“İnsanları bu qədər evə qapatmaq olmaz, nə qədər adam ailəsini günəmuzd qazandığı beş manatla dolandırır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında bir qrup alim və ziyalının koronavirusla mübarizəyə dair Operativ Qərargaha ünvanladığı təkliflərə münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.
Partiya sədrinin sözlərinə görə, müraciət müəliflərinin bir sıra təklifləri gecikmiş olmaqla yanaşı, həm də cəmiyyətdəki gərginliyi artırmağa yönəlib:
“Az qala, altı aydır ki, dünyada da, Azərbaycanda da koronavirusla mübarizə aparır. Bu alimlərin indi yadlarına düşür ki, durub nəsə təklif versinlər. Təklifləri də nəyəsə yarasa…
Onların yazdıqlarının çoxu hansısa formada ya deyilib, ya da ki o işlər artıq görülür. Bu alim dediklərimizin təkliflərinin içində ən qəbulolunmazı xidmət sferasında məhdudiyyətlərin sentyabrın 15-nə kimi saxlanılması ilə bağlıdır.
Yəni xalq bundan sonra az daha ayyarım evə qapanmış vəziyyətdə qalsın… Hamı bilir ki, çox sayda insan kafelərdə qab yuyaraq, başqa günəmuzd işlərdə çalışaraq qazandığı beş manatla ailəsini dolandırır, həmin yerlər də ki xeyli vaxtdır, işləmir. O qədər adam neyləsin? Evində acından ölsün? Eyni zamanda, o 190 manat yardım da dayandırılır… Görünür, bu təklifi verənlərin cibləri doludur. Başqalarının nə vəziyyətdə yaşadıqlarını ya bilmirlər, ya da onlara maraqlı deyil.
Mən hesab edirəm ki, bütün qoruyucu tədbirlərə riayət etmək şərtilə, məhdudiyyətlər aradan qaldırılmalıdır. Qoy insanların sərbəst hərəkəti, fəaliyyəti bərpa edilsin. Bu qədər də olmaz axı…”
Aqil Bəkir
www.yenicag.az