!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Alan narazı, satan narazı - "Qurban bazarı"ndan reportaj

!Reklam – Yazi

Sabah Azərbaycanda Qurban bayramı qeyd ediləcək.

Hər zaman olduğu kimi bayram həyacanı bir neçə gün öncədən başlayır. Düzdür, hər kəs bayramı cibinə uyğun olaraq keçirir. İmkanı olan heyvan alıb kəsir, olmayansa mağazalardan ət.

Yenicag.az-ın reportyor qrupu qurbanlıq heyvanların satıldığı ərazilərdə olub.

Uşaq olandan belə bir söz eşitmişik ki, əgər Qurban bayramı zamanı evdə ət bişməzsə, həmin evdə 7 il ət olmayacaq. Bəziləri bu inanc gərəyi, bəziləri isə bayramı dərk edərək qurban kəsir. Bakı şəhərinin bir neçə ərazisində qurbanlıq heyvanların satıldığı yerlərdə olduq. İnşaatçılar metro stansiyasının yaxınlığından 20 yanvara qədər yol boyu setkalar çəkilib, qoyun-quzular öz alıcılarını gözləyirlər.

Qida Təhlükəsizliyi Agentliyinin tövsiyə və metodiki dəstəyi ilə Qurban bayramında əhalinin rahat və sanitar-gigienik normalara uyğun şəraitdə heyvan kəsimini və qurbanlıq ət almalarını təmin etmək üçün yerlərdə müvəqqəti kəsim məntəqələri yaradılıb. Bu məntəqələrlə yanaşı yerli İcra Hakimiyyətləri tərəfindən təşkil olunan müvəqqəti kəsim məntəqələri də fəaliyyət göstərəcək.

Bayram günlərində heyvan kəsimi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər əvvəlcədən yerli icra hakimiyyəti orqanlarına müraciət edə bilərlər.

Olduğumuz ərazidə heyvanların sayının çoxluğu elə təəssürat yaradır ki, bura Qida Təhlükəsizliyi Agentliyinin tövsiyə etdiyi yerlərdən biridir. Ancaq satıcılarla söhbət zamanı məlum olur ki, kim gəlib, hara düşübsə, oraya setka çəkib içərisinə heyvanları yerləşdirib. Elə yolun kənarındaca kəsilmə xidməti də göstərilir.

Açığı, yol boyu əhalinin hər hansı narazılığı ilə rastlaşmadıq. Maşını saxla, qurbanlıq al, get. Sanitar-gigienik normalara gəldikdə isə, bu barədə düşünməyə dəyər. Heyvanlar yolun kənarında, toz-torpağın içində kəsilir, su isə təbii ki, yoxdur.

Gələk qiymətlərə. Qiymətlər heyvanın çəkisinə uyğun olaraq 80 manatdan, 250 manata qədər dəyişir. Hazır satılan ətlər də müxtəlif qiymətədir. Bəziləri kilosu 11, bəziləri isə 13 manata quzu əti satırlar.

Alıcılıq qabiliyyəti isə demək olar ki, yox səviyyəsindədir. Ərazidə olduğumuz müddətdə bir baş quzu alan görmədik. Hər kəs qiyməti soruşub keçir. Alıcılar qiymətin baha olmasından, satıcılar isə əksinə qiymətin əvvəlki illərə nisbətən ucuz olub, əhalidə pulun olmamasından gileylənirlər.

Malik adlı Beyləqandan bir kamaz quzu gətirən şəxslə söhbət edirik. Deyir, 28 ildir ki, bu işlə məşğuldur, ancaq ilk dəfədir bu qədər “ölü bazar”la qarşılaşır:

“Hələ belə zəif alıcılıq qabiliyyəti olduğunu xatırlamıram. Vaxt var idi, bayrama 1 gün qalmış çoxlu sayda quzu satardıq, ancaq indi hələ heç siftə eləməmişik. Qınamıram, camaatda pul yoxdur. Hamı baxır, ancaq cibində pul olmadığı üçün keçib gedir”.

Gəlini üçün qurbanlıq axtaran İlhamə adlı qadın isə, qiymətlərdən narazılıq edir:

“Qiymətlər çox bahadır. Oğlum nişanlıdır, gəlinimlə bayramlaşmaq üçün quzu almalıyam, ancaq cibimizə uyğun heyvan tapmırıq. Aldığımız maaş hara, bazardakı qiymətlər hara”.

Heyvanları satış üçün gətirənlər bu il ziyana işləcəklərini düşünürlər. Onların sözlərinə görə, bu il gətirdikləri heyvanların bəlkə də yarısını geri qaytarmalı olacaqlar.

Satıcılardan aldığımız məlumata görə, satış üçün gətirilmiş heyvanlar daha çox Füzuli, Beyləqan və Bərdədən gətirilib.

Alan narazı, satan narazı… Bazarda bayram ab-havasından daha çox sanki məcburi əməyə cəlb edilmiş insan üzləri görünür.

Hər şeyə rəğmən Qurban bayramınız mübarək!

Səxavət Məmməd
Fotolar: Həşim Səhrablı

COP29

www.yenicag.az

4295
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv