ABŞ, Çin və Rusiya üçbucağındakı İQTİSADİ RƏQABƏT: Azərbaycanın STRATEJİ İMKANLARI NƏLƏRDİR?
Son dövrlərdə ABŞ və Çin arasında artan iqtisadi rəqabət, eyni zamanda, Rusiya tərəfindən öz iqtisadi gücünün artırılması məqsədilə atılan addımlar qlobal iqtisadiyyatın dinamikasını dəyişdirir.
Azərbaycan üçün bu rəqabət müxtəlif təcrübələrdən faydalanmaq və öz sahibkarlıq mühitini gücləndirmək üçün vacib bir fürsət yaradır.
Maraqlıdır, ABŞ, Çin və Rusiyanın iqtisadi siyasətləri arasında mövcud olan üstünlükləri nəzərə alaraq, Azərbaycan bu təcrübələri öz iqtisadiyyatına necə uyğunlaşdırmalı və inkişaf etdirməlidir?
Məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzə qeyd edib ki, Azərbaycan bu üç ölkənin iqtisadi siyasətlərindən faydalanaraq öz iqtisadiyyatını inkişaf etdirməkdədir:
“ABŞ-nin texnologiya və startap ekosistemi dünya miqyasında liderdir. Biz də Azərbaycanda innovasiya mərkəzləri və texnoparkların yaradılmasını təşviq edərək sahibkarlıq mühitimizi inkişaf etdirməyə çalışırıq. ABŞ-nin liberal iqtisadi modeli rəqabət mühitinin gücləndirilməsi və xarici investisiyaların cəlb edilməsi sahəsində nümunə ola bilər. Eyni zamanda, ABŞ-nin güclü maliyyə bazarları Azərbaycanın kapital bazarlarını inkişaf etdirmək üçün faydalı modeldir”.
Millət vəkili həmçinin Çinin iqtisadi modelinə toxunaraq, qeyd edib ki, Çin dövlət və özəl sektor arasında balanslı əməkdaşlıq modelinə əsaslanır:
“Azərbaycan bu yanaşmanı infrastruktur layihələrində tətbiq etməklə inkişafını daha da sürətləndirir. Çin istehsalın artırılması və ixracın təşviqi ilə qlobal bazarlarda lider mövqeyə sahibdir. Biz də qeyri-neft sektorunda ixrac potensialımızı artırmalıyıq”.
Rusiya ilə əlaqədar danışan N. Həmzə bu dövlətin enerji resurslarının idarə olunmasında geniş təcrübəyə malik olduğunu vurğulayıb. O, söyləyib ki, Azərbaycan da bu təcrübədən faydalanaraq neft və qaz sektorunda daha effektiv idarəetmə həyata keçirməyə çalışır. Həmçinin Rusiya ilə regional əməkdaşlıq da bizim üçün vacibdir.
Deputat Azərbaycanın iqtisadiyyatını daha da gücləndirmək üçün balanslı xarici siyasət yürütməli olduğunu da diqqətə çatdırıb.
“Azərbaycan Avropa, Asiya və Yaxın Şərq ölkələri ilə balanslı iqtisadi əlaqələr quraraq, beynəlxalq ticarət və investisiya imkanlarını genişləndirir. Ölkə tranzit və logistika sahəsində strateji layihələr həyata keçirərək, beynəlxalq ticarət yollarında mühüm rol oynayır. Azərbaycan xarici investorlar üçün əlverişli şərait yaradır və yerli sahibkarlığın inkişafını təşviq edir. Bu siyasət Azərbaycanın qlobal iqtisadi sistemdə mövqeyini gücləndirir və ölkənin uzunmüddətli iqtisadi sabitliyini təmin edir”, – deyə müsahibimiz əlavə edib.
Onun sözlərinə görə, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və bu sahədə etibarlı tərəfdaş kimi tanınır:
“Ölkə enerji resurslarının şaxələndirilməsi və Avropaya enerji tədarükünün təmin edilməsi üçün bir sıra strateji layihələr həyata keçirir. Azərbaycan Orta Dəhlizin inkişafında və şaxələndirilməsində mühüm rol oynayır. Bu nəqliyyat marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanır və beynəlxalq ticarət üçün strateji əhəmiyyət daşıyır”.
N. Həmzə həmçinin Azərbaycanın enerji resursları və tranzit imkanları sayəsində beynəlxalq iqtisadi sistemdə mühüm mövqeyə sahib olduğunu bildirib. Müsahibimiz deyir ki, Azərbaycan, Cənub Qaz Dəhlizi layihəsi ilə Avropanın enerji təhlükəsizliyinə töhfə verir, həmçinin yaşıl enerji sahəsindəki təşəbbüslər də ölkəmizin strateji əhəmiyyətini artırır.
Bundan başqa, Milli Məclisin üzvü Azərbaycanın geosiyasi mövqeyinin ölkə üçün böyük bir iqtisadi üstünlük təşkil etdiyini vurğulayıb. Deputat qeyd edib ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir və bu, ölkəni regional tranzit mərkəzinə çevirir ki, bu strateji mövqe Azərbaycanın beynəlxalq ticarət və logistikada daha fəal rol oynamasını təmin edir.
Həmsöhbətimiz Azərbaycanın Orta Dəhlizin effektivliyini artırmaq üçün bir sıra mühüm addımlar atdığını qeyd edib:
“Azərbaycan dəmiryolları, avtomobil yolları və limanların modernləşdirilməsi ilə bu dəhlizin effektivliyini artırır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı isə yüklərin sürətli daşınmasını təmin edən əsas mərkəzlərdən biridir”.
O, həmçinin Zəngəzur dəhlizinin əhəmiyyətinə də toxunub:
“Zəngəzur dəhlizi Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək və Türkiyə ilə birbaşa quru əlaqəsini təmin edəcək. Bu, Avropa İttifaqı və Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsini artıracaq və regional iqtisadi əlaqələri gücləndirəcək”.
Deputat Azərbaycanın rəqəmsal texnologiyaların tətbiqi ilə nəqliyyat-logistika sahəsini inkişaf etdirdiyini də əlavə edib:
“Azərbaycan rəqəmsal texnologiyaların tətbiqi ilə tranzit yükdaşımalarının sürətini artırır. Bu, beynəlxalq ticarət üçün daha əlverişli şərait yaradır. Azərbaycan Avropa İttifaqı, Türkiyə, Çin və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq edərək, Orta Dəhlizin qlobal ticarət üçün daha əlverişli olmasını təmin edir. Azərbaycanın bu strateji layihələrlə qlobal ticarət əlaqələrinin genişlənməsinə töhfə verir və regional tranzit mərkəzi kimi ölkənin iqtisadi əhəmiyyətini artırır”.
İqtisadçı Ekspert Eldəniz Əmirov isə ABŞ və Rusiya arasında iqtisadi rəqabətə diqqət çəkib.
O, tərəflər arasında iqtisadi rəqabətin uzun müddət davam edəcəyini bildirib. Onun sözlərinə görə iqtisadi rəqabət təbii olaraq ABŞ və Rusiya arasında hələ uzun müddət davam edəcək:
“Ortamüddətli dövr ərzində ABŞ-nin qalib kimi görünməsinə rəğmən, uzunmüddətli dövrdə düşünürəm ki, Çindən biz fərqli nəticələr görməyə başlayacağıq. Çünki Çin iqtisadi ideyaların layihələr üzərində həyata keçirilməsi baxımından zaman planlamasında ABŞ-ı sözün həqiqi mənasında üstələməkdədir”.
Rusiya iqtisadiyyatı ilə bağlı isə həmsöhbətimiz, ümumiyyətlə, danışmağın çətin olduğunu vurğulayıb:
“Rusiyanın iqtisadi gücünü artırmaq, əslində, hər bir ölkənin çalışdığı bir məsələdir. Lakin Rusiya hazırda tamam başqa problemlər içərisindədir. Rusiyanın iqtisadi gücünün artması üçün bir çox ciddi və önəmli dəyişikliklərin həyata keçirilməsi lazımdır. Yəni Rusiya xarici siyasətində ciddi dəyişikliklər etməli, qonşularına münasibətində fərqli yanaşmalar sərgiləməlidir”.
Mütəxəssis Azərbaycanla bağlı fikirlərini də bölüşüb. O, bildirib ki, Azərbaycanda hər bir ölkənin təcrübəsi müşahidə edilməkdədir:
“Sahibkarlığa yönəlik isə daha çox Rusiya təcrübəsi tətbiq olunur, xüsusilə qanunvericilik və iqtisadi qanunvericilik bazası Rusiya təcrübəsinə olduqca bənzəyir. Liberal iqtisadiyyat məsələsində isə ABŞ liderdir. Liberallıq nə Çində, nə də Rusiyada yeni bir şeydir. Belə desək, böyük ölkələrdə olan liberallıqdan söhbət gedir. Liberal iqtisadiyyat isə həqiqətən də yalnız ABŞ-yə məxsusdur. Azərbaycanda sahibkarlığın dəstəklənməsi istiqamətində dövlətin iqtisadiyyatda oynadığı rol çox böyükdür. Azərbaycanda sahibkarlığın dəstəklənməsi istiqamətində bir çox ciddi addımlar atılıb, amma dövlətin iqtisadiyyatda oynadığı rol inanılmaz dərəcədə böyükdür”.
Məsimə Məmmədova
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır.