BRICS Zirvəsində Qəzza, Suriya və İrana dair SƏRT BƏYANAT
BRICS sammitində Qəzza və Suriya ilə bağlı mühüm çağırışlar səsləndirilib.
Yenicag.az xəbər verir ki, Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən BRICS Liderlər Zirvəsində Yaxın Şərqlə bağlı mühüm çağırışlar səsləndirilib.
Zirvə çərçivəsində qəbul edilən birgə bəyannamədə İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar sərt tənqid olunub. Sənəddə Qəzza zolağının Fələstin dövlətinin ayrılmaz hissəsi olduğu qeyd edilib və İsrailin həm Qəzzadan, həm də digər işğal olunmuş Fələstin ərazilərindən tam şəkildə geri çəkilməsi tələb olunub. Eyni zamanda bölgədə qeyd-şərtsiz və daimi atəşkəsə çağırış edilib.
Bəyanatda Suriyanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə dəstək ifadə olunub. İsrailin Suriya ərazilərinin bir hissəsini işğal etməsi beynəlxalq hüquqa və 1974-cü il Qoşunların Çıxarılması Müqaviləsinə zidd addım kimi qiymətləndirilib və Tel-Əviv bu ərazilərdən geri çəkilməyə çağırılıb.
Zirvə iştirakçıları, həmçinin 13 iyun 2025-ci ildən bəri İrana qarşı həyata keçirilən hərbi hücumları pisləyərək bu cür hərəkətlərin BMT Nizamnaməsinə zidd olduğunu bəyan ediblər. BRICS liderləri Yaxın Şərqdə artan gərginliyin regional və qlobal təhlükələr doğurduğunu vurğulayıblar.
Göycə Göycəyev