ABŞ–Azərbaycan Xartiyası çoxvektorlu siyasətin zirvəsi - Telman Nüsrətoğlunun ŞƏRHİ
ABŞ–Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycanın xarici siyasətində növbəti böyük diplomatik uğur kimi qiymətləndirilə bilər.
Bu fikirləri politoloq Telman Nüsrətoğlu səsləndirib.
Onun sözlərinə görə, proseslərin fonuna baxdıqda sənədin əhəmiyyəti daha aydın görünür. T. Nüsrətoğlu xatırladıb ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens (JD Vance) sosial şəbəkə platforması “X”-də “erməni soyqırımı” abidəsinin ziyarəti ilə bağlı paylaşımını silmək məcburiyyətində qalmışdı. Politoloq hesab edir ki, bu hadisə Vaşinqtonun region siyasətində yeni reallıqları nəzərə almağa başladığını göstərir:
“Keçmişdə ABŞ rəsmilərinin ermənipərəst açıqlamalarını və Vaşinqtonda erməni lobbisinin təsir imkanlarını xatırlasaq, bu gün ortaya çıxan mənzərə Azərbaycan–Türkiyə ittifaqının, 44 günlük Vətən müharibəsində əldə olunan zəfərin və postmünaqişə mərhələsində formalaşan yeni güc balansının nəticəsidir”.
Nüsrətoğlu vurğulayıb ki, hələ də dünyanın əsas geosiyasi gücü sayılan ABŞ-la imzalanan bu Xartiya Azərbaycanın regional gücdən transregional aktora çevrilməsinin hüquqi-siyasi çərçivəsini müəyyən edir. Sənəddə Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının açıq şəkildə təsdiqlənməsi isə xüsusilə diqqətçəkicidir:
“Bu, həm erməni lobbisinin uzun illər Vaşinqtonda formalaşdırdığı təzyiq mexanizmləri, həm də Rusiyanın regionla bağlı bitməyən imperial ambisiyaları fonunda Bakının diplomatik qələbəsidir. ABŞ faktiki olaraq Azərbaycanı Cənubi Qafqazda əsas tərəfdaş kimi tanıyır”.
Politoloq sənədin ən kritik hissəsinin Transxəzər Orta Dəhlizi və TRIPP layihəsinin ayrıca vurğulanması olduğunu bildirib. Onun fikrincə, bu, Azərbaycanın qlobal nəqliyyat-logistika və enerji xəritəsində mərkəzi rolunun beynəlxalq səviyyədə təsdiqidir:
“Söhbət Çinin Avropaya çıxışından, Mərkəzi Asiyanın Qərbə inteqrasiyasından, kritik mineralların qlobal bazarlara daşınmasından, enerji və data axınlarının təhlükəsiz marşrutlarla ötürülməsindən gedir. Bütün bu xətlər Azərbaycanın üzərindən keçir. Xüsusilə Naxçıvanla maneəsiz bağlantının sənəddə yer alması Zəngəzur istiqamətində Bakının diplomatik mövqeyini daha da gücləndirir”.
Nüsrətoğlu qeyd edib ki, Xartiya yalnız enerji və logistika ilə məhdudlaşmır. Sənəd Azərbaycanı ilk dəfə olaraq rəqəmsal infrastruktur, süni intellekt, texnologiya transferi və sənaye əməkdaşlığı kimi sahələrdə ABŞ üçün tərəfdaş ölkə kimi təqdim edir:
“Bu, Azərbaycanın xammal ixrac edən ölkədən texnoloji transformasiya mərhələsinə keçidinin beynəlxalq legitimliyini yaradır”.
Təhlükəsizlik aspektinə toxunan politoloq bildirib ki, müdafiə sənayesi məhsullarının satışı, antiterror əməkdaşlığı, kibertəhlükəsizlik, mühüm infrastrukturun qorunması və mina təmizləmə texnologiyalarının ötürülməsi kimi müddəalar Azərbaycana faktiki olaraq NATO-vari tərəfdaşlıq statusu qazandırır:
“ABŞ açıq mesaj verir ki, Cənubi Qafqazda sülhün açarı Bakıdadır”.
Telman Nüsrətoğlu onu da vurğulayıb ki, bütün bunlar Prezident İlham Əliyevin uzunmüddətli, balanslı və çoxvektorlu xarici siyasət kursunun məntiqi nəticəsi və kulminasiya nöqtəsidir. Onun sözlərinə görə, Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycanın beynəlxalq sistemdə çəkisini və manevr imkanlarını əhəmiyyətli dərəcədə artırır.












