MÜSTƏQİLLİYİMİZİN BƏRPASI ƏRƏFƏSİNDƏ İLK MİLLİ QARANQUŞUMUZ “AZADLIQ”,YOXSA “AZƏRBAYCAN”?
XX ƏSR “AZƏRBAYCAN”INDAN XXI ƏSR “AZƏRBAYCAN”INA GƏLƏN YOL…
İlk olaraq deyim ki,yazıya belə bir başlıq seçməkdə məqsədim nə qalmaqal,nə səs-küy,nə də diqqət mərkəzində olmaqdır.Söhbət yaxın tariximizlə bağlı yanlış formalaşdırılıb,yaddaşlara hopdurulan bir faktdan və ya haqqı tapdalanmış,oğurlanmış bir həqiqətin üstünün açılmasından gedir.O dövrün keşməkeşlərini dövrü mətbuatdan və o zamanın digər məhdud informasiya vasitələrindən ardıcıl,sırabasıra, milli duyumlu bir gənc həyəcanı və hərisliyi ilə izləmiş biri kimi “Azadlıq”ımıza olan sevgimi və hörmətimi üstlənmədən “Azərbaycan”ımızın itirilmiş haqqını savunmağı özümə vətəndaş borcu bildim.
Əslində eyni dövrün məhsulu olan “Azərbaycan” və “Azadlıq”qəzetlərinin ilk buraxılışları arasında elə böyük bir zaman fərqi olmasa da,hər halda milli dövlətçiliyimizin XXI əsrin astanasında növbəti bərpasına qədər müstəqillik düşüncəsi ilə meydana atılan və ölkəni sürətlə qapsayan ilk milli ruhlu demokratik qəzetimiz 1989-cu ilin dekabr ayında nəşrinə başlanılan “Azadlıq” deyil,həmin tarixdən iki ay öncə yəni 1989-cu ilin oktyabrında Sabir Rüstəmxanlının redaktorluğu ilə “Qarabağa Xalq Yardımı Komitəsinin” mətbu orqanı kimi fəaliyyətə başlayan “Azərbaycan” qəzeti olmuşdur.
İndi isə gəlin 1918-ci ildən bu günümüzə qədər 2 mərhələni şərəflə adlayıb, hazırda 3-cü mərhələsini müstəqil Azərbaycan Respublikasının Ali Məclisinin orqanı kimi davam edən “Azərbaycan” qəzetinin keçdiyi özünəməxsus tarixi inkişaf yoluna araşdırma gözü ilə qısa bir baxış ataq.
Hamımızın bildiyi bəlli keçid mərhələləri olan mətbuat tariximiz var.Bu tarixdə “Azərbaycan”qəzeti “Əkinçi” mərhələsi ilə başlayıb,”Şərqi-Rus”,”Molla Nəsrəddin”,”Füyuzat” yolunu keçmiş mətbuat meydanımızda vətənimizin,ölkəmizin,yurdumuzun adı ilə ilk dəfə ifadə olunan böyük və yekun mərhələdir.
1918-ci ilə qədər Quzey Azərbaycanda çıxan qəzet və jurnallar arasında “Azərbaycan” adlı mətbu orqana rast gəlmirik.Hələ keçən əsrin sonlarında “Azərbaycan” adında bir qəzet nəşr etmək uğrunda təşəbbüslər olsa da,hökümət onun qarşısını qətiyyətlə almışdı.Çünki,buna yol vermək Azərbaycan adında bir ölkənin varlığını etiraf etmək demək olardı.
Belə bir imkan ancaq çar Rusiyasının dağılmasından sonra yarandı.1918-ci ildə “Azərbaycan” adında iki qəzet nəşrə başladı.Bunlardan biri həmin ilin yanvar-mart aylarında siyasi,ədəbi orqan kimi həftədə iki dəfə olmaqla öztürkcəmizdə və fars dilində Bakıda nəşr olunurdu.Qəzetin naşiri və baş redaktoru F.Əliquluzadə idi.
1918-ci ildə Gəncədə nəşrə başlayan digər “Azərbaycan” isə milli mətbuat tariximizdə əlamətdar bir hadisəyə çevrildi.”Azərbaycan”ın ilk 4 nömrəsi 14sentyabr 1918-ci ildən başlayaraq Gəncədə çıxmış,5-ci nömrədən isə yəni 3oktyabr 1918-ci ildən etibarən nəşri Bakıda davam etdirilmişdir.
Qəzetin redaktorlarından biri olan Ceyhun bəy Hacıbəyli xatirələrində yazır; “Azərbaycan”ımızın ilk sayı sentyabrın 15-də çıxdı…
“Azərbaycan”ımız Azərbaycan paytaxtının qurtuluşu günü nəşrə başladı.Üç-dörd gündən sonra Bakıya gəldik. “Azərbaycan” ikiləşdi.Biri türkcə,biri də rusca çıxırdı.Türkcəni mən,ruscanı Şəfi bəy ilə idarə edirdik”.
Ceyhun bəyin bu qiymətli şəhadətində bəzi qeyri-dəqiq məqamlar vardır.Çünki,Ceyhun bəy xatirələrini uzun illər keçdikdən sonra -1951-ci ildə yaddaşına əsaslanaraq yazmışdır.
Əvvəla “Azərbaycan” elə Gəncədə ikiləşmişdi,yəni türkcə olduğu kimi, “Azərbaycan”ın rusca da 4 nömrəsi orada şıxmış,sonra 1918-ci il oktyabrın 7-dən Bakıda davam etdirilmişdi.Bu barədə türkcə çıxan “Azərbaycan”da oxuyuruq; “Sabiqdə Gəncədə rus dilində nəşr olunan “Azərbaycan” qəzetəsi şənbə günündən(7 oktyabr 1918) etibarən Baklda nəşr olunmağa başlayacaqdır”.
İkincisi “Azərbaycan”ı kimlərin idarə etməsi haqqındakı məlumatlarda da qeyri-dəqiqlik vardır ki,onu aşağıda qeyd edəcəyik.
“Azərbaycan” qəzeti 8-ci nömrəyə qədər “Heyəti-təhririyyə”,8-49-cu nömrələrdə Ceyhun bəy Hacıbəyli və Şəfi bəy Rüstəmbəylinin(50-ci nömrədə müdir göstərilmir),51-ci nömrədən ta 1919-cu il kanuni-sanidə(yanvarda)çıxmış 89-cu nömrəyə qədər Ceyhun bəy Hacıbəylinin,89-cu nömrədən 1919-cu il 4 temmuz(iyul) tarixli 216-cı nömrəyə qədər müvəqqəti olaraq Üzeyir bəy Hacıbəylinin,4 temmuz 216-cı nömrədən 1 eylül 265-ci nömrəyə qədər bir müddət Xəlil İbrahimin,1 eylül 265-ci nömrədən 31 kanuni-əvvəl(dekabr) 1919-cu il tarixli 358-ci nömrəyə və 1 kanuni-sanidən(yanvar) ta 28 nisan(aprel) 1920-ci il tarixli 85-ci nömrə də daxil olmaqla Üzeyir bəy Hacıbəylinin müdirliyi ilə çıxmışdır.
“Azərbaycan” ın redaktorlarından olan Şəfi bəy Mustafa oğlu Rüstəmbəyli Azərbaycan Demokratik Cümhuriyyətinin daxili işlər nazirinin müavini kimi Azərbaycanın milli istiqlalı uğrunda gedən mübarizələrin fəal iştirakçısı olmuşdur.O, 1918-1920-ci illərdə rusca “Azərbaycan”a redaktorluq etməklə bərabər,həm də 1918-ci ilin 7 dekabrında fəaliyyətə başlayan Azərbaycan parlamentinin deputatı olmuşdur.1919-cu il mətbuat qanununun hazırlanmasında və parlamentdə müzakirə edilməsində onun xidmətləri böyükdür.Məhz bu qanun haqqında məruzəçi də Şəfi bəy Rüstəmbəyli idi.Şəfi bəy 1960-cı ildə İstanbulda vəfat edib.
“Azərbaycan” ın digər redaktorlarından biri olan Ceyhun bəy Hacıbəylinin də fəaliyyəti xüsusi qeyd edilməlidir.O,çətinliklərə baxmayaraq ,hələ Gəncədə “Azərbaycan” ın ilk nömrələrini çıxarmış,sonra Bakıda onun davamı üçün əlindən gələni əsirgəməmişdi.llk nömrələr “Heyəti-təhririyyə” qeydilə çıxsa da, bu ad altında vətən və istiqlal eşqilə coşub çağlayan 27 yaşlı Ceyhun bəyin redaktorluq fəaliyyəti nəzərdə tutulurdu.”Azərbaycan”ın 1919-cu ilin 16 yanvarına qədər nəşr edilən 88 nömrəsi məhz C.Hacıbəylinin həyat salnaməsində,özünün də etiraf etdiyi kimi unudulmaz bir xatirəyə çevrildi.
Fransada təhsil almış C.Hacıbəyli 1919-cu ilin əvvəllərində Paris Sülh konfransına gedəcək Azərbaycan nümayəndə heyətinin tərkibində Ə.M.Topçubaşov, M.H.Hacınski, Ə.Ağaoğlu, Ə.Şeyxülislamzadə, M. Məhərrəmov,M.Y.Mirmehdiyev,Ə.Hüseynzadə və başqaları ilə birlikdə Parisə yola düşdü.Və o zamandan qəzetin ağırlığı Üzeyir bəyin boynunda qaldı.
Ceyhun bəy xatirələrində bu səfərin nəticələrini belə nəql edir; “Bundan 32 il əvvəl idarə etdiyim milli “Azərbaycan” qəzetimizi istəkli qardaşım Üzeyirə həvalə edərək,yeni bir vəzifə ilə Avropaya gəldik.Yeni təşkil etdiyimiz Azərbaycan dövlətinin başqa mədəni millətlər və Sülh konqresinə toplanmış dövlətlərini ali məclisi tərəfindən rəsmən tanınmasına nail olduq”.
1918-ci ildən kiçik formatda məhdud səhifədə siyasi,ictimai ,ədəbi,iqtisadi gündəlik qəzet kimi çıxan “Azərbaycan”ın formatı 1919-cu ildən etibarən iki dəfə böyüdüldü ,bayram və əlamətdar günlərdə 6 səhifədə buraxıldı.Artıq AXC-nin əsas rəsmi orqanına çevrilmiş qəzet cümhuriyyətin süqutuna qədər Üzeyir Hacıbəylinin redaktorluğu ilə ilə idarə olundu.
Bir sözlə “Azərbaycançılıq”ın milli ideyadan dövlət ideologiyası səviyyəsinədək həllinin başlanğıcını məhz ilk olaraq “Azərbaycan” qəzetinin səhifələrində tapdı. Belə ki,qəzetin səhifələri davamlı olaraq Azərbaycan istiqlalının milli konsepsiyasının hazırlanmasında müstəsna rolu olmuş nəhəng simalarımızın, müxtəlif sahələrdə fəaliyyət etməklə yanaşı həm də ədib kimi qələm sahibi olan milli aydınlarımızın M.Rəsulzadənin,Ə.Hüseynzadənin,Ə.Ağaoğlunun,Ə.Cavadın,M.A.Şahtaxtinskinin,M.Hadinin, F.Ağazadənin və başqalarının qutlu imzaları ilə,dəsti-xətti ilə bəzənərdi.
Və nəhayət 1920-ci il aprelin 27-də bolşeviklər tərəfindən qapadılan “Azərbaycan” qəzeti nəşrini əhatə edən həmin illərin tarixi olaylarını əks etdirmək baxımından ən aydın bir güzgüdür. AXC-nin istiqlal bəyannaməsi,AXC-də Milli Şuranın fəaliyyətə başlaması və ümumilikdə fəaliyyəti,Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunması,BDU-nun yaranması,dövlət müstəqilliyinin ildönümünün qeyd edilməsi,hətta hakimiyyətin o zaman bolşeviklərə təhvil verilməsi zərurəti və digər hadisələrin təfərrüatı ilə araşdırmaq üçün “Azərbaycan” qəzetinin birinci mərhələsini təşkil edən o vaxtkı nömrələri mötəbər mənbə sayılır.
“Azərbaybaycan” ın ikinci mərhələsi yaxın tariximizdə xüsusi bir mərhələ olmaqla yanaşı hadisələrin sıçrayışla irəlilədiyi, milli duyğularımızın ən zəngin ,yenidən ümumxalq səviyyyəsində dilə gələn qızğın,dolu dövrünü təşkil edir.
İkinci mərhələdə “Azərbaycan”ın Azərbaycana qayıdışı dövrün siyasi şəraitindən irəli gələn bir çox zərurətlərdən qaynaqlanmışdı.1988-ci ildə ermənilərin Azərbaycan xalqına qarşı qeyri-insani davranışları,Qarabağ olayları ,Azərbaycan türklərinin öz tarixi torpaqları,dədə-baba ocaqları olan Qərbi Azərbaycandan (indiki ermənistandan) qovulması,mədəni-rəsmi dildə desək deportasiyası və bütün bu kimi səbəblərə rəğmən mövcud hakimiyyətin bu məsələlərdə laqeydliyi və acizliyi Azərbaycan ziyalılarının üzərinə tarixi bir məsulliyyət qoymuşdu, bu yükü öz çiyinlərinə almağın gərəkliliyini dərk etdirmişdi .Belə bir şəraitdə millətlə təmasda olmaq, gərgin vəziyyətdə millətin köməyinə və dadına yetişmək üçün, hadisələrə uyğun koordinativ və operativ bir sistemlə fəaliyyətə başlayan əksəriyyət etbarilə milli aydınlardan təşkil olunmuş “Qarabağa Xalq Yardımı Komitəsi” yarandı.1989-cu il avqustun 15-də əsası qoyulan Qarabağa Xalq Yardımı Komitəsinin əsas məqsədi Dağlıq Qarabağ əhalisinə,qaçqınlara maddi yardım etməkdən ibarət idi.Komitənin işini əlaqələndirmək və ictimai şüuru bu yöndə istiqamətləndirmək üçün müvafiq mətbu orqanın yaradılmasına ehtiyac duyulurdu.1989-cu ildə ASSR(Azərbaycan Sovet Sosialist Respublikası) nazirlər sovetinin qərarı ilə bu komitənin mətbu nəşri kimi “Azərbaycan” qəzetinin çapına icazə verildi.Onun ilk nömrəsi həmin ilin oktyabr ayının 4-də işıq üzü görür və qəzet əsrin əvvəllərində bolşeviklərin qapadığı “Azərbaycan”ın varisi kimi eyni ilə müstəqil,demortatik,milli ruhda fəaliyyət göstərməyə başlayır.Qəzetin ikinci mərhələsini təşkil edən bu dönəmdə ilk redaktor Qarabağa Xalq Yardımı Komitəsi rəyasət heyətinin üzvü Milli Azadlıq Hərakatının liderlərindən biri şair,publisist Sabir Rüstəmxanlı olur.Əlbəttə ki, tarixin mərkəzində kütlələr deyil, həmişə fərdlər dayanıb. Sabir Rüstəmxanlı da kütlələrin mərkəzində dayanan şəxslərdən idi. O,sözü bütöv, mərd, millətin, xalqın yolunda heç nəyə və heç kimə güzəştə getməyən, lakin səmimi və ürəyiyumşaq bir insan kimi tanınırdı.O vaxtlar onun öz silahdaşlarından ən böyük fərqi onda idi ki, baş verən hadisələrə təkcə inqilabçı gözü ilə baxmır, həm də şair təbiətindən irəli gələn humanist münasibət göstərirdi, konfrantasiyanı yumşaltmağa çalışırdı və ən əsası da məqamında ambisiyalarını cilovlaya bilirdi. Meydan təşkilatçılarının və ümumilikdə bütün xalqın bir düşməni vardı – partiya-sovet idarəçiliyi və erməni daşnakları. Lakin Sabir Rüstəmxanlı ümumi düşmənlərlə vuruşmaqla yanaşı, baş redaktoru olduğu qəzetin təsisçisi kimi o dövrdə yaranan müxtəlif hərəkat liderləri ilə də mübarizə aparmalı olurdu.
O,istedadlı qələm sahiblərini redaksiyada işə cəlb edərək “Azərbaycan”ı ən oxunaqlı və çoxtirajlı qəzetə çevirməyi bacardı.Onun ilk nömrəsi 500 000 nüsxə ilə çıxdı.Qəzetin ilk sayının 1-ci səhfəsində Azadlıq meydanının çoxminli mitinqinin şəkli ilə yanaşı baş redaktorun oxuculara müraciəti də verilmişdi.Müraciətdə qeyd olunmuşdu ki,””Azərbaycan” qəzeti Qarabağa Xalq Yardımı Komitəsinin orqanı olsa da,qarşısına daha böyük məqsədlər qoyub.”Azərbaycan” xalqımızın dünəni,bu günü və gələcəyi ilə bağlı rəngarəng,çeşidli yazılar dərc edəcək”.Sabir Rüstəmxanlı bu baş məqaləsində “Azərbaycan” qəzetini bu dövrün milli inqilabi demokratiyasının mətbu nümunəsi adlandırmışdı.
Qəzetin 1-ci nömrəsində Qarabağa Xalq Yardımı Komitəsinin qətnaməsi,şair Məmməd Arazın “Çıxış etmək mədəniyyəti”, Bəxtiyar Vahabzadənin rusca “Otvetsvennosti v predi istoriya”(“Tarix qarşısında məsuliyyət”),İsmayıl Şıxlının “Yurdumuzun sabahını düşünürəm” kimi publisistik yazıları dərc olunmuşdu.
Oxucular “Azərbaycan” qəzetində demokratik fikirlərin əksi ilə yanaşı o dövr üçün açılmamış mövzular olan müstəqil dövlətçilik tariximizin şanlı səhifələrini,sovet rejiminə qarşı tənqidləri və elə bu rejimin təhriki ilə tarixi torpaqlarımızın ermənistana verilməsi faktlarını sənədlərin dili ilə gördü,milli ziyalılara qarşı represiyya siyasətnin mahiyyətini anladı.”Azərbaycan” ın səhifəsində publisistik yazılar,tarixi oçerklər və fəlsəfi etüdlər də üstünlük təşkil edirdi.Bu qəzet jurnalistlərin azad düşünmək bacarığını formalaşdırmaqla yanaşı müasir mətbuatın qarşısında duran vəzifələri müəyyənləşdirməyə də çalışdı və demokratik ruhlu mətbuatla sovet qəzetçiliyinin fərqini göstərə bildi.Milli ideyalar aşılayan istiqlal məfkurəsinə bağlı olan “Azərbaycan” qəzeti öz ətrafına peşəkar və müstəqil fikirli jurnalistləri cəmləşdirə bildi.
1990 -cı il yanvar hadisələri zamanı “Azərbaycan” müvəqqəti bağlanmalı oldu.Lakin onun əməkdaşları hadisələrə biganə qalmadı,qırğınla bağlı fotoları,məxfi sənədləri üzə çıxarıb qəzetin işinin bərpasından sonra bu materiallardan istifadə etdilər.
1992-ci ildə Sabir Rüstəmxanlının Mətbuat və İnformasiya naziri təyin olunmasından sonra qəzetin baş redaktoru əvvəllər məsul katib olan Şərif Kərimli oldu.Lakin ölkədə yeni nəşrlərin meydana çıxması və yaranmış fasilə zamanı əməkdaşların başqa qəzetlərə işə keçməsi,eləcə də maliyyə çətinlikləri “Azərbaycan”a da öz mənfi təsirini göstərdi.Bu səbəbdən müstəqil “Azərbaycan” qəzetinin kollektivi o zaman artıq müstəqill Azərbaycan Respublikasının Ali Məclisinin mətbu orqanı olan “Həyat” qəzetinin heyəti ilə birləşdirldi.Bununla da nəhayət ki, “Azərbaycan” qəzetinin rəsmi statusu bərpa olundu.Belə ki,1918-ci ildə AXC-nin rəsmi dövlət qəzeti kimi fəaliyyət göstərən “Azərbaycan” əsrin sonlarına yaxın bir varis kimi yenidən rəsmi dövlət qəzeti oldu.Dövrün tanınmış jurnalisti “Müxalifət” qəzetinin baş redaktorunun müavini Mehman Cavadoğlu qəzetə baş redaktor təyin edildi.
O zaman bu faktla bağlı 1992-ci il 23 sentyabr nüsxəsində yeni baş redaktorun “72 illlik ayrılıqdan sonra” yazısında qeyd olunurdu ki, “Düz 72 illik fasilədən sonra “Azərbaycan” qəzeti yenidən nəşrə başlayır.1918-20-ci illərdə 443 nömrəsi işıq üzü görmüş”Azərbaycan” qəzetinin müxtəlif vaxtlarda redaktorları olmuş Ceyhun və Üzeyir Hacıbəyli qardaşlarının,Xəll İbrahimin,Şəfi bəy Rüstəmbəylinin yalnız bir arzuları var idi;müstəqil,azad və demokratik Azərbaycan dövləti qurmaq,xalqımızın milli şüurunu özünə qaytarmaq.O dövrün əksər ziyalıları və dövlət xadimləri böyük Məmməd Əminin başçılığı altında bu ideyaları həyata keçirmək üçün mübarizə aparmış,öz canlarını və qanlarını əsirgəməmişlər.”Azərbaycan” qəzeti də bu mübarizədə onların ən yaxın yardımçısı olmuşdur.
ADR xarici müdaxilə nəticəsndə zorakılıqla devrildikdən sonra bu ideyalar təkcə xaricdəki mühacirlərimizin qəlbində və əməllərində deyil,həm də bütövlükdə Azərbaycan xalqının ürəyində yaşadı,1988-ci ildə başlayan geniş xalq hərəkatı nəticəsində meydanlara çıxdı.Məhz bu kütləvi xalq hərəkatının dalğasında hörmətli şairimiz və hərəkatımızın liderlərindən biri olan Sabir Rüstəmxanlının redaktorluğu ilə 3 ildir ki,hamının sevimlisinə çevrilmiş “Azərbaycan” qəzeti QXYK-nin orqanı kimi nəşrə başladı.Bu qəzet Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını yaymağa başladı. Özü də elə bir vaxtda ki,nə həmin cümhuriyyətin,nə də onun liderlərinin adlarını çəkməyə icazə verilirdi”…
Mehman Cavadoğlunun birillik fəaliyyətindən sonra 1993-cü ildə qəzetə yazıçı,publisist Əmir Mustafayev rəhbərlik etdi.Hal-hazırda isə qəzetin baş redaktoru millət vəkili Bəxtiyar Sadıqovdur.
Bu il Oktyabr ayında “Azərbaycan”ın ilk müstəqil qəzet kimi yenidən bərpasının və nəşrinin 25 ili tamam oldu. “Azərbaycan”nın 25 il əvvəlki gənc kollektivi indi yaşa dolsa da , ancaq hələ də ön cəbhədədir! 1989-cu ildə 43 yaşlı Sabir Rüstəmxanlı indi 68 yaşında, 35 yaşlı Şərif Kərimli indi 60 yaşında, 26 yaşlı Mirşahin indi 51 yaşında, 32 yaşlı Rüstəm Behrudi indi 57 yaşında, 23 yaşlı Kəmalə xanım indi 48 yaşında, o zaman 19 yaşlı Müşfiq Həqq imzası ilə tanınan Dimes Hak Alerli indi 45 yaşında, 36 yaşlı Fəridə Məmmədova indi 61 yaşında, 32 yaşlı Fikrət bəy indi 57 yaşında, 30 yaşlı Nərgiz xanım indi 55 yaşında, 42 yaşlı Nicat bəy indi 67 yaşında, 33 yaşlı Mahizər xanım indi 58 yaşında, 21 yaşlı Arzu xanım indi 46 yaşındadır… 44 yaşlı Şaiq Bəhramoğlu, 42 yaşlı Əhməd Elbrus, 35 yaşlı Eyvaz Həsənov, 45 yaşlı Oqtay Abbasov, 30 yaşlı Gülməmməd Məmmədovun… ruhları isə indi narahat dünyamızdan çox-çox uzaqlardadır.
Başda Sabir bəy Rüstəmxanlı olmaqla qəzetin bütün əməkdaşlarını ürəkdən təbrik edir, Azərbaycanın mətbuat tarixində şanlı bir səhifə olan bizə o “Azərbaycan” ı gətirmiş bu “Azərbaycan”ın qaranquş səhifələrində mübarək imzalarını atmış bütün əməkdaşların duyduğu məsudluğuna,qüruruna şərik olaraq sonda fikrimi bu cümlələrlə yekunlaşdırmaq istəyirəm;
-Tarixdə şəxsiyyətlərin rolu böyükdür. Lakin “Böyük şəxsiyyət” epitetini o kəslər şərəflə və uzun müddət daşıya bilirlər ki, onlar ətrafına nəhəng şəxsiyyətləri toplayırlar. Nəhənglərin içərisində onlar daha nəhəng görünürlər. Böyük şəxsiyyətlər isə öz millətlərinin arzu və ideallarını əks etdirdikləri üçün böyük işlər görə bilirlər.
Əlbəttə böyük Mirzə Cəlillərimiz, Üzeyirlərimiz, Sabirlərimiz kimi…
www.yenicag.az