ABŞ-dan Kubaya gözlənilməz təklif
ABŞ dövlət katibinin köməkçisi Robert Ceykobson Qavanada keçirilən ABŞ-Kuba danışıqları zamanı Kubanın rəsmi nümayəndələrini Vaşinqtona səfər etməyə dəvət edib.
Yenicag.az apa-ya istinadən bildirir ki, bu barədə məmur CNN telekanalına verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, mümkün ola biləcək səfərin tarixi hələlik müəyyənləşdirilməyib.
“Biz belə bir görüşün yaxın həftələrdə baş tuta biləcəyinə ümid edirik, biz bunu arzulayırıq. ABŞ administrasiyası belə bir görüşün tez bir zamanda keçirilməsinə ümid edir”, deyə o bildirib.
Robert Ceykobson miqrasiya məsələləri üzrə danışıqların ilkin nəticələrinin müsbət olduğunu bildirib, lakin səfirliklərin fəaliyyətə nə vaxt başlamasına dair açıqlama verməyib.
ABŞ dövlət katibinin köməkçisi qeyd edib ki, Kuba ilə münasibətlərin normallaşdırılmasının Vaşinqtonun Qavanaya hədiyyəsi kimi qələmə vermək cəhdləri doğru deyil. O bu prosesin ABŞ-ın milli maraqlarına uyğun həyata keçirildiyini vurğulayıb.