“Müharibənin dayanması üçün danışıqlar ABŞ ilə Rusiya arasında aparılmalıdır, nəinki Ukrayna ilə Rusiya arasında. Bu danışıqlar baş tutsa, müharibə dayanacaq. Ukrayna-Rusiya danışıqları heç bir nəticə verməyəcək”.
Bunu ABŞ-nin Çinə Rusiyaya silah tədarükü və ya sanksiyalardan yan keçməyə kömək edəcəyi təqdirdə ciddi nəticələrlə üzləşəcəyi ilə bağlı xəbərdarlığını şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.
Yusif Bağırzadə bildirib ki, Ukrayna-Rusiya müharibəsinin dayanması rəsmi Vaşinqtonla Moskva arasındakı danışıqlardan asılıdır:
“Çinin əsas ticarət partnyorları birincisi ABŞ, ikincisi Avropa İttifaqı, üçüncüsü Rusiya və digər dövlətlərdir. Çin “Bir yol, bir qurşaq” layihəsinə ciddi maliyyə yatırımı edib. Bu layihə bitəndən sonra bir çox dövlətlər bundan yararlanacaqlar. Çinlə ABŞ arasında böyük iqtisadi əlaqələr olmasına baxmayaraq, BMT-də Rusiya ilə Çinin strateji baxışları eyni olur.
Müharibənin üçüncü həftəsindən başlayaraq belə bir xəbər yayıldı ki, Rusiya Çindən hərbi yardım istəyir. Bu ərəfədə Çin də bəyanat verdi ki, Rusiyadan ucuz qiymətə qaz almağa hazırdır. Çin istəməz ki, ABŞ ilə münasibətləri kəskinləşsin. Belə başa düşürəm ki, Çin Rusiyaya yardım etmək istəsə, üçüncü dövlətin vasitəsi ilə edə bilər. Çinin Rusiyaya Şimali Koreya vasitəsi ilə yardımı ən real görünənidir”.
Səxavət Məmməd
www.yenicag.az