ABŞ bölgədə “İŞİD kartı”nı yenidən İŞƏ SALIR – Suriyada növbəti “xilafət” QURULUR?

media-hightechnic-468x90

 

“ABŞ tərəfindən İŞİD-in yenidən fəallaşması barədə yayımlanan hesabatlar sadəcə bir təhlükəni xəbər vermir, eyni zamanda, yeni bir bölgə siyasətinin anonsu kimi də oxunmalıdır. Çünki bu ssenarini biz tanıyırıq və bu təhlükənin haradan necə yüksəldiyini də artıq çox yaxşı bilirik”.

Bunu Yenicag.az-la söhbətində politoloq Azər Hüseynov deyib.

media-470173193_589975663540487_726334968187510744_n

Siyasi təhlilçi Suriyadakı hakimiyyət dəyişikliyindən sonra bölgədə yaranmış yeni siyasi reallıqları, habelə İŞİD-in həbsdə olan üzvlərinin azadlığa çıxması ilə yaranacaq olan böyük təhlükəni şərh edib.

Onun sözlərinə görə, yeni hakimiyyət bütün çətinliklərə baxmayaraq, yenidən dövlət institutlarını formalaşdırmaq istiqamətində addımlar atır:

“Həm Türkiyə, həm də bəzi ərəb dövlətlərinin ciddi dəstəyi ilə Əhməd əş-Şaraa hökuməti bunu həyata keçirməyə çalışır. Digər tərəfdən, bölgədə Türkiyənin getdikcə daha da güclənən mövcudluğu var. Bu, həm hərbi, həm diplomatik, həm də sosial müstəvidə özünü büruzə verir. Bu yeni nizama daim hazır vəziyyətdə reaksiya verən bir İsrail faktorunu da nəzərə almalıyıq. Bunların fonunda artıq ABŞ-nin Suriya üzərində yeni bir siyasəti var: tərəfdaşlar və xüsusilə Türkiyə vasitəsilə tənzimləmələr”.

Onun sözlərinə görə, indi də ortaya atılan yeni narrativ mövcuddur:

“İŞİD-in yenidən güclənməsi məsələsi də buraya aiddir. Bölgədə 40 min nəfərlik İŞİD və onların ailə üzvləri saxlanılır. Ancaq sual budur: bu insanların böyük əksəriyyəti, fiziki və psixoloji baxımdan ciddi travmalardan çıxmış halda hansı real gücü təmsil edə bilər? Onların yenidən vahid, ideoloji baxımdan motivasiyalı bir hərbi qruplaşma kimi formalaşması nə qədər real görünür? Əslində, bu təhlükənin şişirdilməsi, daha çox böyük güclərin öz maraqlarını qoruma və bölgədəki varlığını legitimləşdirmə cəhdidir”.

Həmsöhbətimiz əmindir ki, bir vaxtlar “radikal islamçılıq kartı” ilə İraqa, Əfqanıstana və Suriyaya müdaxiləni haqlı göstərməyə çalışan qlobal güclər bu “kart”ı yenidən oyuna salmaq istəyirlər:

“Bəlkə də məsələ təkcə İŞİD deyil. Məsələ bölgədə baş verən geosiyasi və enerji layihələri ilə bağlıdır. Qətər qazının Suriya üzərindən daşınması planları, İsrailin Aralıq dənizində həyata keçirmək istədiyi enerji layihələri, yeni Suriya hökumətinin iqtisadi diplomatiya ilə önə çıxmaq istəyi və Türkiyənin bölgədə diplomatik fəallığı – bütün bunlar ABŞ və digər oyunçuların balans axtarışına səbəb olur. Balansın ən köhnə, amma yenidən işə yarayan üsulu isə xaos təhlükəsi ilə bağlı ictimai fikir yaratmaqdır. Əgər İŞİD ssenarisi yenidən oynanacaqsa, bu, yalnız radikallara qarşı deyil, bölgənin öz ayaqları üstündə durmağa çalışan yeni aktorlarına qarşı olacaq. Amma unutmamaq lazımdır ki, bu dəfə bölgə əvvəlki kimi deyil”.

“Bu dəfə həm Türkiyə var, həm də digər güclər. Bəs İŞİD-in həqiqi təhlükəsi varmı? İstənilən halda, istənilən yerdə, istənilən təhlükə yarana bilər. Bir də digər tərəfdən, regional oyunçular da bu problemi əsas alaraq regionda fəallaşa bilər. Növbəti mərhələdə isə qarşılıqlı ittihamları görə bilərik ki, radikalları kim ortaya gətirib? Yekunda İŞİD amili özü özlüyündə təhlükəli görünsə də, ən böyük təhlükə bu məsələnin geosiyasi maraqlar üçün istismarıdır”.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600