“Akkord”un sabiq sahibinin milyonluq əmlakları MÜSADİRƏ OLUNDU
“Akkord İnşaat Sənaye” ASC-nin qiyabi olaraq 15 il azadlıqdan məhrum edilən keçmiş sahibi İlqar Hacıyevin Bakıdakı çoxsaylı daşınmaz əmlakları dövlət nəfinə müsadirə edilib.
Yenicag.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin dövlət nəfinə müsadirə edilən aktivləri müəyyənləşdirilib.
Məhkəmənin hökmünə əsasən, aşağıdakı daşınmaz əmlaklar müsadirə olunaraq dövlət balansına keçirilib:
Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən qeyri-yaşayış binası
Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən böyük bağ evləri və mənzillər,Badamdar qəsəbəsində torpaq sahəsi, Yasamal rayonu, Mətbuat prospektində mənzil, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində mənzil.
Məhkəmə həmçinin İlqar Hacıyevin bəzi əmlakları üzərindəki həbs qərarını ləğv edib. Bunlar Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsi və onun üzərindəki 776,7 kv.m sahəsi olan qeyri-yaşayış binasıdır.
Qeyd edək ki, İlqar Hacıyev külli miqdarda dələduzluq və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılmasında təqsirli bilinir. Baş Prokurorluğun dəfələrlə edilən rəsmi çağırışlarına baxmayaraq, o, istintaqa gəlməyib. Ölkəni tərk edərək gizləndiyi üçün barəsində qiyabi hökm çıxarılıb və beynəlxalq axtarışa verilib./unikal/













