artıq Livanda da insanlar bölgədə “Hizbullah”ın əməliyyatlarından bezib, eləcə də Fələstində HƏMAS-ın zorakılığından, insanlara tətbiq etdikləri məcburiyyətlərdən insanlar bezib. Hər iki bölgədə – həm Livanda, həm də Fələstinin Qəzza zolağında insanlar əmin-amanlıqda yaşamaq istəyirlər. 80 ilə yaxındır fələstinlilər silahlı mübarizə aparır və heç bir nəticə də əldə edilməyib. Əksinə, ərazi itkisi, insan itkiləri, yurd-yuvalarından didərgin düşüb qaçqınlıq həyatı yaşamaq məcburiyyətində qalıblar. Bu 78 ildə Fələstin ərəblərinin nəsibi yalnız bu olub”.

S. Soltanın fikrincə, yeni dövrə, yeni dünyaya başlamaq üçün fələstinlilər hesab edir ki, HƏMAS kimi silahlı qruplaşmalar onların taleyi üçün deyil, daha çox başqa qüvvələrin maraqlarının ifaçısıdır:

“Fələstin 1947-ci ildən apardığı 78 illik mübarizəsi dövründə daha çox hansısa qüvvələrin tapşırığının ifaçısı olub. Vaxtilə SSRİ-nin, indi isə İranın və s. kimi ölkələrin maraqlarına xidmət ediblər. Sabah, martın 28-də Ramazan ayının son cümə günüdür. Hər il İranda Ruhulla Xomeyninin təşəbbüsü ilə “Qüds Günü”nü qeyd edəcəklər. Bu günü qeyd etdiklərinin 46-cı ilində Fələstin camaatı üçün heç bir faydası olmayıb. Ona görə də insanlar müharibədən və başqalarının maraqları naminə öldürülməkdən beziblər”.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600