Qlobal iqtisadiyyatda “üçüncü dalğa” təhlükəsi: Müharibə qiymətləri necə dəyişəcək?
“ABŞ-İran gərginliyi ölkə iqtisadiyyatına təsir göstərə bilər, amma İran iqtisadiyyatının çökməsi müharibənin davamlı və uzunmüddətli olacağı təqdirdə mümkündür.”
Bu sözləri Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova bildirib.
İqtisadçı ABŞ-İran gərginliyinin dünya və Azərbaycan iqtisadiyyatına mümkün təsirləri haqqında danışıb:
“ABŞ və İran arasında geosiyasi gərginliklər illərdir davam edir. Ümumilikdə son 25 ildə baş verən bütün böhranları nəzərdən keçirsək, heç biri ABŞ və İran arasındakı gərginlikdən qaynaqlanmır. Təbii ki, iki ölkə arasında baş verən siyasi-iqtisadi gərginlik digər ölkələrin iqtisadiyyatına da təsirsiz ötüşmür. Ölkələrin iqtisadi vəziyyətindən asılı olaraq təsir dairəsi də müxtəlif olur.
Baş verən gərginlik fonunda əsasən enerji sektorunda dalğalanma müşahidə edilir. Bu da birbaşa idxalçı ölkələrə təsir edir, inflyasiyanın sürətini artırır və dolayı yolla qlobal iqtisadiyyatda mal və xidmətlərin qiymətini yüksəldir. Dünya iqtisadiyyatı bir-biri ilə zəncirvari bağlıdır. Elə bir ölkə yoxdur ki, idxaldan asılı olmasın və ya yerli istehsalı 100% özünü təmin etsin. Yerli istehsalla özünü təmin edib ixrac etsə belə, idxalçı ölkənin iqtisadiyyatındakı gərginlik alıcılıq qabiliyyətinə təsir edir.
Qlobal iqtisadiyyatda iki ölkə arasındakı siyasi gərginliyin üçüncü dalğasının dünya iqtisadiyyatını çökdürə biləcəyini düşünmürəm. İlk səbəb budur ki, belə bir halın baş verməsi üçün proses uzunmüddətli olmalıdır. İkinci səbəb odur ki, hər şey müharibə və ya qarşıdurma ilə bitmir. İran iqtisadiyyatı o qədər yüksək inkişaf etməyib ki, özünü tez bir zamanda toparlaya bilsin. Baş verə biləcək hadisələr fonunda ölkə iqtisadiyyatını bərpa etmək üçün külli miqdarda vəsait tələb oluna bilər. Həmçinin, vətəndaşların sosial-iqtisadi vəziyyəti məsələsi də var. Buna görə də, mümkün üçüncü dalğa orta və ya orta-uzun müddətdə baş verə bilər. Gərginlik sadəcə ölkə iqtisadiyyatına təsir göstərə bilər, çökdürməsi üçün isə prosesin davamlı və uzunmüddətli olması lazımdır.”
İqtisadçı müharibənin Azərbaycan iqtisadiyyatına göstərəcəyi təsirlərdən də söz açıb:
“Azərbaycan iqtisadiyyatına təsirinə gəldikdə isə, enerji qiymətlərinin yüksəlməsi həm hasilatın artırılıb daha çox gəlir əldə edilməsi, həm də enerji qiymətlərinin bahalaşması ilə valyuta gəlirlərinin artması baxımından avantajlıdır. Baş verənlərin mənfi tərəfinə gəldikdə isə, idxal olunan malların qiymətində artıq yüksəliş müşahidə olunub.”
Nurlan Cəfəri













