Afaq Gəncəli: “Ani bir ehtirasa görə xəyanət edən kişini…” – Fotolar

Cazibədar xanım, sevilən aparıcı Afaq Gəncəlinin Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Afaq, avtomobil idarə edirsən, heç yol polisləri ilə problemin olur?

– Yol polislərindən yerlə-göy qədər razıyam. Mən xarici ölkələrdə olanda yol polislərinin nadir hallarda kiməsə kömək etdiklərini görmüşəm. Bizdə isə əksinədir. Sağ olsunlar, çox köməkləri dəyir.

– Məsələn, elə bir ekstrim vəziyyətə düşmüsənmi, həmin an yol polisləri dadına çatıb?

– Lap çoxdan olmuşdu: çəkilişə gecikirdim, polis yolu açıdı və onun müşayiəti ilə işə getdim.

– Cərimələrin olur?

– Düzgün yerdə park etmirəm və həmişə də bununla bağlı problem yaşayıram. Gəlib avtomobilimin şəklini çəkirlər və cərimə yazırlar. Bəzən xahiş edirəm ki, nolar, cərimə yazmayın. Əgər protokol tərtib olunmayıbsa, yazmırlar, amma iş-işdən keçdiyi hallar da olur. Bəzən özləri deyir ki, Afaq xanım, avtomobilinizi burdan tez götürün.

– İndiyə qədər ən böyük məbləğdə cərimən nə qədər olub?

– Üçt-üstə yığılıb, min manata qədər cərimə ödəmişəm.

– Bədxərcsiniz, yoxsa?

– Pul yığmaqla aram yoxdur, əlimə pul düşən kimi xərcləyirəm. Xoşum gəlir pulum olsun, dağıdım.

– Bəs dar günə pul yığmırsan?

– Yox, məndə elə şey yoxdur. Yeməyə də xərcləyirəm, gəzməyə də. Əgər nəsə mənə pozitiv gətirəcəksə niyə də pul xərcləməyim?

– Bahalı avtomobillərə necə, pul xərcləməyi sevirsən?

– Mənim üçün əsas dəbdəbə, marka deyil, keyfiyyətdir. Məsələn, Koreya, Amerika, Yaponiya istehsallı maşınlarım olub, amma əsas keyfiyyətə önəm vermişəm. Nəyimə lazımdır o maşın ki cah-calallı, amma keyfiyyətsiz olsun. Bu maşını alanda bir çox tanışlarla məsləhətləşdim, dedilər, “yaxşıdır, al”.

– Markası nədir ki?

– “Jeep Grand Cherokee”. Qiyməti də normaldır, kreditlə almaq olar.

– Yeri gəlmişkən, kreditlərin çoxdur?

– Hazırda şükür Allaha, hansısa banka borcum yoxdur, avtomobil kreditindən başqa. Büdcəm imkan verdiyi halda kreditlə nəsə almağa normal baxıram.

– Gözəl qadınsan. Yəqin ki, tez-tez əks-cinsin nümayəndələri tərəfindən sevgi mesajları alırsan. Bu, səni qıcıqlandırmır ki?

– O həddə çatmayıb hələ. İnsanlar öz sevgilərini mənə hədsiz dərəcədə göstərməyiblər. Hörmət, rəğbət bəsləyiblərsə də, bunu layiqli formada hiss etdiriblər.

– Qadını gözəlləşdirən sevgidir. Sevdiyin kişi varmı?

– Yox, hazırda qəlbim boşdur. Yalnız ailəmi, doğmalarımı sevirəm.

– Nə vaxtsa həyatına hansısa insanı daxil etmək fikrin var?

– Niyə də yox?! Bunu Allahın qismətinə bağlayıram.

– Həyatında necə bir insanın olmasını istərdin? Hansı xüsusiyyətlər mütləq onda olmalıdır?

– Allahın göndərdiyi bir bəndə. Yaxşı insan, imanlı, halal biri olsun.

– Xəyanətə münasibətin necədir?

– Çox pis.

– Səncə, niyə gözəl qadınlar daha çox xəyanətə tuş gəlir?

– Cavab bəsitdir: iki vur iki. Əsrlərdir ki, gözəl xanımlar xəyanətlə rastlaşırlar və əsrlərdən sonra da belə davam edəcək. Bu, artıq aksiomaya çevrilib.

– Xəyanətə xəyanətlə cavab verən qadınlar da var…

– Yox, mən bunun tərəfdarı deyiləm. Ağıllı qadın xəyanətə görə ailəsini dağıtmaz. Bəlkə də sevgi azalanda xəyanət başlayır, deyə bilmərəm. Ani bir ehtirasa görə də xəyanət edənlər var, bunu bağışlamaq olar.

Mən ümumiyyətlə, kinli, israrlı adam deyiləm. “Ay ölərəm, bu adamı bağışlamaram”, deyən biri də deyiləm. Hətta başqasının bağışlamayacağı adamın da günahından keçmişəm. Demişəm, Allah bilsin. Yəni Allah bağışlayandan sonra biz nəkarəyik? Hər şey fanidir. Kinli ol, yumruğunu vur ki, bu, belə olacaq, onsuz da heç nə olmayacaq. Adam lazımlı yerdə qürurlu olar.

– Təbii ki, insan olaraq günahlardan xali deyilik. Hansı günahının bağışlanması üçün Allaha yalvarmısan?

– Hər dəqiqə Allahla danışıram. Bu, mənim Tanrımla aramda olan söhbətdir. Elə şeylər var dilə gətirə bilmərəm. İçimdə söhbət edirəm, əlimi açıb, bağışlanmağımı istəyirəm.

Cəvahir
Yenicag.az