ABŞ Konqresi 2023-cü maliyyə ilində dünya ölkələrinə maddi yardımla bağlı ayrılacaq vəsaitin miqdarını açıqlayıb. Belə ki, ABŞ 2023-cü ildə Azərbaycana 164 milyon dollar yardım, xüsusən də hərbi sahədə yardım ayıracaq. Ermənistana ayrılan vəsaitin cəmi isə 24 milyon dollar təşkil edəcək. ABŞ-nin bu addımı Ermənistan tərəfindən birmənalı qarşılanmayıb.
Mövzu ilə bağlı iqtisadçı Eyyub Kərimli Yenicag.az-a açıqlamasında bildirib ki, ABŞ-nin Azərbaycana maliyyə yardımını artırması ölkəmizin bölgədəki geosiyasi və geoiqtisadi mövqeyinə verilən önəmin göstəricisidir:
“Bu olduqca müsbət haldır. Hazırda Rusiyanın hansısa formada Qərbin sanksiyalarına məruz qaldığı halda, ABŞ-nin ölkəmizə qarşı sərgilədiyi davranış və Ermənistana maliyyə yardımını azaltması təqdirəlayiqdir. Burada iqtisadi maraqlar da ön plandadır. Çünki müəyyən müddətdən sonra Rusiyadan bəzi enerji daşıyıcılarının Avropaya nəql edilməsinə tətbiq olunan qadağa öz təsirlərini göstərəcək. Bu fonda ABŞ Azərbaycanla gələcək əməkdaşlığın əsasını qoyur və eyni zamanda, ölkəmizi özünün daxili orbitinə salmağa çalışır. Qeyd edək ki, Azərbaycanın tranzit imkanları da Avropa üçün əhəmiyyətlidir. Bu, ABŞ-nin maraqlarına cavab verir. ABŞ regionun lider dövlətinə çevrilmiş, iqtisadi və siyasi cəhətdən güclənmiş Azərbaycana olan maraqlarını daha da artırmağa cəhd edir. Burada Rusiyaya da bir mesaj var. Yəni ABŞ Azərbaycanla əməkdaşlığı daha da gücləndirir. Çünki indiki şəraitdə Azərbaycan ABŞ və Qərbin maraq dairəsindədir.
Bütün hallarda mövcud gedişat ABŞ-nin Ermənistandan birdəfəlik əlini üzmədiyini göstərir. Sadəcə 2023-cü il büdcəsində Ermənistana ayrılan vəsait ikiqat azaldılır. Əvvəlki dövrdə ABŞ Xankəndidə yaşayan insanlara kömək üçün daha çox maliyyə yardımı edirdi. Artıq həmin bölgə Rusiya sülhməramlılarının nəzarətində olduğuna görə ABŞ yardımı dayandırır. Digər tərəfdən məlum addım Xankəndinin Azərbaycana aid olduğunu bir daha sübut edir və bu baxımdan Xankəndi üzərindən Ermənistana hansısa yardım edilə bilməz. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olması və Rusiya ilə hərbi ittifaqının davam etməsi də ABŞ-nin maliyyə yardımını azaltmasına səbəb olub”.
Gülşən Şərif
www.yenicag.az