ABŞ-nin İran üçün GİZLİ PLANI: "İşğal yox, daxildən boğma strategiyası..."
“Qlobal qarşıdurma Soyuq Müharibədən belə daha təhlükəli ola bilər”.
Bunu Yenicag.az-a açıqlamasında britaniyalı politoloq Neil Uotson deyib.

O, baş verən aksiyalar fonunda ABŞ-nin İrana mümkün müdaxiləsinin təsirlərindən danışıb.
Politoloq bildirib ki, indiki dövrdə ABŞ–İran qarşıdurması real deyil.
“Texniki olaraq ABŞ-nin İrana hücum etməsi mümkündür. Belə bir addım Yaxın Şərqdə zəncirvari partlayış effekti yaradar. Çünki İran tək deyil. Hizbullah, Husilər, İraq və Suriya milisləri dərhal hərəkətə keçər. Hörmüz boğazı bağlana bilər və dünya neftinin təxminən 20%-i risk altına düşər. NATO ölkələri, Avropa, Çin və Hindistan bu müharibəyə qatılmaz. Hətta İsrailin özündə belə bu cür genişmiqyaslı müharibəyə dair ciddi tərəddüdlər var.
ABŞ-nin indi seçdiyi yol birbaşa müharibəyə yox, “boğma strategiyası”na hesablanıb. O, İranı işğal etmək istəmir, daxildən zəiflətmək istəyir. Bunun üçün hava zərbələri, kiberhücumlar, iqtisadi sanksiyalar, maliyyə blokadası, informasiya müharibəsi və gizli əməliyyatlardan istifadə edir. Məqsəd İranın iqtisadiyyatını iflic etmək, xalqla rejim arasında uçurumu dərinləşdirmək və sistemi içəridən sarsıtmaqdır. Bu, klassik hərbi işğal deyil, iqtisadi və psixoloji işğaldır.
İranın daxilində ciddi çatlar yaranıb. Gənclər, qadınlar, etnik azlıqlar və orta təbəqə rejimdən uzaqlaşır. Hicab etirazları sadəcə geyim məsələsi deyil. Bu, azadlıq və hakimiyyət uğrunda mübarizədir. Qadınlar etirazların ön cəbhəsindədir. Eyni zamanda bəzi bölgələr, xüsusilə Sistan-Bəlucistan, mərkəzi hakimiyyət üçün çətin idarə olunan ərazilərə çevrilib. İnqilab Keşikçiləri hələ rejimə sadiqdir, amma onların içində də parçalanma əlamətləri görünür.
İrana təzyiq yalnız Yaxın Şərqi deyil, bütün dünyanı təsir altına sala bilər. Neft qiymətləri 150 dollardan yuxarı qalxa bilər, İsrail eyni anda bir neçə cəbhədən hücum riski ilə üzləşə bilər. ABŞ-nin sanksiyaları dolları silaha çevirdikcə, ölkələr alternativ maliyyə sistemləri qurmağa başlayır. Dünya tədricən iki yerə bölünür. ABŞ sanksiyalarına tabe olanlar və suverenliyini qorumağa çalışanlar. Bu yeni qlobal qarşıdurma Soyuq Müharibədən belə daha təhlükəli ola bilər”, – deyə o bildirib.
Nəsimi Ələsgərli












