Ermənistan parlamentində hakim “Vətəndaş Müqaviləsi” (VM) fraksiyası Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı böyük vədlər verdiyi bir vaxtda, əslində, qurum da İrəvana qarşı saymazyana münasibət göstərir.
Yenicag.az xəbər verir ki, bu barədə “Joğovurd” məlumat yayıb.
Erməni nəşri yazır ki, fevralın 12-də Ermənistan parlamenti VM deputatlarının iştirakı ilə 63 lehinə, 7 əleyhinə səslə “Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanması” barədə qanun layihəsini böyük təntənə ilə qəbul edib.
Qəzetin məlumatına görə, bu sənəd parlamentə parlamentdənkənar siyasi qüvvələr tərəfindən təqdim olunmuşdu:
“Hökumətyönlü deputatlar bunu ümidverici bir addım kimi təqdim edərək, ictimaiyyətə Avropaya vizasız girişin açılacağı barədə təəssürat yaratmağa çalışırlar. Lakin reallıq ondan ibarətdir ki, bu qanun layihəsi sadəcə prosesin başlanmasına dair razılıqdan başqa bir şey deyil. Ermənistanın Aİ-yə üzvlük perspektivi isə hələ də qeyri-müəyyən, əksər hallarda isə real olmayan bir məsələ kimi gorunu”.
KİV-in yazdığına görə, qanun layihəsinin qəbulundan iki gün keçməsinə baxmayaraq, Aİ-dən heç bir rəsmi reaksiya gəlməyib:
“Nə Avropa Komissiyası, nə də Avropa Parlamenti fevralın 14-nə – iş gününün sonuna qədər bu məsələyə institusional reaksiya verməyib. Yəni, qanunun qəbulundan 48 saat sonra belə, Aİ-nin heç bir qurumu Ermənistanın Avropaya inteqrasiya niyyətlərini nə dəstəkləyib, nə təbrik edib, nə də hər hansı bir rəsmi mövqe bildirib. Bu isə onu göstərir ki, baş nazir Nikol Paşinyanın bu addımı sadəcə seçkiqabağı Avropaya meylli seçiciləri cəlb etmək üçün növbəti blefdir. Eyni zamanda, bu, populist bir addım kimi görünür və hətta Avropa İttifaqının üzvləri belə buna maraq göstərməyiblər”.
Rafi Müslümov
www.yenicag.az