AFFA jurnalistləri mükafatlandırdı
Dekabrın 4-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatçılığı ilə “Avro-2020”: Bakının təşkilatçılığının ölkəmiz üçün əhəmiyyəti” mövzusunda keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb. ” KİVDF xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov tədbirdə çıxış edərək son illər respublikamızda idmanın müxtəlif növlərinin, o cümlədən futbolun inkişafı istiqamətində görülən işlərdən danışıb. Cari ilin respublikamızın idman ictimaiyyəti üçün əlamətdar olduğunu deyən E.Məmmədov UEFA İcraiyyə Komitəsinin sentyabrın 19-da qəbul etdiyi qərara əsasən, Bakının 2020-ci ildə futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək 13 şəhər sırasında yer aldığını xatırladıb. O, Azərbaycanın namizədliyinin irəli sürülməsi və dəstəklənməsi istiqamətində AFFA tərəfindən həyata keçirilən işlər barədə məlumat verib. Baş katib Azərbaycan üçün mühüm olan bu hadisənin mahiyyətinin ölkə vətəndaşlarına dolğun şəkildə çatdırılması baxımından KİV-lərin rolunu qeyd edib. KİVDF-nin icraçı direktoru Vüqar Səfərli dünyanın diqqət mərkəzində olan müstəqil Azərbaycanın həm də idmanın kütləviləşdiyi, mötəbər beynəlxalq yarışların keçirildiyi ölkə kimi tanındığını bildirib. O, gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işlərinin uğurla davam etdirildiyini vurğulayıb. V.Səfərli müsabiqənin ölkə ictimaiyyətinin diqqətinin bu mühüm idman tədbirinə cəlb edilməsi və fərdi jurnalist yazılarının həvəsləndirilməsi məqsədi daşıdığını bildirib. İyulun 23-dən oktyabrın 15-dək davam edən müsabiqəyə 21 redaksiyadan 24 məqalənin təqdim olunduğunu diqqətə çatdıran Fondun icraçı direktoru yazıların üç ekspert tərəfindən qiymətləndirildiyini söyləyib. Sonra ekspertlər yazılarla bağlı məlumat veriblər. Çıxışlardan sonra qaliblərə diplomlar və pul mükafatları təqdim edilib. Müsabiqədə iştirak edən, lakin qalib olmayan jurnalistlər AFFA tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıb.