ABŞ İran əleyhinə beynəlxalq koalisiya yaratmaq niyyətindədir. Xəbər verdiyimiz kimi belə bir açıqlama ilə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli çıxış edib.
“İrana qarşı və onların etdiklərinin qarşısını almaq üçün koalisiya yaratmağımızın şahidi olacaqsınız”, – deyə N. Xeyli Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib.
Daimi nümayəndə növbəti dəfə Tehranı bu ölkəyə raket istehsalını qadağa edən BMT TŞ-in qətnamələrini pozmaqda, terrorizmi dəstəkləməkdə və bölgədə “aqressiv davranış” nümayiş etdirməkdə ittiham edib.
Görəsən, regionda mövcud olan situasiya fonunda Vaşinqtonun Tehrana qarşı beynəlxalq koalisiya yaratmaq niyyəti gerçəkləşə biləcəkmi?
Məsələni Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli Vaşinqtonun Tehrana qarşı beynəlxalq koalisiya yaratmaq cəhdlərinin bölgədə cərəyan edən hazırkı durumda geniş rezonans doğuracağına şübhə ilə yanaşdı:
“ABŞ İrana qarşı beynəlxalq koalisiya yarada bilər. Onun baş verməsi mümkündür. Amma məsələ ondadır ki, belə bir hərəkət beynəlxalq hüquq normalarına ziddir. Bu nöqteyi-nəzərdən ABŞ-ın həmin istəyi əlbəttə ki, bölgədəki hadisələrə çox mənfi təsir göstərəcək. ABŞ bəzi dövlətləri müəyyən təzyiq və hərəkətlərlə İrana qarşı koalisiyaya qoşulmağa vadar edə bilər. Bu isə istər-istəməz bölgədə gərginliyi daha da artıracaq. Zənnimcə, İrana qarşı Vaşinqtonun atmaq istədiyi bu addımlar indiki halda qonşu dövlətlər və hətta Avropadakı müttəfiqləri tərəfindən də müdafiə edilmir. Yalnız Səudiyyə Ərəbistanı və onun yedəyində olan bəzi dövlətlər Ağ Evin sözügedən addımını dəstəkləyir. Fikrimcə, Qüds hadisəsindən sonra ABŞ-ın İrana qarşı atmaq istədiyi bu addım daha böyük etimadsızlıq yaradacaq və ciddi cavab reaksiyaları olmayacaq”.
ELÇİN
www.yenicag.az