Şövkət Orduxanov adına Qusar şəhər stadionu bir vaxtlar şimalın ən yaxşı idman qurğularından biri hesab olunurdu. Amma “Azərenerji” ASC’nin prezidenti Etibar Pirverdiyev Qusarı təmsil edən “Şahdağ” komandası kimi, bu stadionun da taleyinə “balta vurdu”.
2017-ci ildən təmirə dayanan stadiondan bu günə qədər xoş soraq yoxdur. Gah dedilər , 2023-ün sonunda qapılarını futbolseverlerin üzünə açacaq, gah dedilər 2024-də açılacaq, artıq 2025-ci ilin 3-cü ayıdır. Amma…
Qusar rayonunu təmsil edən iki klub – “Şahdağ Qusar” və “Qusar FK” tam şəhərdən ayrı düşüb. Birincisi ev oyunlarını Şamaxıda, ikincisi isə Sumqayıtda keçirir….
Fəaliyyətini dayandıran, indiki “Şahdağ Qusar” ilə heç bir əlaqəsi olmayan “Şahdağ”ın təsisçisi İlham Murtuzayev bu günlərdə “Futbol+” qəzetinə müsahibə verib.
“Uşaq vaxtından Qusar şəhər stadionunda futbol oynamışam. Bu stadionu söküblər. 15 ildir ki, Baş Prokurorluğa, Qusar İcra Hakimiyyətinə və Ədliyyə Nazirliyinə yazıram.
Sadəcə bir suala cavab almaq istəyirəm: bu stadionun yerinə nə tikiləcəyini öyrənmək istəyirəm. 15 ildir bu suala cavab verən yoxdur. O, stadionu mənim atam tikib. Atam həmin vaxt rayon partiya komitəsinin sədri olub. Camaatın sevdiyi stadion idi. Hansı layihə əsasında sökülüb? Nə iş görülür orda ? Hər kəsə bu sualları ünvanlamışıq.
FİFA 8 milyon dollar ayırıb. Tam sökülən stadionu yarımçıq tikdilər. 8 milyonun hara getdiyi bilinmədi, hansı layihə üzərində tikildiyi bilinmədi. Məni AFFA-ya buraxmırlar. AFFA yaranmamışdan öncə “Şahdağ”ın 60 illik tarixi var idi. Elxan Məmmədovun dövründə Ədliyyə Nazirliyinə məktub yazmışdım. Məktublarımı cavabsız qoymuşdular.
Bütün bu bəlaların səbəbkarı Etibar Pirverdiyevdir. O, AFFA’ya deyib ki, İlhama pul vermişəm və ondan stadionu almışam. Etibarın Qubadan Bakıya kimi dükanları var. Stadionun yerində ev tikmək istəyirdi. Mənə yalandan dedi ki, komandanı mənə ver, sən saxlaya bilmirsən. Yanındakılara da demişdi ki, İlham komanda ilə bağlı nə dedisə, odu. Gördüm ki, ağaclar kəsilib, stadion sökülməyə başladı. AFFA mənə yazdı ki, həmin stadionda hansısa təmir işlərinin aparılması nəzərdə tutulmayıb”./“Futbol+” qəzeti
www.yenicag.az