Qida Təhlükəsizliyi Agentliyinin vəzifəli şəxsləri korrupsiyaya görə saxlanılıb.
Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin Yenicag.az-a daxil olan birgə məlumatına görə, Azərbaycan Respublikasında həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf kursunun başlıca prioritetlərindən biri kimi əhalinin sağlamlığının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində reallaşdırılan ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilməkdədir.
Qida təhlükəsizliyi sahəsində şəffaflığın, dürüstlüyün təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin aparılması məqsədilə strateji dövlət idarəetməsinin prinsiplərinə uyğun olaraq, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Qida Təhlükəsizliyi Agentliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə tədbirlərin görülməsi davam etdirilir.
Belə ki, bəzi əməkdaşların ictimai iaşə xidmətləri göstərən ayrı-ayrı fiziki şəxslərə qarşı qanunsuz hərəkətlərə yol verdiyinə dair Qida Təhlükəsizliyi Agentliyinə daxil olmuş məlumatlar əsasında toplanmış materiallar həmin şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış araşdırmalarla Agentliyin Bakı regional bölməsinin heyvan sağlamlığı və baytarlıq nəzarəti bölməsinin sektor müdiri Elvin Nağıyevin həmin sektorun məsləhətçisi Araz Qazıyev ilə cinayət əlaqəsinə girərək paytaxtın Binəqədi rayonu ərazisində qanunsuz heyvan kəsimi ilə məşğul olan Röyal Əliyevin istifadəsində olan ət mağazasının fəaliyyətinin məhdudlaşdırılmamasından ötrü 150 manat və eyni məqsədlə Sabunçu rayonu ərazisində yerləşən Zeytun emalı zavodunun ərazisində antisanitar şəraitdə quş kəsimi ilə məşğul olan Taleh Bəbirovdan 300 manat məbləğində rüşvət almаlarına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanmışdır.
Həmin vəzifəli şəxslərə Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddələri ilə ittiham elan olunmaqla E.Nağıyev barəsində məhkəmənin qərarı ilə həbs, A.Qazıyev barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılaraq təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən ölkə vətəndaşları və sahibkarlara müraciət edərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə və 361-11-76, 361-11-48 nömrələri və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı “Qaynar xətt” əlaqə mərkəzinə və 377-00-77 nömrəli əlaqə telefonları vasitəsilə məlumat vermələrini xahiş edir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluq tərəfindən qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər həyata keçiriləcəkdir.
www.yenicag.az