“ABŞ və İsrail Yaxın Şərqdə oyuncaq dövlətlər görmək istəyir”.
Bu sözləri Misirdə mitinqlərin başlaması, İsrailin İraqa 72 saat vaxt verməsi və Yaxın Şərqdə gözlənənləri Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.
Onun sözlərinə görə, ABŞ və İsrailə etiraz edənlərə terrorçu damğası vururlar:
“İsrailə nə lazımdır? Vaxtilə İsrailin ən güclü siyasi, hərbi rəqibi olan Misir dönüb olub İsrailin tulası. Vaxtilə İsrail üçün böyük təhlükə törədən İraq dönüb olub ABŞ-nin müstəmləkəsi. İraq şiələrinin bir hissəsi həddən artıq vətənpərvərlikdən, dinin təsirindən çıxış edərək, həm də İranın maliyyə yardımı ilə könüllülər dəstəsi yaratmışdı. “Həşdi Şabi” ilk dəfə İŞİD-in darmadağın edilməsində böyük rol oynadı. “Həşdi Şabi” həm də İsrailin təcavüzünə qarşı çıxırdı. İsrail tələb edir ki, “mən ərəb torpaqlarını işğal edim, ancaq siz etiraz etməyin”. O zaman olacaqsınız terrorçu. Dünya mediası, qəzetlər bağıracaqlar ki, terrorçular insanları məhv edir, İsraili ələ keçirəcək”.
Z. Əlizadəyə görə, ağıllı siyasətçilər, alimlər bunun təsvirini veriblər:
“ABŞ professoru deyir ki, bir dövlət başqa dövlətin ərazisini tutur. Onlara etiraz edənləri terrorçu adlandırırlar. Sonra da həmin ölkəyə terrorizmlə mübarizə üçün hücum edirlər. Mücahidləri sovet qoşunlarına qarşı ABŞ dəstəklədi, “Taliban”, “Əl-Qaidə” və İŞİD-i ABŞ yaratdı. İŞİD döyüşçüləri ABŞ-nin İordaniyadakı təlim mərkəzində təlim alırdılar. Bəşər Əsədi diktator adlandırıb, ona qarşı silahlı mübarizə başlatdılar. Haradan gəldi o silahlar? Suriya dünyəvi dövlət idi. İndi əl-Qolani deyir ki, şəriət dövləti quracağıq. ABŞ və İsrail Yaxın Şərqdə oyuncaq dövlətlər görmək istəyirklər”.
Səxavət Məmməd
www.yenicag.az