ABŞ-dan İranla bağlı TƏCİLİ XƏBƏRDARLIQ: “Dərhal ölkəni tərk edin”
ABŞ administrasiyası İranda davam edən təhlükəsizlik risklərini əsas gətirərək, bu ölkədəki vətəndaşlarına növbəti dəfə xəbərdarlıq edib. Vaşinqton amerikalıları dərhal İranı tərk etməyə çağırıb.
Yenicag.az xəbər verir ki, ABŞ-ın Tehran üzrə Virtual Səfirliyi tərəfindən yayımlanan bəyanatda vətəndaşlardan rəsmi Vaşinqtonun köməyinə bel bağlamadan ölkədən çıxış planı hazırlamaları istənilib.
Məlumatda bildirilir ki, İranda təhlükəsizlik tədbirləri hədsiz dərəcədə artırılıb, bir çox yollar bağlanıb, ictimai nəqliyyatın hərəkətində ciddi fasilələr yaranıb. Eyni zamanda, ölkə daxilində internetə çıxışın məhdudlaşdırılması prosesi davam edir.
Səfirlik vətəndaşlarına müraciətində kəskin xəbərdarlıqlar edib:
“İranı dərhal tərk edin. Ölkədən çıxmaq üçün ABŞ hökumətindən asılı olmayan müstəqil bir plan qurun. Hava yolu şirkətləri uçuşları kəskin şəkildə azaldıb və ya tamamilə ləğv edib. Əgər ölkədən çıxa bilmirsinizsə, sığınacaq funksiyası daşıyan təhlükəsiz yer müəyyən edin; kifayət qədər qida, su və dərman ehtiyatı toplayın”.
Açıqlamada həmçinin qeyd olunub ki, amerikalılar təhlükəsizlik şərtləri imkan verdiyi təqdirdə quru yolu ilə Türkiyə və ya Ermənistan ərazisinə keçə bilərlər.
Xatırladaq ki, Ağ Evin sözçüsü Karoline Leavitt mövzu ilə bağlı çıxışında ABŞ Prezidenti Donald Trampın İran məsələsində diplomatiyanı ilk seçim olaraq gördüyünü, lakin masada digər sərt variantların da olduğunu vurğulamışdı.
Məsimə Məmmədova












