ABŞ və İran qarşı-qarşıya: "Müharibə artıq zamanlama MƏSƏLƏSİDİR"
“Gərginlik artıq sadəcə “gözdağı” mərhələsini geridə qoyub. İstənilən an nəzarətsiz toqquşmaya çevrilə biləcek təhlükəli həddə çatıb”
Bunu Yenicag.az-a açıqlamasında türkiyəli siyasi şərhçi Fatih Fuat Tuncer deyib.

O, ABŞ donanmasının “vur” əmrini gözləmə mövqeyində olması, həmçinin ABŞ və İran arasında savaş çıxma ehtimalının nə qədər yüksək olduğundan danışıb.
Siyasi şərhçi bildirib ki, hazırda vəziyyət sözün əsl mənasında “diplomatik uçurumun kənarında” dayanıb.
“İnformasiyalar göstərir ki, gərginlik artıq sadəcə “gözdağı” mərhələsini geridə qoyub. İstənilən an nəzarətsiz toqquşmaya çevrilə biləcək təhlükəli həddə çatıb.
ABŞ USS Abraham Lincoln aviadaşıyıcısını və onu müşayiət edən hücum qrupunu CENTCOM bölgəsinə yerləşdirməklə hərbi mövcudluğu pik həddə çatdırıb. Qətər və İordaniyaya göndərilən onlarla F-15E, C-17 və yanacaqdoldurma təyyarəsi regionu faktiki olaraq genişmiqyaslı əməliyyat mərkəzinə çevirib.
ABŞ administrasiyasının “ölüm olarsa, zərbə endirərik” məzmunlu preventiv hücum ritorikası BMT Nizamnaməsinin 2(4)-cü maddəsində təsbit olunan güc tətbiqi və onunla hədələmə qadağasını açıq şəkildə pozur. İsrailin ABŞ-ni müharibəyə cəlb etmə cəhdləri və mülki aviareyslərin dayandırılması regional sabitliyi nəzərə almayan son dərəcə riskli siyasi qumardır.
İran tərəfi “barmağımız tətikdədir” mesajı ilə ABŞ-ni mümkün “hesablama səhvi” barədə xəbərdar etsə də, faktiki olaraq gərginliyi azaltmaq əvəzinə cavab zərbəsi təhdidlərini gündəmdə saxlayır. 28 dekabrdan başlayan etirazlar zamanı minlərlə insanın öldürülməsi və edamların qorxu aləti kimi istifadəsi İranın tərəfdar çıxdığı Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın, eləcə də fundamental insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Öz xalqına qarşı zorakılıqla ayaqda qalan bir rejimin regional sülhə töhfə verəcəyi gözlənilə bilməz.
İsrailin mart ayına qədər 280 min ehtiyat hərbçini səfərbər etmək planı və Donald Trampın “bəlkə də bunlardan istifadə etməyə ehtiyac qalmaz” açıqlaması göstərir ki, müharibə artıq “niyyət” yox, “zamanlama” məsələsinə çevrilib. Regionda yerindən tərpənən hər detal, faktiki olaraq, mümkün hərbi ssenari üçün “yolun təmizlənməsi” kimi qiymətləndirilir.
Qısacası, bir tərəfdə beynəlxalq hüququn legitimlik sərhədlərini zorlayan ABŞ–İsrail hərbi yığnağı, digər tərəfdə isə öz xalqına qarşı zorakılıq hesabına mövcudluğunu qoruyan İran rejimi dayanır. Türkiyə isə bu iki təzyiq mərkəzi arasında regional ərazi bütövlüyünü, beynəlxalq hüququ, eyni zamanda öz “terrorsuz zona” strategiyasını və sərhəd təhlükəsizliyini qorumağa çalışır”, – deyə o bildirib.
Nəsimi Ələsgərli












