ABŞ və Ermənistan TRIPP-in reallaşması ilə bağlı bəyannamə qəbul etdi - YENİLƏNDİ
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda görüşüblər.
Yenicag.az xəbər verir ki, tərəflər Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın inkişaf dinamikasını və əldə edilmiş razılaşmaların həyata keçirilməsini məmnuniyyətlə qeyd ediblər.
Mirzoyan və Rubio 8 avqust 2025-ci ildə Vaşinqton Sülh Sammitində əldə edilən razılaşmaların həyata keçirilməsinin gedişatını müzakirə ediblər.
Hər iki tərəf Bakı ilə İrəvan arasında sülhün daha da təsisatlaşdırılmasının vacibliyini vurğulayıb və bu istiqamətdə addımlar atılmasını nəzərdən keçirib.
Ermənistanın xarici işlər naziri və ABŞ dövlət katibi iki ölkə arasında Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsinin həyata keçirilməsi üçün çərçivə sazişi ilə bağlı birgə bəyannaməni təsdiqləyiblər və razılaşdırıldığı kimi, bu bəyanat Vaşinqton vaxtı ilə saat 17:00-da (14 yanvar saat 02:00 – Bakı vaxtı ilə) dərc olunacaq./Report/
***13.01.2026 / 23:06
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Marko Rubio Vaşinqtonda görüşüblər.
Yenicag.az xəbər verir ki, görüşdən sonra “Tramp Marşrutu”nun icrası çərçivəsində birgə bəyanatın qəbul edilməsi planlaşdırılır.
“Bu gün biz TRIPP layihəsini imzalayacağıq. Daha doğrusu, bizim fikrimizcə, əməkdaşlığın əla nümunəsi olan layihənin həyata keçirilməsi üzərində işləməyə davam edəcəyik. Bu, Ermənistanı biznesə açır, iqtisadi cəhətdən çiçəklənməsinə imkan verir və heç bir şəkildə Ermənistanın suverenliyini pozmur. Bu, əməkdaşlığın əla nümunəsidir və bu, həm də ölkələrimiz arasında çox güclü olan və bu müqavilələr sayəsində güclənməyə davam edən ikitərəfli münasibətlərimizin qurulması üçün davamlı bir yoldur”, – Rubio görüşlə bağlı deyib./Apa/












