İstirahət üçün xaricə axın: Yerli turizmə marağın azalmasının səbəbi qiymətdir, yoxsa?
Son illər insanlar bölgələrimizdən daha çox xarici ölkələrdə dincəlməyə üstünlük verirlər.
Maraqlıdır, bu, daxili turizm bazarında qiymətlərin yüksək olması ilə əlaqədardır, yoxsa digər səbəblər də var?
Mövzunu Yenicag.az-a şərh edən Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli maddiyyatın əsas səbəblərdən biri olduğunu vurğulayıb:
“İnsanların xarici ölkələrdə istirahətə üstünlük verməsinin əsas səbəblərindən biri qiymət məsələsidir. Bəzi hallarda xaricdə otel, qidalanma və əyləncə xərcləri ölkə daxilindəki məşhur turizm bölgələri ilə müqayisədə daha sərfəli olur. Xüsusilə paket turlar, erkən rezervasiya və aşağıbüdcəli aviaşirkətlər bu fərqi daha da artırır”.
İqtisadçı xaricə marağın artmasının həm iqtisadi, həm də sosial və psixoloji amillərin birgə təsiri ilə izah olunduğunu bildirib:
“Məsələ təkcə qiymətlə bağlı deyil. İnsanlar yeni mədəniyyətlər görmək, fərqli mühitdə vaxt keçirmək, yeni mətbəxləri dadmaq və fərqli təcrübələr yaşamaq istədikləri üçün də xarici səyahətlərə üstünlük verirlər. Bundan əlavə, bəzi ölkələrdə turizm infrastrukturu, xidmət keyfiyyəti, nəqliyyat rahatlığı və əyləncə imkanları daha inkişaf etmiş olur ki, bu da turistlər üçün əlavə cəlbedicilik yaradır.
Daxili turizmdə isə bəzi bölgələrdə qiymətlərin mövsüm zamanı həddindən artıq yüksəlməsi, xidmət-keyfiyyət nisbətinin hər zaman qənaətbəxş olmaması və seçim imkanlarının məhdudluğu insanların bir hissəsini xarici istiqamətlərə yönəldir. Buna görə də xaricə marağın artması həm iqtisadi, həm də sosial və psixoloji amillərin birgə təsiri ilə izah olunur”.
Cəvahir













