Aleksey Overçuk: “Aİİ qlobal cənub bazarlarına ixrac üçün yaxşı fürsətdir”

media-hightechnic-468x90

Mayın 29-da Qazaxıstanın paytaxtı Astanada işə başlayan beynəlxalq konfransda çıxış edən Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Avrasiya İqtisadi İttifaqı (Aİİ) Qlobal Cənub bazarlarına ixracı təşviq etmək üçün üzv dövlətlərə geniş imkanlar təqdim edir.

Yenicag.az xəbər verir ki, bu barədə “Sputnik” nəşri məlumat yayıb.

Overçukun sözlərinə görə, Aİİ azad ticarətə dair bir sıra razılaşmalarla artıq vahid bazar formalaşdırıb. O qeyd edib ki, ittifaqın Vyetnam, Serbiya və mayın 15-dən etibarən İranla azad ticarət razılaşmaları qüvvəyə minib. Nəticədə təxminən 190 milyon əhalisi olan geniş bir iqtisadi zona yaranıb.

Rusiya rəsmisi həmçinin Avrasiya nəqliyyat şəbəkəsi çərçivəsində beynəlxalq nəqliyyat dəhlizlərinin uyğunlaşdırılması sisteminin yaradılmasının əhəmiyyətini vurğulayıb. O, xüsusilə “Şərq-Qərb” və “Şimal-Cənub” marşrutları üzrə yeni logistik yolların inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.

“Çox maraqlı və strateji əhəmiyyətli marşrutlardan biri İran və Əfqanıstan ərazisindən keçməklə Şimali və Cənubi Avrasiya arasında quru əlaqəsi yaradacaq. Bu, bizi Pakistana bağlayacaq. Biz həmçinin istəyirik ki, Pakistan və Hindistan arasında münasibətlər normallaşsın ki, Rusiya, Pakistan və Hindistan arasında dəmir yolu əlaqəsi qurmaq mümkün olsun. Bu istiqamətdə hazırlıq işləri aparılır”, – deyə Overçuk bildirib.

Qeyd edək ki, bu gün – mayın 29-u Avrasiya İqtisadi İttifaqının yaradıldığı gündür. 2014-cü ildə məhz bu tarixdə Rusiya, Belarus və Qazaxıstan prezidentləri Aİİ-nin yaradılması haqqında müqavilə imzalayıblar. Sənəd 2015-ci il yanvarın 1-dən qüvvəyə minib. Hazırda ittifaqın üzvləri Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan və Ermənistandır. Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin məlumatına görə, Aİİ bazarının ümumi daxili məhsulu 2 trilyon dollardan çoxdur.

Astanada keçirilən beynəlxalq forum isə qlobal dəyişikliklər fonunda beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunub. Tədbir iqtisadiyyat, iqlim və dövlətlərarası münasibətlər mövzularına fokuslanıb. Konfransda 7000-dən çox iştirakçı, o cümlədən Avropa, Mərkəzi Asiya, Yaxın Şərq və Afrika ölkələrindən 160-dan çox spiker iştirak edir. Tədbirə dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, iri şirkətlərin nümayəndələri, siyasətçilər və ekspertlər qatılıblar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600